Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2026 19:12

Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirildi

Əməkdar elm xadimi, həkim-oftalmoloq, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirildi.
Əvvəlcə Fəxri xiyabanda dünya şöhrətli alim, görkəmli elm xadimi Zərifə xanım Əliyevanın məzarı ziyarət olundu, önünə əklillər qoyuldu, əziz xatirəsi böyük ehtiramla yad edildi.
Sonra Heydər Əliyev adına Hərbi İnstitutda akademik Zərifə xanım Əliyevanın "Vətənə xidmət nümunəsi: Azərbaycanın şanlı tarixində qadının rolu" adlı xatirə gecəsi təşkil olundu.
Tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçuları, Milli Müdafiə Universitetinin və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim və kursant heyəti, respublikamızın tanınmış elm, təhsil, səhiyyə, ədəbiyyat və incəsənət nümayəndələri iştirak etdilər.
Xatirə gecəsində əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, Zərifə xanım Əliyevanın və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Daha sonra Azərbaycan xalqının parlaq siması, böyük şəxsiyyət, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın örnək ömür yoluna həsr olunmuş videoçarx nümayiş olundu.
Gecəni giriş nitqi ilə açıq elan edən aparıcı, həyatını elmin tərəqqisinə, xalqın sağlamlığına və Vətəninə həsr etmiş Azərbaycanın Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinin yad edilməsi üçün toplaşdıqlarını vurğuladı. Bildirildi ki, Əməkdar elm xadimi, həkim-oftalmoloq, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş bu gecə təkcə bir xatirə görüşü deyil, həm də Azərbaycan qadınının cəmiyyətdə və elmdə əvəzolunmaz rolunu göstərən misilsiz nümunədir. Bu xatirə gecəsinin yalnız keçmişə ehtiram deyil, həm də onun gələcəkdə işıqlı yolunun davam etdirilməsi üçün bir çağırış olduğu tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Daha sonra söz tədbirdə iştirak edən qonaqlara verildi. Türk Ağsaqqalları Birliyinin sədri, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Sudeyf İmamverdiyev, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlilli, filologiya elmləri doktoru, professor Fəridə Şəfiyeva, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini Eyvaz Hünbətov çıxışlarında akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminə, cəmiyyətinə bəxş etdiyi misilsiz töhfələrdən, tibb elminə gətirdiyi yeniliklərdən, Azərbaycan qadınının parlaq siması və Vətəninə, xalqına xidmət nümunəsi olaraq, Azərbaycan tarixində xüsusi yeri olduğundan geniş bəhs etdilər. Bildirildi ki, 1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, o cümlədən traxoma geniş yayılmışdı. İnsanları bu xəstəlikdən xilas etmək, səmərəli müalicə metodlarını və profilaktik tədbirləri işləyib hazırlamaq lazım idi. Zərifə xanım Əliyeva belə bir vaxtda Moskvadan Vətənə qayıdır və 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. Çox keçmədi ki, onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma xəstəliyi aradan qaldırıldı.
Oftalmoloq-cərrah, tibb üzrə fəlsəfə doktoru, dosent Fərəh Abduləliyeva qeyd etdi ki, Zərifə xanım Əliyeva oftalmologiyanın inkişafına verdiyi mühüm töhfələrə görə SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbax adına mükafata layiq görüldü. Bu mükafat həmin dövrdə oftalmologiya sahəsində ən yüksək elmi mükafatlardan biri hesab edilirdi. Ən önəmlisi isə odur ki, Zərifə xanım Əliyeva bu mükafata layiq görülən ilk qadın alim kimi də tarixə düşdü.
Tibb elmləri doktoru, professor Sudeyf İmamverdiyev vurğuladı ki, Zərifə xanım öz sənətinin həm şairi, həm də ustadı idi. “Belə bir xanım, belə bir dahi şəxsiyyət idi Zərifə xanım. Mən Zərifə xanımın qarşısında öz borcumu necə ödəyəcəyimi düşünürdüm. Təşəbbüskarlığım və təşkilatçılığımla şəhərimizin 6-cı mikrorayon ərazisində geniş bir park salındı. Bu park Zərifə Əliyeva parkıdır”.
