Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 May 2026 14:04

Azərbaycan Ordusunda psixoloji təminat tapşırıqları dövrün tələblərinə uyğun yerinə yetirilir

Azərbaycan Ordusu sağlam sosial-psixoloji sistemə və mühitə malik olub, ölkənin müdafiəsinin mühüm və ayrılmaz hissəsini təşkil edən təməl sütunlarından biridir. Elmi-texniki tərəqqinin sürətli inkişafı, təhlükəsizlik mühitində baş verən dəyişikliklər, habelə müasir müharibə və münaqişələrin xarakterində müşahidə olunan dəyişikliklər ordunun fəaliyyət mexanizmlərinin daim yenilənməsini zəruri edir. Bu istiqamətdən pre-konflikt, konflikt və postkonflikt mərhələlərində ordunun idarəetmə, hazırlıq və təminat mexanizmlərinin dövrün çağırışlarına uyğun təkmilləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Eyni zamanda, döyüş əməliyyatlarının aparılması üsullarının müasirləşdirilməsi, şəxsi heyətin təşkilati strukturunun optimallaşdırılması, normativ-hüquqi bazanın yenilənməsi, yeni təlimat, dərslik və metodiki vəsaitlərin hazırlanması ordu quruculuğunun prioritet istiqamətləri sırasında yer alır. Qeyd edilən vəzifələrin uğurla icrası yalnız struktur islahatlarla deyil, həm də yüksək peşəkarlığa, geniş dünyagörüşünə və müasir idarəetmə təfəkkürünə malik zabit heyətinin formalaşdırılması ilə mümkündür. Müasir idarəetmə sistemində zabitin yalnız peşə-ixtisas hazırlığı ilə kifayətlənməsi yetərli hesab edilmir. Onun, eyni zamanda, psixoloji biliklərə, ünsiyyət bacarıqlarına, kollektivin idarə olunması səriştəsinə və insan resurslarının səmərəli təşkili qabiliyyətinə malik olması mühüm tələb kimi çıxış edir. Komandirin tabeliyində olan şəxsi heyətin fərdi-psixoloji xüsusiyyətlərini nəzərə alması, onların motivasiya səviyyəsini düzgün qiymətləndirməsi, xidmətə adaptasiya prosesini izləməsi və sağlam mənəvi psixoloji mühit formalaşdırması bölmənin ümumi fəaliyyət nəticələrinə birbaşa təsir göstərir. Bu prosesdə psixoloqun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Psixoloq şəxsi heyətin sosial-psixoloji vəziyyətinin öyrənilməsi, hərbi xidmət zamanı psixoloji risk amillərinin vaxtında aşkar edilməsi, kollektivdə emosional gərginliyin azaldılması, dayanıqlığın və müsbət psixoloji mühitin formalaşdırılması, deviant davranış hallarının profilaktikası istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirir. Bununla yanaşı, onun tərəfindən aparılan psixodiaqnostik, konsultativ və profilaktik tədbirlər komandirə şəxsi heyətin idarə olunması sahəsində elmi əsaslandırılmış qərarların qəbulunda mühüm dəstək verir. Komandir ilə psixoloq arasında qurulan səmərəli əməkdaşlıq nəticəsində bölmədə intizam möhkəmlənir, qarşılıqlı etimad artır, mənəvi-psixoloji sabitlik təmin olunur və şəxsi heyətin döyüş hazırlığı yüksəlir. Nəticədə hərbi qulluqçuların yüksək psixoloji hazırlıq səviyyəsi ordunun döyüş qabiliyyətinin artırılmasına, idarəetmə effektivliyinin yüksəldilməsinə və ümumi hərbi potensialın gücləndirilməsinə əlverişli zəmin yaradır.
Azərbaycan Respublikasında ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar çərçivəsində psixoloji təminat işinin təşkili yeni keyfiyyət mərhələsinə yüksəlməklə, mühüm institusional yenilik formalaşdırıb. Belə ki, 2024-cü ilin aprelindən etibarən psixoloji iş sahəsində strateji yanaşma yenilənib, yeni konsepsiya tətbiq edilib və peşəkar kadr potensialının tərəqqisi prioritet istiqamət olaraq müəyyən edilib. Bu çərçivədə ixtisaslı psixoloqların sayının artırılması və psixoloji xidmət sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının müdafiə nazirinin 24 noyabr 2025-ci il tarixli müvafiq əmrinə əsasən, Şəxsi Heyət Baş İdarəsinin tabeliyində təsis edilən Psixoloji Təminat İdarəsi bu istiqamətdə sistemli və elmi əsaslara söykənən fəaliyyət mexanizminin qurulmasını təmin edib. Bu təşəbbüs təkcə struktur dəyişikliyi deyil, eyni zamanda, müasir hərbi idarəetmədə insan faktorunun prioritetləşdirilməsinin bariz nümunəsi kimi çıxış edir. Adıçəkilən strukturun yaradılması Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların psixoloji dayanıqlıq, emosional sabitlik və psixi sağlamlığının sistemli şəkildə təmin olunmasına yönəlmiş kompleks və institusional mexanizmin formalaşıb təkmilləşdirilməsi baxımından atılmış mühüm addımlardan hesab olunur.
Yeni yaradılan Psixoloji Təminat İdarəsinin fəaliyyət istiqaməti üç əsas hissədən ibarətdir:
- psixoloji işin planlaşdırılması və təşkili;

