Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 May 2026 14:04

Ölkəmizin ilk hərbi məktəblərindən birinin ilk azərbaycanlı rəisi

Şirin bəy Cəfər oğlu Kəsəmənli 17 oktyabr 1887-ci ildə Qazax qəzasının Qıraq Kəsəmən (hazırda Ağstafa rayonu) kəndində anadan olub.
Şirin bəy hərbi təhsilini Tiflis Kadet Korpusunda alıb, oranı bitirdikdən (1905) sonra Qusar alayında xidmətə başlayıb. Daha sonra hərbi təhsilini Kiyevdə ikinci Konstantin topçu məktəbində (Konstantinovski Artilleriya Məktəbi) davam etdirib.
Birinci Dünya müharibəsi (1914-1918) başlayan zaman Şirin bəy Kəsəmənli podporuçik rütbəsində 39-cu Piyada Diviziyasının 156-cı Yelizavetpol Piyada Alayında xidmət edib.
Həmin vaxtlarda o, hərbi xidmətlərinə görə 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə, Birinci Dünya müharibəsində "Dikaya diviziya"nın tərkibində vuruşaraq, "İgidliyə görə" medalı və 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunub.
1916-cı il mayın əvvəllərində o, döyüşlərdə yaralanıb və müalicə almaq üçün Tiflisə göndərilib. Burada ictimai fiqur və rəssamlıq üzrə təhsil alan ilk azərbaycanlı qadın hesab edilən Qeysər Kaşıyeva ilə evlənib. Bu evlilikdən Leyla adlı qızları dünyaya gəlib.
Şirin bəy Kəsəmənli Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-1920-ci illərdə erməni-daşnak silahlı birləşmələrinə qarşı Qarabağ, Zəngəzur və Qazax bölgələrində Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün aparılan mübarizədə hərbi əməliyyatlara rəhbərlik edən komandirlərdən biri olub.
ADR Milli Ordusunun qurulmasında fəal iştirak edib, general Əlağa Şıxlinskinin komandanı olduğu Azərbaycan Korpusuna daxil olan 2-ci Qarabağ Süvari Alayında komandan müavini vəzifəsində xidmət edib.
Türk hərbi qüvvələri Azərbaycanı tərk etdikdən sonra o, Gəncədə fəaliyyət göstərən Azərbaycanın ilk hərbi məktəblərindən olan "Praporşiklər Məktəbi"nin ilk azərbaycanlı rəisi olub.
Hərbi nazirin 1919-cu il 8 aprel tarixli əmri ilə 2-ci Bakı Piyada Alayı (sonralar 4-cü Quba Piyada Alayı adlandırılıb) komandiri təyin edilib. Şimal sərhədlərinin müdafiəsi məqsədilə yaradılan Xaçmaz dəstəsinə də rəhbərlik etmək Şirin bəy Kəsəmənliyə həvalə olunub. 9 aprel 1919-cu ildə hökumətin əmri ilə hərbi xidmətdə fərqləndiyinə görə "polkovnik" rütbəsinə layiq görülüb.
1919-cu ilin sonlarında Şirin bəy Kəsəmənli ağır şəkildə malyariya xəstəliyinə (və ya səpmə-yatalaq) tutulub və 1919-cu il sentyabrın 29-da müalicə olunması üçün Tiflisə göndərilib. Hələ müalicədə olarkən Hərbi nazirin 1919-cu il 7 dekabr tarixli əmri ilə 2-ci Piyada Diviziyası komandirinin müavini təyin edilib. 1920-ci il yanvarın 10-da Hərbi Departamentin 17 nömrəli əmrində Hərbi nazir vəzifəsini icra edən artilleriya generalı Ə.Şıxlinski elan edib ki, 2-ci Piyada Diviziyası komandirinin müavini polkovnik Şirin bəy Kəsəmənli yanvarın 4-də Tiflisdə ağır xəstəlikdən vəfat edib. Əmrdə mərhumun müstəqil Azərbaycanın Silahlı Qüvvələri qarşısında xidmətləri yüksək qiymətləndirilib və onun dəfninin bütün xərclərinin dövlət tərəfindən qarşılanacağı bildirilib. Dəfn mərasimi Gəncədə keçirilib və o, doğma kəndində dəfn edilib.

"Azərbaycan Ordusu"