AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də apardığı uzaqgörən və məqsədyönlü siyasətin nəticəsində ordumuzun döyüş hazırlığı, maddi-texniki bazası və təminatı ən yüksək səviyyəyə çatdırılıb. Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasında yer alır. Hərbi hissələrdə yaradılan müasir infrastruktur və ən son texnologiyalara əsaslanan təminat dövlətin hərbi qulluqçulara göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Sosial və məişət şəraitinin davamlı şəkildə yaxşılaşdırılması isə şəxsi heyətin xidmət və döyüş hazırlığının daha səmərəli təşkilinə əhəmiyyətli töhfə verir.
"N" hərbi hissəsində şəxsi heyətin gündəlik fəaliyyəti, sosial-məişət şəraiti və təminat növləri haqqında məqalələr hazırlayarkən bunun bir daha şahidi olduq. Hərbi hissəyə daxil olduğumuz ilk andan ətrafdakı təmizlik, müasir tipli binalar, şəxsi heyətlə təlimlərin, fiziki, sıra hazırlığı və digər məşğələlərin keçirilməsi üçün ayrılan yerlər göz oxşayırdı. Bir sözlə, hərbi xidmətə gələn gənclərin hazırlıqlı əsgərlər kimi formalaşması üçün hər cür şəraitin olduğu görünürdü.
Hərbi hissənin ərazisi ilə tanış olduqdan sonra əsgər yataqxanasına yollandıq. Yataqxanada təmizlik, səliqə-sahman qaydasında idi. İçəridə lazımi bütün avadanlıqlar gözə dəyirdi, təzə çarpayılar, təmiz yataq dəstləri, yun adyallar, əl-üz dəsmalları, şəxsi dolablar və gigiyenik vasitələr.
"Şəxsi heyət gündəlik olaraq, növbəli şəkildə yataqxananın təmizliyi və səliqəsi ilə məşğul olurlar", - deyə gizir Emin Ağayev bildirdi. Sözlərinə davam edən gizir dedi: "Burada əsgərlərin istirahəti, asudə vaxtlarını səmərəli keçirilməsi və şəxsi gigiyena qaydalarına riayət olunması üçün hər cür şərait yaradılıb. Valideynlər əmin ola bilərlər ki, övladları əmin əllərdədir. Heç nədən korluq çəkmədən, müasir avadanlıqlarla təchiz edilmiş bölmələrdə xidmət edirlər və hər zaman qayğı ilə tam əhatə olunurlar".
Emin Ağayevlə söhbətimizi yekunlaşdırıb çarpayıları səliqəyə salan əsgərlərlə salamlaşdıq. Onlar da yaradılan şəraitdən və təminatlarından razılıq etdilər. "Gördüyünüz kimi, sosial-məişət şəraitimiz yüksək səviyyədədir. Bizə göstərilən bu qayğıya görə bütün silahdaşlarımız adından Ali Baş Komandanımıza minnətdarlığımızı bildiririk. Bizə olan etimadı doğrultmaq üçün səylə çalışır, nümunəvi xidmət edib, vəzifələrimizin öhdəsindən bacarıqla gəlməyə can atırıq. Günün nizam qaydalarına uyğun olaraq bütün fəaliyyətlərimiz səmərəli təşkil olunur. Hərbi sirlərə və vərdişlərə yiyələnirik, fiziki hazırlığımızı artırırıq. Həmçinin istirahət vaxtlarında yataqxanadakı televizorda həm ölkədə, həm də xaricdə baş verən vacib hadisələri izləyir, Ali Baş Komandanımızın çıxışlarını dinləyirik", - əsgər Elşən Əlimov bildirdi.
Qalib və yenilməz ordunun əsgəri olmaqdan qürur duyduğunu bildirən əsgər Taleh Əliyev də düşüncələrini bizimlə bölüşdü. Yaradılan müasir şəraitin və göstərilən diqqətin mənəvi-psixoloji hazırlıqlarına müsbət təsir etdiyini, ruh yüksəkliyi aşıladığını qeyd etdi. "Vətənə övladlıq borcunu yerinə yetirmək, qalib ordumuzun sıralarında xidmət etmək hər birimiz üçün böyük sevincdir. Təminatlarımızın və şəraitimizin də yüksək olması xidmətimizi uğurla yerinə yetirməyimizə zəmin yaradır. Hər birimizin məqsədi nümunəvi xidmət edib ailəmizin yanına başıuca qayıtmaqdır".
Gözoxşayan şəraitlə bərabər, gənclərin qətiyyətli düşüncələrini dinlədikcə qürurlanırdıq. Azərbaycan gəncinin vətənpərvərliyinin, Vətənimizin müdafiəsində mətin dayandıqlarının bir daha şahidi olduq. Digər otaqda saç düzümlərini və mundirlərini səliqəyə salan əsgərlər növbəti günə hazırlaşırdılar. Hərbi xidmətin onlara aşıladığı müsbət keyfiyyətlərdən birinin də səliqəli olmaq, üst-başlarını həmişə təmiz saxlamaq olduğunu dedilər.
"Hərbi xidmət bizə hərbi bilik və vərdişlərlə yanaşı, bir çox üstün keyfiyyətlər aşılayır. İdmanı sevdirir, çalışqanlığı, zəhmətkeşliyi, həmçinin təmizkarlığı, səliqəli və intizamlı olmağı öyrədir. Möhkəm iradə formalaşdırır. Bir sözlə, hər bir gənc bu məktəbi keçməlidir. Şahidi olursunuz ki, hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşuq. Keçirilən məşğələlərdə fəal iştirak edir, təcrübəli komandirlərimizdən bilik və bacarıqları öyrənirik. Qalib ordumuzun sıralarında layiqli əsgərlər olmaq üçün var gücümüzlə çalışırıq", - deyə əsgərlər söylədilər.
Söhbətləşdiyim əsgərlərin yüksək əhvali-ruhiyyəsi, hərbi xidmətə rəğbətləri, ordumuza ürəkdən bağlılıqları bir daha göstərir ki, rəşadətli Azərbaycan Ordusunun gücü onun əsgərlərinin Vətən sevgisindədi.
Ordumuzun istənilən bölməsində dövlət başçısının və ordu rəhbərliyinin diqqət və qayğısı nəticəsində əsgərlərin məişət şəraitinin sosial təminatının yüksək səviyyəyə çatdırıldığının bir daha şahidi olduq. Belə müasir şərait Vətənin müdafiəsində dayanan şəxsi heyətin mənəvi-psixoloji hazırlığına müsbət təsir edir, döyüş ruhunu yüksəldir və onların nümunəvi xidmət əzmini daha da gücləndirir.
Şəlalə CAMAL
"Azərbaycan Ordusu"