- psixoloji işin monitorinqi və koordinasiya;

- psixoloji işin təhlili və statistikası.
İdarə tərkibində fəaliyyət göstərən struktur bölmələrin qarşılıqlı əlaqə və koordinasiyası əsasında Azərbaycan Ordusunda psixoloji təminat sisteminin səmərəli və davamlı fəaliyyətini təmin edən vahid institusional mexanizm kimi çıxış edir. Şöbələrin funksional inteqrasiyası Azərbaycan Ordusunda psixoloji işin planlaşdırılması, təşkili və həyata keçirilməsi prosesində çevik koordinasiyanı təmin etməklə yanaşı, analitik nəzarət mexanizmlərinin tətbiqinə imkan yaradır. Bu isə psixoloji işin operativ idarə edilməsini, mövcud çağırışlara adekvat reaksiya verilməsini, fəaliyyətin müntəzəm qiymətləndirilməsini və nəticəyönümlü inkişafını özündə ehtiva edir. Formalaşdırılmış funksional vəhdət psixoloji işin operativ idarə edilməsini təmin etməklə, fəaliyyətə sistemli nəzarətin həyata keçirilməsinə və nəticələrin obyektiv qiymətləndirilməsinə imkan verir.
Azərbaycan Ordusunda hərbi xidmətə qəbul edilən bütün hərbi qulluqçular psixoloqlar tərəfindən kompleks şəkildə psixoloji öyrənilməyə cəlb edilir və sistemli qaydada qeydiyyata alınaraq, onların hərbi xidmətə uyğunlaşmasının təmin olunması istiqamətində fəaliyyətlər təşkil olunur. Həyata keçirilmiş çoxşaxəli analitik fəaliyyətlərin nəticələrinə əsasən müəyyən edilib ki, hərbi qulluqçuların psixoemosional vəziyyətinin formalaşmasında ailə rifahı və ailədaxili münasibətlər sistemi mühüm determinant kimi çıxış edir. Aparılan qiymətləndirmələr göstərir ki, hərbi xidmət prosesində qarşıya çıxan sosial-psixoloji çətinliklər və stressorlar əksər hallarda ailə mühitinə transfer olunur, eyni zamanda, ailədaxili disfunksiyalar və gərginliklər isə geri təsir mexanizmi vasitəsilə hərbi qulluqçunun xidməti fəaliyyətinə, adaptasiya səviyyəsinə və psixoloji dayanıqlığına birbaşa sirayət edir. Bu qarşılıqlı təsir dinamikasının sistemli təhlili əsasında belə qənaətə gəlinib ki, hərbi qulluqçuların psixoloji təminatının optimallaşdırılması məqsədilə ailə institutunun psixoloji baxımdan inteqrasiyası və dəstəklənməsi zəruri istiqamət kimi formalaşır. Məhz bu kontekstdə hərbi qulluqçuların ailə üzvlərinin psixoloji maarifləndirilməsi, konsultativ dəstək və preventiv müdaxilə mexanizmlərin institusional çərçivədə təşkili üçün hərbi psixoloji sağlamlıq mərkəzlərinin yaradılması obyektiv zərurət və strateji əsaslandırılmış təşəbbüs kimi meydana çıxır.
Psixoloji Təminat İdarəsinin əsas fəaliyyət istiqamətlərindən danışdıqda aşağıdakıları mütləq qeyd etmək lazımdır:
- Azərbaycan Ordusunda psixoloq vəzifəsində xidmət edən zabitlərin bilik və bacarıqlarının artırılması üçün davamlı kursların (təlimlərin) və Superviziyaların təşkil olunması, o cümlədən onların ali təhsil müəssisələrində növbəti təhsil pilləsində təhsil almaları üçün müvafiq köməkliyin göstərilməsi;
- hərbi hissələrdə psixoloq vəzifəsində xidmət edən zabitlərin xidmət şəraitinin spesifikliyi, yüksək məsuliyyət və əməliyyat mühitində fəaliyyət göstərmələri əsas götürülməklə, həmin vəzifələr üzrə aylıq gəlirlərinin mülki sahədə fəaliyyət göstərən həmkarları ilə müqayisədə daha yüksək müəyyən edilməsi imkanına baxılması;
