Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2026 20:17

“Heydər Əliyev siyasəti və Azərbaycan Ordusunun tarixi zəfəri”

Müstəqillik hər bir xalqın ən böyük arzularından biri, milli mənsubiyyətinin və kimliyinin əsas dayağıdır. Tarix boyu xalqlar azad və suveren yaşamaq uğrunda saysız-hesabsız mübarizələr aparıb, bu yolda çoxlu qurbanlar veriblər. Bu müqəddəs amal uğrunda göstərilən fədakarlıq isə hər bir xalqın gücünü və birliyini nümayiş etdirən ən mühüm amillərdəndir.
Müasir dövrdə xalqımızın qarşısında duran ən ali vəzifələrdən biri müstəqilliyimizi qoruyub saxlamağı bacarmaqdır. Azərbaycan uzun illər boyu azadlıq və istiqlaliyyət uğrunda mübarizə aparıb, igid övladlarımız bu yolda canlarını fəda ediblər. Azadlığı və müstəqilliyi qazanmaq necə çətindirsə, şərəflidirsə, onu qoruyub saxlamaq da bir o qədər mürəkkəb və məsuliyyətli bir işdir. 
Bəşər tarixinin inkişafı sübut edir ki, hər bir xalqın milli-mənəvi irsini, əxlaqi dəyərlərini, genetik yaddaşını və tarixi kimliyini gələcək nəsillərə ötürməsi, suverenliyini təmin etməsi və ən əsası bu müstəqilliyi qoruyub saxlaması kimi çətin vəzifələr, taleyində mühüm rol oynayan görkəmli və fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə sıx bağlı olub.
Ötən yüzillikdə xalqımızın dünya siyasi mühitinə bəxş etdiyi nadir və fenomenal şəxsiyyət olan Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti nəticəsində milli dövlətçilik ideyası müstəqil Azərbaycan dövlətinin gerçəkliyinə çevrilib. Ən önəmlisi, Ümummilli Liderimizin nümayiş etdirdiyi böyük fədakarlıqlar nəticəsində ata-babalarımızın qurub yaratdığı dövlətin möhkəmliyi təmin olunub, demokratik inkişafı güclənib, Azərbaycanın müstəqilliyinin əbədiliyi, daimiliyi və dönməzliyi qorunub saxlanılıb. Ulu Öndərin ölkəmizin sosial-iqtisadi, siyasi, hərbi və mədəni sahələrdə inkişaf edib irəliləməsi üçün gördüyü tədbirlər, həmçinin milli şüurun formalaşıb yüksəlməsi istiqamətində atdığı addımlar olmasaydı, bu gün Azərbaycanın müstəqil siyasət yürüdüb öz xəttinə malik suveren dövlət kimi mövcud olub fəaliyyət göstərməsindən bəhs etmək mümkün olmazdı.
Bu gün əldə olunan nəticə ondan ibarətdir ki, bütün həyatını xalqa təmənnasız xidmətə həsr edən, milli maraqları hər zaman bütün amillərdən üstün tutub qoruyan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin sarsılmazlığını və əbədiliyini təmin edib. Eyni zamanda, ölkənin üzləşə biləcəyi çətinlikləri əvvəlcədən görüb qiymətləndirən Ümummilli Lider zamanı qabaqlayıb, Azərbaycanın davamlı inkişaf edib irəliləməsi, dövlət müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində mühüm işlər həyata keçirib, strateji maraqların təmin olunması üçün vacib və qətiyyətli addımlar atıb.
Tarixi təcrübə göstərir ki, ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü qoruyub təmin edən əsas qüvvə olmaqla yanaşı, dövlət quruculuğunun mühüm tərkib hissələrindən biri kimi çıxış edib. Həmçinin, məlumdur ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü və qüdrətli ordunun formalaşdırılması hər zaman prioritet istiqamətlərdən biri olub. Ümumən yanaşdıqda, ordu amili hər bir dövlətin həm daxili, həm də xarici siyasətinin əks etdiricisi kimi qiymətləndirilir. Dövlətin və cəmiyyətin orduya göstərdiyi münasibət, əslində, onun öz nüfuzuna, bu gününə və gələcəyinə verdiyi dəyərin göstəricisi sayılır. Ordu amilinin əhəmiyyəti isə birbaşa olaraq onun döyüş qabiliyyətindən asılı olur.
