AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Vətən müharibəsi şəhidi leytenant Məmmədov Elşən Əziz oğlunun doğum günü münasibətilə anım tədbiri və onun şeirlərindən ibarət "Sonsuz misralar - sonsuz bir iz..." adlı kitabın təqdimat mərasimi keçirildi.
Əvvəlcə şəhidimizin məzarı ziyarət olundu, üzərinə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla anıldı, ruhuna dualar oxundu.
Ardınca Şərur rayon Mədəniyyət Sarayında davam edən tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçən şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Şərur rayon İcra Hakimiyyətinin, rayon idarə, müəssisə və təşkilat rəhbərlərinin, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının, şəhid ailələrinin, döyüş əməliyyatlarında sağlamlıqlarını itirmiş döyüşçülərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər şəhidimizin həyat yolundan və döyüşlərdə göstərdiyi igidlik nümunələrindən bəhs etdilər. Bildirildi ki, Elşən Məmmədov kimi igid oğullarımızın Vətən müharibəsi, eləcə də ondan sonrakı döyüş əməliyyatlarında göstərdiyi şücaət, torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizə hər zaman gənclərə örnək olacaq.
Qeyd olundu ki, şəhidimizin sağlığında qələmə aldığı şeirlərin bir araya toplanaraq "Sonsuz misralar - sonsuz bir iz..." adlı kitab halında nəşr olunması onun zəngin mənəvi dünyasının, Vətənə və torpağa bağlılığının gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Çıxış edənlər bu təşəbbüsü yüksək qiymətləndirərək şəhidin ailəsinə dərin ehtiram və minnətdarlıqlarını ifadə etdilər.
Çıxışlarda vurğulandı ki, Elşən Məmmədov kimi Vətən oğulları yalnız döyüş meydanında deyil, sözündə, düşüncəsində, yazdığı misralarda da Vətənə xidmət ediblər. Şəhidimizin qəlbindən süzülən hər bir sətir bu torpağa olan sevgisinin ifadəsidir. Bu gün təqdim olunan kitab yalnız bir xatirə deyil, həm də gələcək nəsillərə ötürülən mənəvi mirasdır. Onun əziz xatirəsi daim uca tutulacaqdır.
Sonra tədbir məktəblilərin hazırladıqları bədii hissə ilə davam etdi. Şəhidin müəllifi olduğu şeirlər səsləndirildi, vətənpərvərlik ruhunda musiqi nömrələri ifa olundu.
Daha sonra Elşən Məmmədovun həyat və döyüş yoluna həsr edilən videoçarx nümayiş olundu, xatirə fotoları çəkdirildi.
Qeyd edək ki, Məmmədov Elşən Əziz oğlu 21 aprel 1999-cu ildə Şərur rayonunun Danyeri kəndində anadan olub. İlk təhsilini doğma kənd məktəbində alan Elşən 2013-2016-cı illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2016-2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Elşən Məmmədov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və oktyabrın 21-də şəhidlik zirvəsinə ucalıb. Şəhidin nəşi Şərur şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Bəxtiyar ƏLİYEV
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi