AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanda elə bir ailə, elə bir nəsil yoxdur ki, Qarabağ müharibəsinin acısını dadmasın. "N" hərbi hissəsində görüşüb həmsöhbət olduğum polkovnik-leytenant Rəşad Əmrah oğlu Mamedov müharibənin acısını ən çox çəkənlərdəndir. Rəşad Kəlbəcərin İstisu qəsəbəsində anadan olub. Onun uşaqlıq illəri ermənilərin Azərbaycana qarşı ərazi iddialarının irəli sürdüyü, daha sonra isə müharibə illərinə təsadüf edir.
1993-cü ilin yazında Kəlbəcər erməni silahlı birləşmələri tərəfindən işğal ediləndə Rəşadgilin ailəsi də doğma eli tərk etməli olub. Əsas yollar erməni silahlı quldur dəstələri tərəfindən bağlanmışdı. Kəlbəcərlilər qarlı, keçilməz yollara üz tutdular. O zaman Rəşadın atası Əmrah da Murovdağdan keçə bilməyib qarlı havada donaraq vəfat etdi. Ailəsi isə Gəncə şəhəri Gülüstan qəsəbəsinə pənah gətirdi. 7 yaşlı Rəşadın yaddaşında erməni vəhşiliyi bax beləcə dərin iz buraxdı. Böyüyəndə düşməndən qisas alacağını düşündü.
Bir yandan köçkünlük, bir yandan da atasız həyat Rəşadı sanki sınağa çəkmişdi. Bu sınaqdan üzüağ çıxmağa çalışırdı. İllər ötdükcə Rəşad böyüyür, böyüdükcə gələcək barədə düşünürdü. Doğulduğu və uşaqlıq illərini qoyub gəldiyi Kəlbəcər üçün çox darıxırdı. Doğma yurdun erməni işğalı altında qalmasına dözmək onun üçün çətin idi. Rəşad 8-ci sinfi bitirəndən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxumaq qərarına gəldi. Anasına bu haqda öz istəyini bildirdi. Ana da oğluna xeyir-dua verib uğurladı. 2001-ci ildə Rəşad arzu etdiyi Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul oldu.
Rəşad Mamedovun arzusu zabit olmaq və erməni işğalı altında olan torpaqlarımızı azad etmək idi. Bunun üçün mütləq yaxşı oxuyub, praktikada təcrübə toplayaraq, döyüşdə düşmənə ağır artilleriya zərbələri endirib qisas almağı düşünmüşdü. 2004-cü ildə Rəşad indiki Heydər Əliyev adına Hərbi İnstitutunun "Yerüstü artilleriya" fakültəsinə qəbul oldu. Rəşad artilleriya silahları haqqında daha müfəssəl biliklər toplamağa çalışdı. 2008-ci ildə gənc "leytenant" Təlim və Tədris Mərkəzində bir il “Zabit ixtisas hazırlığı” kursu da keçib. Daha sonra o, təyinatla "N" hərbi hissəsində artilleriya batareyasının taqım komandiri vəzifəsinə təyin olunub.
Rəşad zabit kimi xidmətə başladığı gündən qarşıya məqsəd qoydu ki, tabeliyində olan şəxsi heyətə hərbi təhsil illərində mənimsədiyi bilik və bacarıqlarını aşılasın. Onların qayğısına qalmaqla, döyüş vərdişlərini artırsın. Ali Baş Komandanın verdiyi döyüş əmrinə hər an müntəzir olsun. Beləliklə, Rəşad bütün varlığı ilə tabeliyində olanlara qayğı göstərir əsgərlərə bilik və bacarıqları aşılamaqdan qürur duyurdu. 2016-cı ilin Aprel döyüşləri başlayanda Rəşadın komandiri olduğu tank əleyhinə batareya Füzuli-Cəbrayıl istiqamətində düşmənə sarsıdıcı zərbələr endirirdi.
İkinci Qarabağ müharibəsi zamanı Rəşad düşmənlə təmas xəttində yerləşən hərbi hissənin artilleriya xidməti üzrə məsul zabitlərindən olub. Döyüş zamanı artilleriya bölmələrini bacarıqla idarə edib. 44 gün çəkən müharibəni Rəşad belə xatırlayır: “Düşmənlə üz-üzə xidmət edirdim. 2020-ci ilin iyulun əvvəlindən cəbhədə vəziyyət daha da gərginləşdi. Ermənistanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən hücuma keçdi. Döyüşçülərin sayıqlığı nəticəsində onlar itki verərək geri çəkildilər. Bizim də müdafiə etdiyimiz istiqamətdə mövqeləri düşmən artilleriya silahlarından atəşə məruz qoyurdu. Cavab atəşindən sonra düşmən susurdu. Sentyabrın sonuna yaxın yenə düşmən cəbhədə təxribata əl atdı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev orduya əks-hücum əmri verdi. Bundan sonra tabeliyimdə olan artilleriya bölmələri tam gücü ilə döyüşə qatıldı. Düşmənə ilk zərbələri bizim bölmələrimiz endirdi. Çünki müdafiədə olduğumuz üçün bölmələrin əvvəlcədən müəyyən etdiyi hədəflər mövcud idi. Həmin nöqtələrdən düşmən aramsız atəş açırdı. Topçularımızın səlis atəşi nəticəsində düşmən susmağa məcbur olurdu. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd, Ağdam rayonlarının azad edilməsi istiqamətində bölmələrimiz uğurlu hərbi əməliyyatlar keçirdi. Hər kənd, şəhər düşməndən azad edildikcə qürur duyurdum. Kəlbəcərin də azad ediləcəyi günün yaxınlaşdığını düşünüb sevinirdim. Bu mənə və döyüşçülərə ruh verirdi”.
Rəşad Mamedov İkinci Qarabağ müharibəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, "Vətən uğrunda", "Şücaətə görə", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub. Rəşad "Qisas" əməliyyatında da iştirak edib. Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanıb.
Müharibə bitsə də, artilleriyaçılar döyüş hazırlıqlarını daim artırırlar. Polkovnik-leytenant Rəşad Mamedov tabeliyində olan şəxsi heyətin qayğısına qalır, daima onların döyüş hazırlığının yüksəldilməsinə çalışır.
Otuz ilə yaxın erməni işğalı altında qalmış doğma Kəlbəcər, İstisu qəsəbəsi artıq azaddır. Zamanında elindən, obasından köçkün düşməyə məcbur olmuş soydaşlarımız kimi, Rəşad da ailəsi, yaxınları ilə ata-baba yurduna qayıdacağı günü səbirsizliklə gözləyir. Qarabağın və digər ərazilərin azad edilməsi naminə hər cür çətinliyə qatlaşan döyüşçü artıq arzusuna çatıb. Həmsöhbət olduğum zabitin sanki üzərindən böyük bir yük götürülüb. Şərəfli hərbi xidmət Rəşad üçün heç də asan olmayıb. Onda bir yorğunluq duyuram. Arzusu Kəlbəcərə köçüb orada yaşamaq və dincəlməkdir. Dəyərli döyüşçüyə uğurlar diləyi ilə ayrıldıq.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"