Müasir dövrdə Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə də, vahid komandanlığa əsaslanıb təşkil olunan, nizami və mütəşəkkil, ən başlıcası isə müstəqilliyimizə və dövlətçiliyimizə yönələ biləcək təhlükələrin qarşısını almağa qadir ordunun yaradılması yalnız Dahi Rəhbər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli çağırışı ilə hakimiyyətə qayıdışından sonra mümkün olub. Bu baxımdan qürurla qeyd edə bilərik ki, Dahi Liderin rəhbərliyi ilə dövlətçilik ənənələrinə söykənib 1993-cü ildən etibarən həyata keçirilən quruculuq prosesinin ən şərəfli və parlaq səhifələrindən biri bu gün gücü getdikcə artan və qüdrəti ilə fəxr etdiyimiz Azərbaycan Ordusudur.
Hakimiyyətdə olduğu dövrdə Əbədiyaşar Komandan Heydər Əliyev Azərbaycan Ordusunun formalaşdırılıb inkişaf etdirilməsi məsələsini daim diqqət mərkəzində saxlayıb. Hələ sovet illərində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusu üçün peşəkar kadrların hazırlanması istiqamətində mühüm bir addım kimi həyata keçirilib.
Əbədiyaşar Komandan Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdıb fəaliyyətə başlamasından sonra həyata keçirdiyi məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırılıb, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması istiqamətində təxirəsalınmaz addımlar atılıb, orduda vahid komandanlıq sistemi formalaşdırılıb, hərbi nizam-intizam və qanunçuluq  isə daha da möhkəmləndirilib. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qoruyub təmin etməyə tam qadir güclü orduya malik olması Dahi Şəxsiyyət Heydər Əliyevin xalq qarşısında göstərdiyi misilsiz xidmətlərindən biri kimi dəyərləndirilir.
Dövlət quruculuğunun digər sahələrində olduğu kimi, ordu quruculuğu istiqamətində də müasir və güclü Azərbaycan Ordusunun təməlini qoyan Ümummilli Lider Heydər Əliyevin siyasi xətti uğurla davam etdirilir. Bu gün ordumuz döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət baxımından mühüm nailiyyətlər qazanaraq, hər keçən gün daha da möhkəmlənib qüdrətlənir. Orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin əsas təminatçısı kimi yanaşan hər bir Azərbaycan vətəndaşı bu gün öz ordusu ilə, həqiqətən də, qürur duyur.
Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılıb gücləndirilməsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi davamlı şəkildə həyata keçirilən bir prosesdir. Döyüş hazırlığına göstərilən xüsusi diqqətin nəticəsidir ki, bu gün Azərbaycan Ordusu həm quruda, həm havada, həm də dənizdə verilən istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirmək imkanına malikdir. Məlumdur ki, hər bir ordunun gücü onun döyüş qabiliyyəti ilə yanaşı, mənəvi ruhunun vəhdətində formalaşır.
Hazırda Azərbaycan cəmiyyətində və orduda Dahi Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış, elmi-nəzəri əsasları zamanın sınağından uğurla çıxmış mükəmməl hərbi vətənpərvərlik konsepsiyası mövcuddur. İstər sülh, istərsə də müharibə şəraitində hərbi qulluqçuların Vətənə, xalqa və dövlətə bağlılığının gücləndirilməsi, onların ümummilli maraqlar ətrafında birləşdirilməsi bu istiqamətdə aparılan siyasətin əsas məqsədlərindən biridir.
Eyni zamanda, Azərbaycanda ali hərbi təhsil sisteminin inkişaf etdirilməsi, tədris prosesinin NATO-ya üzv ölkələrin, dünyanın aparıcı ordularının qabaqcıl təcrübəsinə uyğun şəkildə qurulması artıq öz müsbət nəticələrini göstərir. Bu gün Azərbaycan Ordusu peşəkar, hazırlıqlı və yüksək vətənpərvərlik ruhuna malik zabit heyəti ilə təmin olunur, həmçinin onun maddi-texniki bazası daha da möhkəmləndirilir.