- vakant psixoloq vəzifələrinin komplektləşdirilməsi üçün mülki ixtisaslı psixoloqların hərbi vəzifələrə təyin edilməsinə icazə verilməsi və s.
Eyni zamanda, Psixoloji Təminat İdarəsi tərəfindən ixtisaslı psixoloqların peşəkar inkişafının davamlılığını təmin etmək məqsədilə müvafiq tarixlərdə "Superviziya" fəaliyyəti təşkil edilib, bu çərçivədə klinik hallar müzakirə olunub, psixoterapevtik yanaşmaların tətbiqi üzrə metodiki və praktiki dəstək göstərilib. Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssislərlə əməkdaşlıq çərçivəsində Azərbaycan Ordusunda xidmət edən psixoloqlarla müxtəlif mövzular üzrə ixtisasartırma təlimləri keçirilib və iki il ərzində 20-dən çox mövzuda 7000-dən çox müxtəlif kateqoriyadan olan hərbi qulluqçuların psixoloji maarifləndirilməsi nəzərdə tutulub. Hal-hazırda müvafiq təlim keçmiş psixoloqlar hərbi hissələrdə psixoloji təminat tapşırıqlarının icrasında fəaliyyətləri səmərəli şəkildə təşkil edirlər.
Keçirilən kurslardan və seminarlardan danışarkən mütləq qeyd etmək lazımdır ki, bu tədbirlərdə "Psixologiyanın əsasları", "Obsessiv-kompulsiv pozuntu", "Mənlik duyğusu", "Koqnitiv nəzəriyyə", "Koqnitiv modelə giriş", "Müxtəlif psixoloji pozuntular (depressiya, təşviş pozuntusu, fobiya və s.) zamanı bu üsulun tətbiqi mexanizmləri", "Travmada neyropsixoloji yanaşmalar", "Şəxsiyyət pozuntuları", "Blackboard terapiya", "Patologiya olmayan psixoloji problemlər", "Trans altında psixoterapiya üsulları" mövzularında dinləyicilərə ətraflı məlumatlar çatdırılıb. Təlim seansları zamanı psixoloqların diqqət yetirməli olduqları məqamlara aydınlıq gətirilib. Həmçinin dinləyicilərin iştirakı ilə praktik çalışmalar yerinə yetirilərək, əldə olunan biliklər daha da möhkəmləndirilib. Təlim zamanı dinləyicilər disfunksional fikirlər, davranış və emosiyalara bağlı olan problemlərin həllinə yönələn psixoterapevtik müalicə üsulunun baza biliklərinə yiyələniblər. Psixologiya sahəsində daim baş verən yenilikləri nəzərə alaraq, bu cür təlimlərin keçirilməsi orduda xidmət edən psixoloqların peşəkarlıq səviyyəsinin artırılmasında müstəsna əhəmiyyətə malikdir. Təlimdə planlaşdırılmış mövzuları əhatə edən psixologiyanın təməl prinsipləri, insan davranışlarının elmi izahı və psixoloji müdaxilə üsulları barədə məlumat verilib, döyüş və ekstremal şəraitdə travma yaşayan hərbi qulluqçuların psixoloji vəziyyətinin neyropsixoloji aspektləri və onlara effektiv dəstək metodları, həmçinin dərin psixoloji problemlərin aradan qaldırılmasında psixoterapiyada trans vəziyyətindən istifadənin effektivliyi və tətbiq metodları izah edilib, hərbi qulluqçular arasında geniş yayılan, lakin klinik patologiya hesab edilməyən psixoloji problemlərin korreksiya yolları müzakirə olunub.
Psixoloji Təminat İdarəsinin bilavasitə tabeliyində fəaliyyət göstərməsi nəzərdə tutulan Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzi hərbi qulluqçuların və onların ailə üzvlərinin psixoloji rifahının qorunması və inkişaf etdirilməsi məqsədilə yaradılıb. Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzində aşağıdakı psixoloji xidmətlərin həyata keçirilməsi nəzərdə tutulub:
- fərdi psixoterapiya;

