Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 May 2026 13:35

Tarixi yaddaş və birliyin təntənəsi

XX əsr bəşəriyyətin yaddaşında yalnız elmi-texniki tərəqqi ilə deyil, eyni zamanda, ən ağır və sarsıdıcı müharibələrlə də iz qoymuşdur. Bu dövrün ən faciəli hadisələrindən biri olan İkinci Dünya müharibəsi xalqların taleyini dəyişdirən, dövlətlərin siyasi xəritəsini yenidən formalaşdıran tarixi sınaq idi. Faşizm təhlükəsi təkcə müəyyən regionları əhatə etmirdi, bütövlükdə o, dünya sivilizasiyasına qarşı yönəlmişdi. Bu müharibə yalnız silahların toqquşması deyil, həm də insan iradəsinin və birliyin sınağı idi. Belə bir təhlükənin qarşısının alınması isə yalnız vahid iradə, güc və fədakarlıq sayəsində mümkün oldu.
1941-ci ilin iyununda Sovet İttifaqına qarşı başlayan müharibə qısa müddətdə geniş miqyas alaraq milyonlarla insanın həyatını alt-üst etdi. Faşizm təhlükəsi yalnız müəyyən ölkələr üçün deyil, bütün bəşəriyyət üçün real təhlükəyə çevrildi. Bu şəraitdə Sovet ittifaqının tərkibində olan digər xalqlar kimi Azərbaycan xalqı da vahid məqsəd ətrafında birləşərək mübarizəyə qalxdı. Qısa müddətdə minlərlə insan könüllü və ya səfərbərlik yolu ilə cəbhəyə yollandı. Onların hər biri Vətənin müdafiəsini özünün ən ali borcu hesab edir, döyüş meydanlarında misilsiz qəhrəmanlıq nümunələri göstərirdi.
Belə dəhşətli müharibə illərində Azərbaycandan 600 mindən çox insan cəbhəyə yollandı. Bu rəqəm o dövr üçün son dərəcə böyük göstərici idi və xalqın mübarizəyə nə dərəcədə səfərbər olunduğunu açıq şəkildə göstərirdi. Onların yarıdan çoxunun geri qayıtmaması isə qələbənin necə ağır şəraitdə əldə olunduğunu bir daha sübut edir. Bu, sadəcə statistika deyil - hər biri bir ailənin itkisi, bir ocağın sönməsi demək idi.
Azərbaycanlı döyüşçülər müharibənin ən çətin və qızğın istiqamətlərində vuruşurdular. Moskva uğrunda döyüşlərdə, Stalinqrad küçə döyüşlərində və Berlin əməliyyatında onların iştirakı xüsusi əhəmiyyət kəsb edirdi. Bu döyüşlərdə qazanılan təcrübə və göstərilən şücaət faşizmin məğlubiyyətində mühüm rol oynadı.
Bu döyüşlərdə tank qoşunlarının görkəmli sərkərdəsi Həzi Aslanovun adı Azərbaycan hərb tarixində xüsusi yer tutur. Onun rəhbərlik etdiyi hərbi hissələr ən mürəkkəb əməliyyatların öhdəsindən uğurla gələrək, düşmənin müdafiə xəttini yarırdı. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi onun hərbi məharətinin və şəxsi cəsarətinin bariz nümunəsi idi.
İsrafil Məmmədov da göstərdiyi igidliklə Azərbaycan əsgərinin döyüş ruhunun simvoluna çevrildi. 
"Mixaylo" ləqəbi ilə tanınan partizan Mehdi Hüseynzadə isə düşmən arxasında həyata keçirdiyi əməliyyatlarla özünəməxsus yer tutdu.
İkinci Dünya müharibəsi yalnız silahlı qarşıdurma deyildi. O, eyni zamanda, iqtisadiyyatın, sənayenin və arxa cəbhənin gücünün sınağı idi. Məhz bu baxımdan Azərbaycanın rolu xüsusi əhəmiyyət kəsb edirdi. Respublika qısa müddətdə hərbi sənaye mərkəzlərindən birinə çevrildi. Zavod və fabriklər mülki istehsaldan hərbi istehsala keçərək ordunun ehtiyaclarını ödəməyə başladı. Burada müxtəlif növ silah-sursat, hərbi texnika üçün ehtiyat hissələri və digər vacib ləvazimatlar istehsal edilirdi. Azərbaycanın strateji əhəmiyyətini artıran əsas amillərdən biri isə onun zəngin enerji ehtiyatları idi. Neft sənayesi fasiləsiz