2018-ci ildə Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə təşkil olunan hərbi parad bir çox ölkələrdə Azərbaycan Ordusu barədə müsbət və yüksək təsəvvürün formalaşmasına səbəb olub. Eyni təəssürat Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun və qanunvericiliyə uyğun digər hərbi birləşmələrin iştirakı ilə keçirilən birgə əməliyyat-taktiki təlimlər nəticəsində də yaranıb. Bu gün orduda xidmət etmək hər bir Azərbaycan gənci üçün böyük qürur və şərəf nümunəsi hesab olunur.
Yeri gəlmişkən, 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən sonra keçirilən Zəfər paradı isə Azərbaycan Ordusunun gücünü və xalqımızın birliyini bütün dünyaya bir daha nümayiş etdirdi. 10 dekabr 2020-ci ildə Bakının Azadlıq meydanında təşkil olunan bu tarixi parad Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini, yüksək peşəkarlığını və müasir texniki təchizatını əyani şəkildə ortaya qoydu. Sözügedən paradda Vətən müharibəsində iştirak etmiş hərbi hissələr, hərbçilər iştirak edərək, xalqın sonsuz hörmət və ehtiramını qazandılar. Paradda, həmçinin müasir silah və texnikalar, o cümlədən müharibə zamanı istifadə olunmuş hərbi vasitələr nümayiş etdirildi. Bu, Azərbaycanın hərbi qüdrətinin real göstəricisi olmaqla yanaşı, ölkəmizin müdafiə potensialının yüksək səviyyədə olduğunu sübut etdi. Paradda qardaş Türkiyə Respublikasının hərbçilərinin iştirakı Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin rəmzi kimi xüsusi əhəmiyyət kəsb etdi. Bu hadisə təkcə hərbi deyil, həm də hərbi-siyasi və mənəvi baxımdan böyük mesaj daşıyaraq, regionda yeni reallıqların formalaşdığını göstərdi.
Zəfər paradı Azərbaycan xalqının uzun illər həsrətində olduğu ədalətin bərpa olunmasının, torpaqlarımızın işğaldan azad edilməsinin və milli qürurun bərpasının təntənəli ifadəsi kimi tarixə həkk olundu. Bu möhtəşəm hadisə həm də sübut etdi ki, güclü dövlət, güclü ordu və qətiyyətli rəhbərlik bir araya gəldikdə xalqın arzuları reallığa çevrilir.
Zəfər paradının keçirilməsindən ötən beş ildən çox müddət ərzində bu möhtəşəm hadisə Azərbaycan tarixində şanlı Qələbənin rəmzi kimi yaddaşlara həkk olunub. Bu yubiley yalnız hərbi uğurun deyil, həm də xalqın birliyinin, dövlətin gücünün və Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin təntənəsi kimi dəyərləndirilir. Bu gün də həmin Zəfərin ruhu Azərbaycan Ordusunun inkişafında və ölkəmizin gələcəyə inamla irəliləməsində mühüm rol oynamaqdadır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev daim vurğulayır ki, ordu quruculuğu sahəsində əldə olunan uğurların bütün istiqamətlər üzrə daha da inkişaf etdirilməsi onun fəaliyyətinin əsas prioritetlərindən biridir. Son illər ərzində Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər Ali Baş Komandanın hərbi qulluqçuların xidmətinə verdiyi yüksək dəyərin bariz göstəricisidir.
Eyni zamanda, Prezident İlham Əliyevin və Müdafiə Nazirliyi rəhbərliyinin ordunun şəxsi heyətinə göstərdiyi diqqət və qayğı, ordumuza olan böyük inam və etimad bütün hərbçilərdə qürur və iftixar hissini daha da gücləndirir. Bu gün Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusu Ali Baş Komandanın diqqət və qayğısı sayəsində Konstitusiyaya, Hərbi Anda və nizamnamələrə sadiq qalaraq, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə və torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır.