- qrup psixoterapiyası;

- psixoloji diaqnostika;

- psixoloji konsultasiya;

- stres və travma sonrası psixoloji bərpa;

- uşaq və yeniyetmələrin psixoloji inkişafının dəstəklənməsi.
Psixoloq otaqlarından üçü uşaq (biri loqoped otağı olmaqla), digərləri yeniyetmələrlə psixoloji iş üçün xüsusi təyinatlıdır. Mərkəzdə mövcud olan loqopedik otağının uşaqlarda nitq, dil və kommunikasiya pozuntularının diaqnostikası və korreksiyası məqsədilə fəaliyyət göstərməsi planlaşdırılır.
Psixoloji xidmətlər aşağıdakı yaş kateqoriyaları üzrə təşkil olunur:
- 4-8 yaş uşaqlar;

- 9-12 yaş uşaqlar;

- 13-18 yaş yeniyetmələr və böyüklər.
Qeyd etmək lazımdır ki, bu formatda fəaliyyət göstərən institusional model postsovet məkanında, eləcə də qardaş Türkiyə Respublikasında belə analoqu olmayan innovativ bir strukturdur. Bu təşəbbüs regionda hərbi psixoloji dəstək sisteminin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Mərkəzdə fəaliyyət göstərəcək psixoloqların seçilməsinə və onların bu fəaliyyətlər üçün hazırlanmasına xüsusi önəm verilib. Bu proses çərçivəsində mütəxəssislər:
- beynəlxalq səviyyədə tanınmış psixoterapevtik məktəblər üzrə təlimlərə;

- müxtəlif metodoloji istiqamətlər üzrə praktiki kurslara;

