Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 May 2026 14:04

“Silahı daha yaxşı öyrənməliyik”

Səhərdir. Əsgərlər dağların ətəyində yerləşən məşğələ yerlərinə gedirlər. Onların arasında tank əleyhinə qurğunun heyəti də var. Hərbi qulluqçular çöl məşğələsində onlara təhkim olunan silah haqqında nəzəribilik və praktiki bacarıqlarını təkmilləşdirirlər. Hər bir silaha uyğun ərazidə dərs yerləri hazırlanıb. Orada hər silahın öz hədəfi var. Tank əleyhinə qurğunun heyəti məşğələ yerində silahın taktiki-texniki xüsusiyyətlərini öyrənir. Məşğələ yerində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Polad Məmmədov əsgərlərə tank əleyhinə qurğunun döyüşdə tətbiqini izah edirdi.  
Baş çavuş P.Məmmədov Gədəbəy rayonunda anadan olub. O, 10 ildən artıqdır ki, ordu sıralarında xidmət edir. İkinci Qarabağ müharibəsi zamanı Polad Gədəbəy rayonunun Ermənistanla sərhəd hissəsində Vətənin müdafiəsində dayanıb. Döyüşdə məğlub olan düşmən Poladgilin olduğu mövqeləri artilleriya qurğularından atəşə tutub. Ermənilər həmin istiqamətdə hücum etməsə də, tez-tez onların müdafiə olunduğu postu gərginlikdə saxlamaqda davam edib. Polad dedi ki, o zaman onun da olduğu bölmənin döyüş tapşırığı düşmənin fəaliyyətini izləmək, ehtimal olunan hücum cəhdinin qarşını almaq idi. "Əsas döyüşlərin getdiyi istiqamətdə silahdaşlarımız torpaqlarımızı işğaldan azad etmək üçün döyüşür, düşmənə qan uddururdu. Düşmən ordumuzun gücü qarşısında tab gətirə bilmirdi. İşğal altında olan yurd yerlərimiz azad olunduqca bizim də qələbə olan inamımız artırdı". 
Baş çavuş P.Məmmədov tank əleyhinə qurğunun heyət komandiri kimi tabeliyində olan heyət nəfərlərinə silahın sirlərini aşılaya bilib. Bu illər ərzində neçə-neçə müddətli əsgərləri öyrədib. Onlar dərs cədvəlinə uyğun olaraq praktiki atışlar da icra ediblər. 
Tuşlayıcı əsgər Ziya Qurbanlı Qobustan rayonundan ordu sıralarına çağırılıb. Ali təhsillidir. Tank əleyhinə qurğunun heyət üzvü kimi silah haqqında biliklərə yiyələnib. Əsgər Z.Qurbanlı dedi ki, tank əleyhinə qurğudan bir neçə dəfə təlim atış çalışması da yerinə yetirib. 
Heyət nəfəri əsgər Məhəmməd Əliyev də ali təhsillidir. O Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Vətən qarşısında övladlıq borcunu yerinə yetirməkdən qürur duyduğunu dedi. Heyət üzvü olduğu tank əleyhinə qurğuya gəlincə bildirdi ki, gənc əsgər hazırlığı dövründə silahla bağlı ilkin biliklərə yiyələnib. "Bizə təhkim olunan silahın taktiki-texniki xüsusiyyətlərini, istifadə qaydalarını dərindən öyrənməliyik. Bunun üçün də keçirilən məşğələlərdə həvəslə iştirak edir, komandirlərimiz tərəfindən aşılananları daha yaxşı mənimsəməyə çalışırıq". 
Əsgər Elcan İbrahimov da heyət üzvüdür. Tank əleyhinə bölmədə xidmət etmək onun üçün maraqlıdır. Atıcı silahlarla bağlı hələ orta məktəbdə oxuduğu illərdə dolğun məlumat alıb. Bu gün isə hərbi xidmətdə tank əleyhinə qurğunun heyət nəfəridir, hətta həmin silahdan təlim atış çalışmasını da yerinə yetirib. Qurğu haqqında lazımi biliyə malik olduğu üçün özünü rahat hiss edir. Elcan dedi ki, onun üzvü olduğu heyətə verilən tapşırığı heç bir çətinlik çəkmədən istənilən an düzgün və vaxtında yerinə yetirməyə hazırdır. 
Heyət baş çavuş P.Məmmədovun nəzarəti altında heyət tank əleyhinə silahın taktiki-texniki xüsusiyyətlərini öyrənməklə ondan istifadə qaydalarını təkrarlayır. Əsgərlər tank əleyhinə qurğunu "səfərə" vəziyyətindən "döyüşə" vəziyyətinə gətirməklə hər an döyüş tapşırığını yerinə yetirməyə qadir olduqlarını təsdiq etdilər. Biz məşğələ yerindən ayrılanda heyət hələ də dərsə davam edir, bilik və bacarıqlarını artırırdı.

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"