Bu gün Azərbaycan Ordusu dövlətimizin güc və qüdrətinin bariz nümunəsi, xalqımızın qürur mənbəyi və ölkəmizin ərazi bütövlüyünü təmin etməyə qadir yüksək hazırlıqlı bir təsisat kimi çıxış edir. Beynəlxalq hərbi araşdırma mərkəzlərinin qiymətləndirmələrinə əsasən, regionun ən müasir və hazırlıqlı ordularından biri məhz Azərbaycan Ordusudur. Bütün bunlar ordumuzun ən yüksək müasir tələblərə cavab verdiyini aydın şəkildə göstərir. Qeyd olunan nailiyyətlərin hamısı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı, dövləti, ordusu və müstəqilliyi naminə apardığı məqsədyönlü fəaliyyətin nəticəsi kimi dəyərləndirilir.
Adətən, görkəmli şəxsiyyətlərə obyektiv qiymət verilərkən, onların yaşadıqları dövrün imkanları çərçivəsində hansı nailiyyətlərə imza atdıqları əsas götürülür. Bu baxımdan Dahi Şəxsiyyət Heydər Əliyevin istər Azərbaycana rəhbərlik etdiyi dövrə, istərsə də bu missiyadan kənarda qaldığı mərhələlərə nəzər saldıqda aydın olur ki, o, zamanın və şəraitin yaratdığı imkanlardan xalqının maraqları və inkişafı naminə maksimum səmərə ilə istifadə edib. Azərbaycanda Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və dövlətçilik xətti bundan sonra da uğurla davam etdiriləcək. Çünki bu siyasət ölkəmizin gələcək inkişafı və tərəqqisi üçün mühüm əhəmiyyət daşıyır.
Ümummilli Lider Heydər Əliyev öz ideyaları, həyata keçirə bilmədiyi layihələri, Azərbaycanın gələcəyinə yönəlmiş böyük plan və arzuları ilə daim xalqımızın yaddaşında yaşayacaq. O, hər zaman uca zirvədə qalacaq. Bu zirvəyə Heydər Əliyevi yüksəldən isə xalqın ona olan sonsuz etimadı və inamıdır. Onun fəth etdiyi ən böyük zirvə isə xalqın qəlbidir. Məhz həmin ucalıqdan Azərbaycanın keçmişi və bu günü ilə yanaşı, gələcəyi və firavan sabahı da aydın şəkildə görünür.
Heydər Əliyev Mərkəzlərində, muzeylərdə və kitabxanalarda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş guşə və stendlər maarifləndirici rol oynayır. Orduda xidmət edən hərbi qulluqçular mütəmadi olaraq, bu məkanlara ekskursiyalar edir, hər səfər zamanı Heydər Əliyev irsi ilə daha yaxından və əhatəli şəkildə tanış olurlar. Bu da onların bu irsi daha dərindən mənimsəməsinə xidmət edir.
Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yüksəldilməsi, ordumuzun və dövlətçiliyimizin inkişafı istiqamətində göstərdiyi xidmətlər misilsizdir. Buna görə də əbədiyyətə qovuşmuş Dahi Lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və ümumilikdə xalqımızın qəlbində daim yaşayacaq, heç vaxt unudulmayacaq. Hər birimiz Azərbaycanın gələcəyi naminə Ulu Öndərin zəngin irsini özümüzə nümunə götürərək, həmin zirvənin işığında addımlamağa davam edirik.
Nəticə etibarilə, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, güclü ordunun formalaşdırılması və milli birliyin təmin olunması istiqamətində əsası Əbədiyaşar Komandan Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün uğurla davam etdirilir və öz bəhrəsini verir. Bu möhkəm təməl üzərində yetişən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza ataraq, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və xalqımızın qürur mənbəyinə çevrildi.
Qazanılan bu möhtəşəm qələbə bir daha sübut etdi ki, düşünülmüş siyasət, güclü dövlət idarəçiliyi və vətənpərvər ordu xalqın ən böyük dayağıdır. Bu gün Azərbaycan xalqı qalib dövlətin və qalib ordunun nümayəndəsi kimi gələcəyə inamla baxır, əldə olunan Zəfərin işığında daha böyük uğurlara doğru inamla irəliləyir.

Şəlalə CAMAL

"Azərbaycan Ordusu"