fəaliyyət göstərərək, cəbhənin yanacaq təminatında həlledici rol oynayırdı. Tankların, təyyarələrin və digər hərbi texnikanın döyüş qabiliyyəti məhz birbaşa bu təminatdan asılı idi. Bu baxımdan Bakı nefti müharibənin gedişinə təsir edən əsas faktorlardan biri idi. Bu nefti həm də faşizm üzərində qələbənin əsas amillərindən biri hesab etmək düzgün olardı. Müharibə dövründə Sovet ordusunun istifadə etdiyi yanacağın böyük hissəsi, məhz Bakıdan təmin edildiyinə görə Almaniyanın Qafqaz planında buranın əsas hədəf kimi göstərilməsi təsadüfi deyildi. 
Müharibə vaxtı arxa cəbhədə qadınların rolu xüsusilə qeyd olunmalıdır. Onlar həm ailə yükünü daşıyır, həm də istehsalatda fəal iştirak edirdilər. Ziba Qəniyeva kimi qadın döyüşçülər isə birbaşa cəbhədə iştirak edərək, faşistlərə ciddi zərbələr endirirdi. Eyni zamanda, bir çox qadınlar könüllü olaraq, cəbhəyə yollanıb tibb xidmətində, rabitə və digər mühüm sahələrdə xidmət göstərirdilər, onların səyi sayəsində yaralı əsgərlər xilas edilir, rabitə əlaqələri qorunurdu. Bu, Azərbaycan qadının gücünü və iradəsini bir daha sübut edirdi. 
Gənclər də bu mübarizədə fəal iştirak edirdilər. Onlar həm cəbhədə döyüşür, həm də arxa cəbhədə məsuliyyətli vəzifələri yerinə yetirirdilər.  Müharibə nə qədər dəhşətli olsa da, onların iradəsi qorxularına təslim olmayacaq qədər güclü formalaşmışdı. Bu, xalqın gələcəyinin etibarlı əllərdə olduğunu göstərirdi. 
Müharibənin taleyini dəyişən əsas döyüşlərdən biri Stalinqrad döyüşü oldu. Burada əldə olunan qələbə faşist ordusunun geri çəkilməsinə səbəb oldu. Ardınca Kursk döyüşü və Berlin əməliyyatı müharibənin sonunu yaxınlaşdırdı. 
1945-ci il mayın 9-da faşizm üzərində əldə olunan Qələbə tarixə qızıl hərflərlə yazıldı. Bu qələbə milyonlarla insanın həyatına son qoysa da eyni zamanda, azadlıq və ədalətin bərpasını təmin etdi. Azərbaycanlı döyüşçülərin bir çoxu yüksək dövlət mükafatlarına layiq görüldülər. Həmin qəhrəmanlar, yalnız döyüş meydanında deyil, həm də mənəvi dəyərlərin qorunmasında da mühüm rol oynamışlar.
Müharibə illərində Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirdi. İnsanlar bir-birinə dayaq olur, çətinlikləri birlikdə dəf edirdilər. Bu birlik faşizm üzərində qələbənin əldə olunmasında əsas amillərdən biri idi. Çünki güclü cəmiyyət, yalnız iqtisadi və hərbi resurslarla deyil, eyni zamanda, mənəvi dəyərlərlə formalaşır. 
Azərbaycan Ordusu bu gün regionun ən güclü orduları sırasındadır. Onun peşəkarlığı, döyüş hazırlığı və texniki təminatı daim təkmilləşdirilir. Ordunun gücü yalnız texniki imkanlarla məhdudlaşmır, burada ata və babalarının qəhrəmanlıq yolunu davam etdirən şəxsi heyətin mənəvi hazırlığı da əsas rol oynayır.
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi bu gün də ən aktual məsələlərdən biridir. Tarixin öyrənilməsi, qəhrəmanların tanıdılması və onların həyat yolunun təbliği bu istiqamətdə mühüm rol oynayır. 
81 il ötür, zaman dəyişir, nəsillər yenilənir, amma faşizm üzərində qələbənin əhəmiyyəti dəyişmir. Tarix yaşadıldıqda gücə çevrilir. İkinci Dünya müharibəsində qazanılan qələbə bizim üçün sadəcə keçmiş deyil, bu, milli kimliyimizin bir parçasıdır. Və bir həqiqət də dəyişməz olaraq qalır: xalq qəhrəmanlarını unutmadıqca onun qəhrəmanlığı əbədidir.

Hüsniyyə NƏSİROVA
"Azərbaycan Ordusu
"