- peşəkar Superviziya proqramlarına cəlb edilib və nəticədə yüksək peşəkar kompetensiyaya malik mütəxəssislər formalaşdırılıb.
Hazırda mərkəzdə fəaliyyət göstərəcək psixoloqların hazırlıq səviyyəsi ölkədə fəaliyyət göstərən qabaqcıl psixoloji xidmət mütəxəssisləri ilə rəqabət aparacaq səviyyədə qiymətləndirilir.
Bu gün Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, həmçinin xüsusi təyinatlı təhsil müəssisələri, idarə və təşkilatlarda psixoloji təminat üzrə fəaliyyətlərin icrası sistemli şəkildə təşkil olunur və daim nəzarətdə saxlanılır. Müasir dövrün tələblərinə uyğun olaraq, bu sahədə elmi əsaslandırılmış yanaşmalar, qabaqcıl beynəlxalq təcrübədən geniş istifadə edilir. Psixoloji təminat üzrə xidmət aparan mütəxəssislər tərəfindən planlı monitorinqlər, fərdi və qrup şəklində psixoloji seanslar, psixodiaqnostik qiymətləndirmələr, psixoloji maarifləndirmə tədbirləri, psixoprofilaktik proqramlar həyata keçirilir. Görülən məqsədyönlü fəaliyyətlər nəticəsində şəxsi heyətin psixoloji dayanıqlığının möhkəmləndirilməsi, stresə davamlılığın artırılması, xidmət motivasiyasının gücləndirilməsi, kollektiv münasibətlərdə sağlam psixoloji mühitin formalaşdırılması və risk amillərinin vaxtında aşkar olunaraq, aradan qaldırılması istiqamətində mühüm nəticələr əldə edilir. Bu tədbirlər yalnız hərbi qulluqçuların psixoloji sağlamlığının qorunmasına deyil, eyni zamanda, onların peşəkar hazırlıq səviyyəsinin, intizamının, qərarvermə qabiliyyətinin və döyüş tapşırıqlarının yüksək məsuliyyətlə icraetmə bacarığının yüksəlməsinə bilavasitə təsir göstərir. Müasir təhlükəsizlik çağırışları, informasiya təsirləri, hibrid təhdidlər və yüksək emosional gərginlik tələb edən xidmət şəraiti psixoloji təminat sisteminin daha da təkmilləşdirilməsini strateji zərurətə çevirir. Bu baxımdan Psixoloji Təminat  İdarəsinin yaradılması Azərbaycan Ordusunda insan amilinə verilən yüksək dəyərin, şəxsi heyətin rifahına göstərilən diqqətin bariz nümunəsidir. Yeni idarənin fəaliyyəti psixoloji işin vahid konsepsiya əsasında əlaqələndirilməsinə, resursların səmərəli idarə olunmasına, peşəkar kadr potensialının gücləndirilməsinə və bütün qoşun növləri üzrə psixoloji iş fəaliyyətinin daha çevik təşkilinə geniş imkanlar yaradır. Eyni zamanda, bu strukturun formalaşdırılması gələcəkdə hərbi psixologiya sahəsində elmi tədqiqatların genişlənməsinə, milli metodoloji bazanın zənginləşdirilməsinə, qabaqcıl təcrübələrin tətbiqinə və psixoloji təminatın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə təkan verəcəkdir. Psixoloji təminat sahəsində atılan hər bir addım, əslində, ordunun döyüş hazırlığının, idarəetmə çevikliyinin və ümumi müdafiə potensialının gücləndirilməsinə xidmət edir. 
Nəticə etibarilə, Psixoloji Təminat İdarəsinin yaradılması təkcə yeni struktur vahidinin təşkili deyil, Azərbaycan Ordusunda müasir, dayanıqlı və insan mərkəzli idarəetmə modelinin formalaşdırılmasının mühüm göstəricisidir. Müasir çağırışlar fonunda psixoloji təminat sisteminin davamlı təkmilləşdirilməsi, peşəkar kadr hazırlığı və innovativ yanaşmaların tətbiqi ordunun ümumi hazırlıq səviyyəsini yüksəltməklə, həm fərdi hərbi qulluqçuların rifahına, həm də bütövlükdə rəşadətli Azərbaycan Ordusunun güclənməsinə öz töhfəsini verir.

Fuad CƏFƏROV

"Azərbaycan Ordusu"