AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:
“... Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələr yaradılmışdır. Ulu Öndər bu Fərmanı imzalamaqla növbəti dəfə böyük uzaqgörənlik göstərmişdir. Xüsusi Təyinatlı Qüvvələrin yaradılması İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdə də özünü sübut etdi”.
Azərbaycan Ordusunun döyüş qabiliyyətinin formalaşdırılmasında mühüm yer tutan Xüsusi Təyinatlı Qüvvələr (XTQ) yüksək hazırlıq səviyyəsi, çevik qərarvermə bacarığı və mürəkkəb şəraitdə tapşırıqları yerinə yetirmək qabiliyyəti ilə seçilir. Bu qüvvələr xüsusi seçilmiş heyətdən ibarət olmaqla, ən çətin əməliyyatların icrasına cəlb olunur. Onların fəaliyyəti yalnız döyüş meydanı ilə məhdudlaşmır, həm də strateji təhlükəsizliyin təmin olunması, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi və müxtəlif risklərin aradan qaldırılması kimi mühüm istiqamətləri əhatə edir.
XTQ-nin formalaşdırılması müstəqilliyin ilk illərində yaranmış zərurətdən irəli gəlib. Həmin dövrdə ölkəmiz qarşısında duran əsas vəzifələrdən biri müasir tələblərə cavab verən, çevik və operativ hərbi strukturların yaradılması idi. İlkin mərhələdə məhdud imkanlarla fəaliyyətə başlayan bu bölmələr zaman keçdikcə inkişaf etdirildi, onların maddi-texniki bazası gücləndirildi və hazırlıq sistemi yenidən quruldu. Bu proses nəticəsində XTQ qısa müddətdə Azərbaycan Ordusunun ən peşəkar birləşmələrindən birinə çevrildi.
Bu qüvvələrə qəbul ciddi seçim mərhələlərindən keçir. Namizədlər fiziki dözümlülük, psixoloji dayanıqlıq və taktiki düşünmə qabiliyyəti baxımından sınaqdan keçirirlər. Yalnız ən hazırlıqlı şəxslər bu mərhələləri uğurla keçərək xüsusi təyinatlı adını qazanır. Qəbuldan sonra şəxsi heyət uzunmüddətli hazırlıq kurslarına cəlb olunur və müxtəlif döyüş şəraitinə uyğun biliklər əldə edir.
Hazırlıq prosesi çoxşaxəlidir və fərqli iqlim şəraitlərini əhatə edir. Dağlıq ərazilərdə keçirilən məşqlər döyüşçülərin çətin relyefdə hərəkət imkanlarını genişləndirir. Meşəlik sahələrdə aparılan tapşırıqlar gizli fəaliyyət və maskalanma bacarıqlarını artırır. Şəhər şəraitində keçirilən məşğələlər isə yaxın məsafəli döyüşlərin xüsusiyyətlərini öyrədir. Bundan əlavə, paraşütlə tullanma, su maneələrinin dəf edilməsi və gecə vaxtı əməliyyatların icrası kimi xüsusi hazırlıq növləri də geniş tətbiq olunur.
XTQ-nin əsas fəaliyyət istiqamətlərindən biri də düşmənin arxa cəbhəsində icra olunan əməliyyatlardır. Bu zaman bölmələr kəşfiyyat məlumatları toplayır, strateji obyektlərə təsir göstərir və qarşı tərəfin döyüş imkanlarını zəiflədir. Belə tapşırıqların yerinə yetirilməsi yüksək koordinasiya və dəqiqlik tələb edir. Döyüşçülər həm fərdi, həm də qrup şəklində fəaliyyət göstərərək qarşıya qoyulan vəzifələri icra edirlər.
2016-cı ilin Aprel döyüşləri zamanı xüsusi təyinatlılar mühüm uğurlara imza atdılar. Qısa müddət ərzində həyata keçirilən əməliyyatlar nəticəsində bir sıra strateji yüksəkliklər nəzarət altına alındı. Bu nailiyyətlər cəbhə xəttində üstünlüyün əldə olunmasına imkan verdi. Döyüşçülərin qətiyyəti və peşəkarlığı həmin döyüşlərdə özünü açıq şəkildə göstərdi və Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi.
Aprel döyüşlərində qazanılan təcrübə sonrakı illərdə XTQ-nin hazırlıq prosesində geniş tətbiq olundu. Bu təcrübə taktiki planlaşdırmanın təkmilləşdirilməsinə, yeni yanaşmaların tətbiqinə, şəxsi heyətin bilik səviyyəsinin artırılmasına və daha böyük uğurların qazanılmasına zəmin yaratdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələr ən çətin istiqamətlərdə fəaliyyət göstərdi. Dağlıq və meşəlik ərazilərdə aparılan əməliyyatlar, düşmənin möhkəmləndirilmiş müdafiə xətlərinin yarılması və mühüm mövqelərin ələ keçirilməsi bu bölmələrin üzərinə düşürdü. Döyüşçülər çətin şəraitdə irəliləyərək yaşayış məntəqələrinin azad edilməsində iştirak etdilər. Bu fəaliyyət qələbənin təmin olunmasında mühüm rol oynadı.
