AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan dövlətçiliyinin müasir mərhələsində ordu quruculuğu milli təhlükəsizliyin və dövlət suverenliyinin əsas dayaqlarından biri kimi formalaşıb. Bu prosesin ideoloji və strateji əsasları xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyən edilib.
Ulu Öndər Heydər Əliyev dövlətçiliyimizin xilası və möhkəmləndirilməsi üçün ordu quruculuğunu prioritet istiqamət kimi əsaslandırıb. Müstəqilliyin ilk illərində mövcud olmuş nizamsız hərbi strukturların sistemləşdirilməsi, vahid komandanlıq prinsipinin formalaşdırılması və dövlət nəzarətinin gücləndirilməsi bu siyasətin əsas elementləri idi. Həmin dövrdə nizami ordu strukturu yaradıldı, hərbi intizam və idarəetmə sistemi formalaşdırıldı, zabit kadrlarının hazırlanmasına xüsusi diqqət yetirildi. Beləliklə, ordu dövlət institutuna çevrildi. Ən mühüm strateji xətt isə ordu quruculuğunun dövlətçilik ideologiyası ilə vəhdət təşkil etməsi idi. Bu vəhdət sonrakı mərhələlər üçün möhkəm baza yaratdı. Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatların əsas prinsipi ölkədə güclü ordunun yaranması idi. Bu prinsip sonrakı illərdə dövlət siyasətinin ayrılmaz xəttinə çevrildi və ordu quruculuğu prosesinin davamlılığı təmin olundu.
2003-cü ildə xalqın böyük dəstəyi ilə Prezident seçilən İlham Əliyev bu strateji əsasları daha da inkişaf etdirərək müasir tələblərə uyğunlaşdırdı. Məhz bu davamlılıq sayəsində Azərbaycan Ordusu yeni mərhələyə keçid üçün hazırlıqlı oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. Peşəkar hərbi kadrların hazırlanması genişləndirildi. Təlim və tədris sistemində beynəlxalq standartlara uyğun islahatlar həyata keçirildi. Silahlı Qüvvələrdə daha çox modernləşmə, peşəkarlığın artırılması və texnoloji yenilənmə müşahidə olundu. Belə ki, Azərbaycan Ordusunda müasir silah sistemlərinin tətbiqi gücləndirildi. Pilotsuz uçuş aparatları (PUA), yüksək dəqiqlikli silahlar və müasir komanda-idarəetmə sistemləri ordunun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırdı.
Ölkədə hərbi sənaye potensialı gücləndirildi, bir sıra silah və texnika növlərinin yeni istehsalı təmin edildi. Bu, ordunun maddi-texniki təminatında xarici asılılığı azaldan mühüm faktor oldu. Azərbaycan Ordusu müxtəlif ölkələrlə hərbi əməkdaşlıq proqramlarını genişləndirərək, NATO standartlarına uyğun təlimlərdə iştirakını artırdı. Bu gün hərbi qulluqçularımız həmin təlimlərdə yaxından iştirak edir və ölkəmizin hərbi gücünü bir daha nümayiş etdirirlər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi ən mühüm nəticə 2020-ci ildə başlayan Vətən müharibəsində yeni reallıqları üzə çıxardı. Bu müharibə ordu quruculuğunda həyata keçirilmiş islahatların real döyüş şəraitində təsdiqi oldu.
Azərbaycan Ordusu yüksək koordinasiya, müasir texnologiyaların effektiv istifadəsi və peşəkar komandanlıq sistemi ilə tarixi Zəfər qazandı. Tarixi Zəfər regionda hərbi-strateji balansı dəyişdi. Azərbaycan Ordusunun inkişaf tarixi dövlətçilik ənənələrinin və strateji idarəetmə modelinin davamlılığını nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək müasir, çevik və yüksək döyüş qabiliyyətinə malik bir ordu modelinə çevrildi. Bu inkişaf mərhələsi həm hərbi gücün, həm də milli dövlətçiliyin möhkəmlənməsi və regional təhlükəsizlik sistemində Azərbaycanın rolunun güclənməsi ilə xarakterizə olunur.
Post-müharibə dövründə Azərbaycan Ordusu qarşısında yeni vəzifələr dayanır. Azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsi, yeni hərbi infrastrukturun qurulması və sərhədlərin qorunması əsas prioritet məsələlər sırasındadır. Bu gün Azərbaycan əsgəri Vətənimizin keşiyində qürurla dayanır və ərazi bütövlüyümüzü böyük şücaətlə qoruyur.
Kifayət ƏLİYEVA
"Azərbaycan Ordusu"