AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bu gün regionun ən güclüsü olan ordumuzun arsenalının və maddi-texniki bazasının gücləndirilməsi, hərbi qulluqçularımızın bilik və bacarıqlarının artırılması, eləcə də onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində plana uyğun olaraq islahatlar həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən həyata keçirilən irimiqyaslı islahatlar ordumuzun digər qoşun növləri kimi, Mühəndis Qoşunlarının hissə və bölmələrini də əhatə edir.
Azərbaycan Ordusunun Mühəndis Qoşunları 44 günlük Vətən müharibəsindən əvvəl, torpaqlarımızın azad olunması uğrunda gedən döyüş əməliyyatları zamanı, eləcə də müharibədən sonrakı dövrlərdə öz üzərinə düşən tapşırıqları uğurla yerinə yetirdi. İkinci Qarabağ müharibəsinin ilk günlərindən etibarən ordumuzun bölmələrinin irəliləməsi və işğal altında olan ərazilərimizi azad etməsi üçün keçidlərin açılması, maneələrin dəf olunması, o cümlədən "Ohanyan səddi"nin yarılması zəruri idi. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində bu "keçilməz sədd"in qısa zaman ərzində dəf edilməsi də məhz Böyük Qələbənin başlanğıcı oldu. Döyüş tapşırıqları mühəndis-istehkam bölmələrinin arsenalında olan müasir texnika və avadanlıqlardan istifadə edilməklə müvəffəqiyyətlə yerinə yetirildi. Vətən müharibəsi zamanı Mühəndis Qoşunlarının hissə və bölmələri üzərinə düşən vəzifələri - bölmələrin hərəkət qabiliyyətini artırma, keçid açma, mühəndis maneələrinin dəf olunması, mina, kustar üsullarla hazırlanmış partlayıcı qurğu və döyüş sursatlarının zərərsizləşdirilməsi, təminat yollarının salınması, həmçinin "Zəfər yolu"nun açılması və digər fəaliyyətləri yüksək səviyyədə icra etməklə tarixi Qələbənin qazanılmasında böyük pay sahibi oldular.
Mühəndis Qoşunlarının işi müharibənin başa çatması ilə yekunlaşmadı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun qələbəsi ilə yekunlaşan Vətən müharibəsindən sonrakı dövrdə də azad olunmuş ərazilərimizdə mühəndis işləri davam etdirildi. Yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın öz ata-baba ocaqlarına qayıtması, onların təhlükəsizliyinin təmin olunması üçün işğaldan azad olunmuş ərazilərimizin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi mühəndis-istehkam bölmələrinin qarşısında yeni vəzifə və tapşırıqlar qoydu. Ərazilərimizin təmizlənməsi üçün həm xüsusi bölmələr yaradıldı, həm də Mühəndis Qoşunları digər aidiyyəti dövlət qurumları ilə birgə bu işə cəlb olundular. Çox məsuliyyətli, xüsusi diqqət tələb edən bu fəaliyyət planlı şəkildə həyata keçirilməyə başlandı.
Məlumdur ki, erməni silahlı birləşmələri ərazilərimizi minalayarkən, mülki əhalini də hədəfə alırdılar. Müxtəlif partlayıcı qurğularla çirklənən evlərin, məzarlıqların, su hövzələrinin təmizlənməsi üçün yaradılan mina və əldəqayırma partlayıcı maddələrlə mübarizə bölmələrinin şəxsi heyəti müvafiq kurslar keçdikdən sonra bu ərazilərdə partladıcı qurğuların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri yerinə yetirdilər.
Aşkar olunan döyüş sursatları təlim mərkəzlərində təhlükəsizlik qaydalarına ciddi riayət etməklə həm partlayış, həm də yandırma üsulları ilə zərərsizləşdirilir.
Bundan başqa, azad olunmuş ərazilərimizdə iqlim relyefinin sərt olması həmin ərazilərdə istifadə olunan yolların istər qış, istərsə də digər mövsümlərdə daim işlək vəziyyətdə saxlanılmasını, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətini tələb edirdi. Mühəndis bölmələri tərəfindən bu istiqamətdə də zəruri tədbirlər plana uyğun olaraq icra olundu və bu gün də yerinə yetirilməkdədir. Eyni zamanda, tərtiblənmə yerlərində bölmələrimizin fortifikasiya işləri və mühəndis təminatı tapşırıqlarının icrası uğurlu şəkildə həyata keçirilir.
Bu gün də Mühəndis Qoşunlarının hissə və bölmələri Vətən müharibəsi və ondan sonrakı əməliyyatlar, eləcə də dünyanın müxtəlif yerlərində baş verən silahlı münaqişələrin təcrübəsi nəzərə alınmaqla, mühəndis təminatı üzrə tapşırıqları yüksək səviyyədə icra edirlər.
Mühəndis Qoşunları bölmələrinin şəxsi heyəti ilə keçirilən məşğələləri işıqlandırmaq məqsədilə "N" hərbi hissəsinin Mühəndis-İstehkam Mərkəzində yaradılmış şəraitlə tanış olduq.
