AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ümummilli Lider Heydər ƏLİYEV:
Vətənə məhəbbət, xalqa məhəbbət mənim beynimdədir, qanımdadır, bütün varlığımdadır. Heç nə, heç kim, heç bir qüvvə bu məhəbbəti məndən ala bilməz.
Hər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün mühüm şərtlər onun milli iradəyə və liderə malik olmasıdır. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət, dünyanın görkəmli dövlət xadimlərindən biri Ulu Öndər Heydər Əliyev olduqca mürəkkəb dövrdə bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında öz layiqli yerini tutmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya şəklində qalan milli dövlətçilik düşüncəsini məhz ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla, əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, qurub yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır", - deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyuldu, respublikamız inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxdı. Bu baxımdan Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın taleyində daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixi, milli özünüdərkin başlanğıcı kimi qəbul olunur. Həmin tarixdən başlayaraq respublikamızın bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoydu. 70 ildən artıq sovet rejimi şəraitində yaşayan Azərbaycan itirilmiş azadlığını qaytarmaq, dövlət müstəqilliyini bərpa etmək amalı ilə yaşamış, uzun illər boyu imperiya idarəçiliyinin siyasi və ideoloji təzyiqlərinə məruz qalmasına baxmayaraq, öz dilini və dinini qorumuş, milli mədəniyyətini inkişaf etdirmiş, müttəfiq respublika şəklində də olsa öz dövlətçiliyini saxlamışdır.
Ümummilli Liderin ilk hakimiyyəti illərində bu proseslər daha geniş vüsət almış, ölkə iqtisadiyyatının möhkəmləndirilməsi, dövlət quruculuğu, mədəni və mənəvi yüksəliş sahəsində mühüm işlər görülmüşdür. Bu dövrdə Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrildi. Müstəqilliyə qovuşmaq məqsədi ilə reallaşdırılan həmin tədbirlər nəticəsində milli varlığımız, azərbaycançılıq ideyası qorunub saxlanıldı.
Dövlətin əbədi mövcud olması üçün güclü ordunun olması da vacib idi. Odur ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda ordu quruculuğunun da təməli qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış və yalnız Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlanmışdı. Ümummilli Liderin təşəbbüsü ilə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Liseyin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrlarının hazırlanmasına gətirib çıxardı. C.Naxçıvanski adına Hərbi Lisey Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Sonralar Ulu Öndər deyirdi: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm". Ulu Öndərin bu sahəyə qayğısı sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail olundu. Dahi Liderin təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli ordusunun peşəkar komandan heyətini təşkil etdi.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o zamankı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Xalqımızı nicata aparan yol bilavasitə həmin günlərdən başlandı. Müstəqilliyimizin ilk illərində mövcud ictimai-siyasi gərginlik digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğursuzluqlara səbəb oldu. Milli ordunun yaradılması qarşıya qoyulan ən vacib məsələlərdən biri idi.
1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Bu dövrdə Azərbaycanda ciddi siyasi böhran yaranmışdı. Demək olar ki, ölkəmiz vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Ulu Öndər ölkəni hərc-mərclikdən, xaosdan, parçalanmaq təhlükəsindən xilas etdi. Azərbaycan xalqını canı qədər sevən Dahi Lider Heydər Əliyev müstəqil dövlətin möhkəmlənməsi üçün zəruri islahatlar apardı. Ölkədə separatçılıq və anarxiyanın qarşısı alındı, bütün sahələr kimi, ordu quruculuğuna da start verildi. Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ordunun yenidən təşkili, ordu quruculuğu sahəsində peşəkarlığın artırılması və maddi-texniki təminatın gücləndirilməsi istiqamətində bir sıra islahatlar həyata keçirildi. Ordu quruculuğu ölkədə güclü və peşəkar ordunun yaradılmasını prioritet istiqamətlərindən biri kimi əsaslandırdı. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı 2016-cı ilin Aprel döyüşləri, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qazanılmış tarixi Zəfərimizin başlanğıcı oldu. Ümummilli Lider Heydər Əliyev çıxışlarının birində qeyd edirdi: "... Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu - respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır".
Dahi şəxsiyyət Heydər Əliyev qısa zaman ərzində hüquqi islahatlar həyata keçirərək beynəlxalq aləmdə də Azərbaycanın nüfuzunu artırdı. Ulu Öndər Heydər Əliyevin strateji baxışlarından biri də Azərbaycanın iqtisadi müstəqilliyini təmin etmək idi. Bu baxımdan 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı. Azərbaycanın zəngin təbii ehtiyatları beynəlxalq investorlara açıldı, ölkə Cənubi Qafqazın enerji mənbəyinə çevrildi. Bu müqavilə həm iqtisadi, həm də siyasi müstəqilliyin möhkəmlənməsinə gətirib çıxardı. Beynəlxalq təşkilatlara üzvlük, xarici siyasət, hüquqi dövlət quruculuğu və milli həmrəyliyin bərpası məhz həyata keçirilən prioritet islahatların bariz nümunəsidir.
Azərbaycanın müstəqilliyinin qazanılması böyük tarixi hadisə olsa da, bu müstəqilliyi qorumaq və onu möhkəmləndirmək daha çətin və məsuliyyətli iş idi. Bu ağır, tarixi missiyanın öhdəsindən gələn və onu öz üzərinə götürən şəxs məhz Ümummilli Lider Heydər Əliyev oldu. Ulu Öndər müstəqil Azərbaycanın memarı, dövlətçilik ənənələrinin bərpasının və müasir dövrə uyğun inkişafının əsasını qoyan dahi şəxsiyyət kimi tarixə düşdü. Onun "Müstəqillik bizim ən böyük sərvətimizdir" kəlamı bu gün də Azərbaycan dövlətinin ideoloji əsaslarından biridir.
Azərbaycan dövlətinin sabitliyi, iqtisadi inkişafı və beynəlxalq nüfuzunun artması birbaşa olaraq Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi ilə bağlıdır. 2003-cü ildə xalqın iradəsi ilə prezident seçilən İlham Əliyev fəaliyyətə başladığı gündən Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu ordu quruculuğu siyasətinin zənginləşdirilməsini əsas prioritet kimi qarşıya qoydu. Prezident İlham Əliyev həm daxili, həm də xarici siyasətdə Heydər Əliyev irsini müasir tələblərə uyğun olaraq davam etdirdi və Azərbaycanın dayanıqlı inkişaf modelini formalaşdırdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ordumuz müasir silah və texnika ilə təchiz edildi, dünyanın müxtəlif ölkələri ilə hərbi əməkdaşlıq sahəsi daha da genişləndirildi.
Keçirilən genişmiqyaslı təlimlər ordumuzun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırdı. Ordu quruculuğu sahəsində aparılan islahatlar nəticəsində sosial təminat sahəsində də mühüm irəliləyişlər əldə olundu. Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ordu quruculuğu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordu quruculuğu sahəsində aparılan zəruri islahatların nəticəsidir ki, 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət göstərərək 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi və xalqımıza tarixi Zəfərin sevincini yaşatdı.
Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki bu firavanlığı, bu işığı bəxş edən Müzəffər Ali Baş Komandanımız və rəşadətli ordumuz var. Dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Ordusunun həm silah arsenalı, həm də maddi-texniki bazası genişlənir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu daha da yüksəlir.
Sevinc QULİYEVA,
Kifayət ƏLİYEVA
"Azərbaycan Ordusu"