Müharibədən sonrakı dövrdə hazırlıq prosesi daha da intensivləşdirildi. Müxtəlif mövzular üzrə taktiki-xüsusi təlimlər keçirildi. "Dərin qar və şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması" mövzusunda təşkil olunan təlimlər zamanı xüsusi təyinatlılar əməliyyat rayonunun dərinliyinə sızaraq, şərti düşmənin diversiya qruplarını zərərsizləşdirdilər. Yüksək dağlıq ərazilərdə hərəkət qaydaları, sıldırım yamacların aşılması və çətin keçilən sahələrdə fəaliyyət bacarıqları məşq etdirildi.
Müxtəlif təlimlərdə qarlı-şaxtalı hava şəraitində xizəkli vasitələrlə yerdəyişmə, pusqu və dayaq məntəqələrinin ələ keçirilməsi kimi tapşırıqlar icra edildi. Döyüş qrupları şəklində fəaliyyət göstərən bölmələr həmlə obyektlərini nəzarətə götürərək, qarşı tərəfin təminat yollarını bağladı. Bu cür məşqlər şəxsi heyətin ekstremal şəraitdə fəaliyyət qabiliyyətini artırır.
Snayperlərin hazırlığı da xüsusi diqqət mərkəzində saxlanılır. Onlar fərdi və cütlük şəklində hərəkət, atəş mövqeyinin seçilməsi, maskalanma və müxtəlif məsafələrdə yerləşən hədəflərə dəqiq atəşaçma bacarıqlarını inkişaf etdirirlər. Bu istiqamətdə keçirilən məşqlər döyüş tapşırıqlarının uğurla icra olunmasına mühüm təsir göstərir.
XTQ bölmələri ilə keçirilən digər mərhələli təlimlər zamanı kəşfiyyat tapşırıqları və xüsusi əməliyyatlar icra olunur. Aviasiya, artilleriya və pilotsuz uçuş aparatlarının dəstəyi ilə müəyyən edilmiş ərazilərin nəzarətə götürülməsi üzrə fəaliyyətlər yerinə yetirilir. Eyni zamanda, yüksək dağlıq və meşəlik ərazilərdə çətin maneələrin dəf edilməsi üzrə şəxsi heyətin bacarıqları təkmilləşdirilir.
Beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilən tədbirlər də XTQ-nin fəaliyyətində mühüm yer tutur. "Sarsılmaz Tərəfdaşlıq-2025" birgə təlimi zamanı Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin xüsusi təyinatlıları arasında qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsi həyata keçirilir. Təlim çərçivəsində atəş hazırlığı, desant əməliyyatları, snayper fəaliyyəti və yaşayış məntəqələrinin təmizlənməsi kimi tapşırıqlar icra olunur. Bu cür tədbirlər hərbi qulluqçuların peşəkarlığının artırılmasına xidmət edir.
Ölkəmizdə keçirilən "Üç qardaş-2021" beynəlxalq təlimi də xüsusi əhəmiyyətə malikdir. Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının iştirakı ilə keçirilən bu təlim qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından mühüm rol oynayıb. Təlim zamanı iştirakçılar müxtəlif ssenarilər üzrə tapşırıqları yerinə yetirərək, praktiki vərdişlərini artırıblar. Bu cür tədbirlər ölkələr arasında hərbi əlaqələrin möhkəmlənməsinə töhfə verir.
Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyətində mənəvi dəyərlər də mühüm yer tutur. Vətənə bağlılıq, Hərbi Anda sədaqət və yüksək məsuliyyət hissi hər bir döyüşçünün əsas xüsusiyyətlərindəndir. Bu keyfiyyətlər onların çətin şəraitdə belə tapşırıqları uğurla yerinə yetirməsinə imkan verir.
Bu gün Xüsusi Təyinatlı Qüvvələr Azərbaycan Ordusunun ən peşəkar və güclü birləşmələrindən biri kimi fəaliyyət göstərir. Onların keçdiyi inkişaf yolu, qazandıqları təcrübə və əldə etdikləri nailiyyətlər bu qüvvələrin yüksək səviyyədə formalaşdığını göstərir. Müasir çağırışlara uyğunlaşan bu bölmələr gələcəkdə də dövlətimizin təhlükəsizliyinin qorunmasında mühüm rol oynayacaq.
Xüsusi Təyinatlı Qüvvələrin tarixi böyük fədakarlıq və qəhrəmanlıq nümunələri ilə zəngindir. Onların xidmət yolu Azərbaycan Ordusunun gücünü və qətiyyətini əks etdirir. Əminik ki, qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bu qüvvələr bundan sonra da öz fəaliyyətini yüksək səviyyədə davam etdirəcək.
Əli ABIYEV
"Azərbaycan Ordusu"