Diqqətimizi kiçik mütəxəssislərin hazırlanması və ərazinin minalardan təmizlənməsi üçün müasir standartlara cavab verən simulyator sistemləri cəlb etdi.
Hərbi hissənin zabiti mayor Elman Tağıyev məlumat üçün bildirdi ki, mühəndis təminatı üzrə tapşırıqları yerinə yetirmək üçün mütəmadi olaraq, şəxsi heyətlə döyüş hazırlığı məşğələləri keçirilir. "Yeni quraşdırılan simulyatorlar uzunmüddətli akademik tədqiqatların və inkişaf etmiş fizika mühərriklərinin istifadəsi nəticəsində, real maşın üzərində aparılmış genişmiqyaslı test və ölçmə metodları ilə təsdiqlənmiş, yüksək dəqiqlikli və real dinamik xüsusiyyətlərə malikdir. Maddi-texniki təminatın gücləndirilməsi məqsədilə silahlanmaya daxil edilmiş mühəndis silahlandırma vasitələri və müasir mexaniki minatəmizləmə avadanlıqları yüksək taktiki-texniki göstəricilərə və geniş tətbiq imkanlarına qadirdir".
Fürsətdən istifadə edib simulyatorlarda praktiki dərslərə cəlb olunmuş heyətin fəaliyyətini də izlədik, onlarla həmsöhbət olduq.
Vətən müharibəsi zamanı texnikaların döyüş meydanından təxliyə olunması tapşırıqlarını icra edən gizir Tural Tağıyev bildirdi ki, istənilən şəraitdə qarşıya qoyulmuş mühəndis təminatı tapşırıqlarını yerinə yetirmək üçün praktiki vərdişlərimizi daim artırmalıyıq. "Gördüyünüz kimi, mütəmadi olaraq dərslər keçirik. Dərslər zamanı öyrəndiklərimizi praktik olaraq icra edirik. Hər birimiz vəzifəmizin məsuliyyətini dərindən dərk edirik".
Təlimatçı gizir İsgəndər Bəhramov qeyd etdi ki, plana uyğun olaraq heyətə texniki hazırlıq və mühəndis hazırlığı üzrə dərslər keçirilir. "Ərazidə keçirilən praktiki dərslərdə mühəndis texnikası və avadanlıqlarının taktiki-texniki xüsusiyyətləri aşılanır. Bundan başqa, hərbi qulluqçular müasir simulyatorlarda kolon yollarının çəkilməsi, xəndəklərin, səngərlərin və çalaların doldurulması, qalaqlardan keçidlərin açılması və təminat yollarının qardan təmizlənməsi üzrə mühəndis tapşırıqlarını yerinə yetirməklə praktiki vərdişlərini təkmilləşdirirlər. Həmçinin səngərlərin, kiçik çalaların qazılması, yükləmə və boşaltma işlərinin yerinə yetirilməsi, materialların yükləyici təknə vasitəsilə kiçik məsafələrə daşınması və digər fəaliyyətlər də praktiki olaraq icra olunur. Tamamilə orijinal nəqliyyat vasitəsi avadanlıqları ilə təchiz olunan simulyatorlar real maşın idarəetmə hissini verir".
Təlimatçı hərbi qulluqçumuz sözünə davam edərək bildirdi ki, şəxsi heyətə, həmçinin simulyatorlarda realistik dərslərlə virtual iş mühitində düzgün operator texnikasını, maşın idarəetməsini və təhlükəsiz əməliyyat qaydaları da öyrədilir. Digər otaqda hərbi qulluqçular təlimatçı zabit Güman Əliyevin nəzarəti altında müasir minaaxtarma simulyatoru ilə fəaliyyətləri yerinə yetirirdilər. Zabit qeyd etdi ki, xüsusi hazırlanmış hissədə istehkamçılar ərazinin kəşfi, minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi mövzusunda fəaliyyətlər üzrə bacarıqlarını praktiki təkmilləşdirirlər. "Bölmələrdə olan müasir avadanlıqlar keçirilən dərsin effektliyini daha da artırır. Məşğələlərdə əsas məqsəd hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin, eləcə də silahlanmada olan müasir mühəndis texnikası və avadanlıqlarından effektiv tətbiqi, istismarı üzrə bacarıqlarının artırılmasıdır". Hərbi qulluqçular da yaradılan bu şəraitdən səmərəli istifadə edərək onlara təhkim olunan qurğunun taktiki-texniki xüsusiyyətlərini, ərazidə tətbiqi imkanlarını öyrənirlər.
Bölmədə yaradılan şərait, hərbi qulluqçularla söhbətlərimizdən sonra bir daha əmin oluruq ki, ordumuzun digər bölmələri kimi, Mühəndis Qoşunlarının hissə və bölmələri də öz praktiki vərdişlərini təkmilləşdirməklə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma, bərpa və abadlıq işlərinin aparılmasına mühüm töhfə verirlər.
Elçin İMANOV
"Azərbaycan Ordusu",
fotolar Vüsal HƏMİDOVUNDUR