Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 May 2026 14:04

XTQ-nin yaradılmasının 27-ci ildönümü qeyd olundu

30 aprel 2026-cı il tarixində Müdafiə Nazirliyinin xüsusi qoşun növlərindən biri olan, 27 il öncə Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə yaradılan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılması günü münasibətilə tədbir keçirildi.
Tədbirdə XTQ-nin rəhbər heyəti, hərbi qulluqçular və Respublika Hərbi Prokurorluğunun nümayəndələri iştirak etdilər. 
Əvvəlcə Vətən Müharibəsi Qəhrəmanı, XTQ komandanı general-mayor Ələkbər Cahangirov, Respublika hərbi prokurorunun müavini ədliyyə polkovniki Nihat Şıxəliyev və hərbi qulluqçular hərbi hissənin ərazisində ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstünü və şəhidlərin abidəsini ziyarət etdilər, önünə əklil və tər güllər qoydular.
General-mayor Azər Qasımov XTQ komandanına hərbi hissənin yaranması günü münasibətilə şəxsi heyətin toplandığı barədə məruzə etdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, suverenliyi, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə mərasim açıq elan olundu.
Polkovnik Fariz Sərxanov XTQ-nin yaranmasının 27-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun şəxsi heyətə təbrikini oxudu. Təbrikdə deyilir: "...Hər birinizin əzmkarlığı, peşəkarlığı və birlik ruhu sayəsində Azərbaycan Ordusu ölkəmizin müdafiəsində mühüm rol oynayır. Hərbi hissənin fəaliyyəti, zabit və əsgərlərin dövlətə bağlılığı hər zaman yüksək qiymətləndirilir. İnanıram ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə edəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə uğurlar arzulayıram".
General-mayor Ə.Cahangirov çıxış edərək bildirdi ki, 27 il öncə, 1999-cu ildə müasir Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və müdrik qərarı ilə Xüsusi Təyinatlı Qüvvələrin təməli qoyuldu. "O vaxt imzalanan fərman sadəcə bir sənəd deyildi. Bu, gələcəkdə torpaqlarımızın azad olunacağının, qazanılacaq böyük Zəfərin və Azərbaycan əsgərinin yenilməz iradəsinin müjdəsi idi". 
General-mayor Ə.Cahangirov onu da qeyd etdi ki, XTQ yarandığı ilk gündən Azərbaycan Ordusunun ən çevik və ən hazırlıqlı qoşun növlərindən biri olub. "Keçən 27 il ərzində xüsusi təyinatlılar hər bir döyüş tapşırığını yüksək peşəkarlıq və fədakarlıqla yerinə yetirib. Xüsusi təyinatlı olmaq sadəcə hərbi peşəyə mənsub olmaq deyil. Bu, xüsusi bir xarakter, polad iradə, yüksək mənəviyyat və Vətənə sonsuz bağlılıq deməkdir. Siz düşmənin kabusu oldunuz. Dağları, dərələri, keçilməz sıldırım qayaları aşan, "qeyri-mümkün" tapşırıqları qanı-canı bahasına yerinə yetirən əsl qəhrəmanlarsınız. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində yazdığınız qəhrəmanlıq dastanı bütün dünyaya Azərbaycan əsgərinin, xüsusilə də XTQ-nin gücünü, qətiyyətini və peşəkarlığını göstərdi". 
XTQ komandanı dövlətimizin başçısının döyüşçülərə, şəhid ailələrinə göstərilən diqqət və qayğısından, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışaraq vurğuladı ki, bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir, həmin torpaqlarda həyat öz axarına qayıdır. "Bu müqəddəs torpaqlarda dalğalanan üçrəngli bayrağımız sizin qəhrəmanlığınızın, qanınız və canınız bahasına qazanılmış Zəfərin rəmzidir".
"Qarabağ" ordenli polkovnik Alay Məmmədov çıxış edərək hərbi hissənin yarandığı gündən qarşıya qoyulan bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyini bildirdi. "2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, xalqımızın iradəsini və əsgərlərimizin yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Həmin döyüşlərdə XTQ-nin şəxsi heyəti düşmənin möhkəmləndirilmiş mühəndis-istehkam xəttini yararaq strateji əhəmiyyətli yüksəklikləri azad etdi. Bu döyüşlərdə göstərilən igidlik, şücaət və qəhrəmanlıq tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazıldı. Hər bir xüsusi təyinatlı o günlərdə cəsarətin, qeyrətin və Vətən sevgisinin rəmzinə çevrildi".
Sonra Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının Multimedia mərkəzi tərəfindən hazırlanan XTQ-nin "Andlı döyüşçülər" sənədli filmi nümayiş olundu.
Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının 27-ci ildönümü münasibətilə şəxsi heyətin mükafatlandırılması barədə müdafiə nazirinin, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin və "N" hərbi hissə komandirinin müvafiq əmrləri oxundu. Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya medal və fəxri fərman təqdim olundu. 
XTQ mənsublarının iştirakı ilə hərbi hissənin ərazisində ənənəvi ağacəkmə aksiyası keçirildi, xatirə şəkli çəkdirildi.

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"