Xatirə gecəsi Müdafiə Nazirliyinin hərbi qulluqçusu, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru mayor Reyhan Maniyevanın görkəmli elm xadimi Zərifə xanım Əliyevanın ömür yolu haqqında geniş və ətraflı çıxışı ilə davam etdi: "Bu gün biz Azərbaycan xalqının görkəmli ziyalısı, böyük alim, fədakar həkim və nəcib Azərbaycan qadınının parlaq simvolu olan Zərifə xanım Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad etmək üçün toplaşmışıq. Onun həyatı elmə sədaqətin, insanlara mərhəmətin, milli-mənəvi dəyərlərə bağlılığın və yüksək vətəndaş məsuliyyətinin nadir nümunəsidir. Zərifə xanım yalnız oftalmologiya elminə mühüm töhfələr verməmiş, eyni zamanda, öz mənəvi ucalığı, ziyalılığı və ailə dəyərlərinə bağlılığı ilə bütöv bir nəsil üçün örnəyə çevrilmişdir”.
Azərbaycan tarixində qadının həmişə müqəddəs dəyərlərin daşıyıcısı, ailənin dayağı, cəmiyyətin mənəvi sütunu olduğunu qeyd edən mayor R.Maniyeva bildirdi ki, Azərbaycan qadını yalnız ailədə deyil, dövlət quruculuğunda, elmdə, səhiyyədə, mədəniyyətdə və hərb sahəsində də öz sözünü demişdir. “Bu baxımdan "ordu və qadın" anlayışı təsadüfi deyil, tarixi köklərə malik bir həqiqətdir. Tomrisdən başlayaraq, Nigar, Həcər qəhrəmanlığına qədər Azərbaycan qadını hər zaman Vətən uğrunda mübarizədə kişilərlə eyni sırada dayanmışdır.
Bu gün də həmin ənənə şərəflə davam edir. Müasir Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçular peşəkarlıqları, intizamları və Vətənə sədaqətləri ilə seçilirlər. Onlar yalnız hərbi geyimin daşıyıcısı deyil, həm də milli ruhun, mənəvi gücün və vətənpərvərlik iradəsinin təcəssümüdürlər. Azərbaycan qadını sübut etmişdir ki, zərifliklə güc, mərhəmətlə cəsarət, həssaslıqla qətiyyət bir arada mövcud ola bilər”.
R.Maniyeva onu da vurğuladı ki, xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan qadını müxtəlif sahələrdə böyük fədakarlıq nümunələri göstərdi. “Cəbhə bölgəsində çalışan həkimlərimiz, tibb işçilərimiz, hərbi hospital personalı yaralıların həyatının xilası üçün gecə-gündüz çalışdılar. Arxa cəbhədə çalışan analarımız, müəllimlərimiz, könüllülərimiz, informasiya cəbhəsində mübarizə aparan xanımlarımız milli birliyimizin möhkəmlənməsində əvəzsiz rol oynadılar. Hərbi xidmət keçən qadın qulluqçularımız isə döyüş hazırlığı, təminat və idarəetmə sahələrində məsuliyyətlə fəaliyyət göstərərək, şanlı Qələbəmizə öz töhfələrini verdilər.
Bu tarixi zəfərin başında isə müdrik siyasi iradə, güclü liderlik və sarsılmaz qətiyyət dayanırdı. Möhtərəm Prezident İlham Əliyev cənablarının Ali Baş Komandan kimi nümayiş etdirdiyi yüksək sərkərdəlik məharəti, strateji uzaqgörənliyi və xalqla ordu arasında yaratdığı möhkəm birlik Azərbaycanın adını qalib dövlətlər sırasına yazdı. Bu gün qürurla deyə bilərik ki, Zərifə xanımın tərbiyə etdiyi övlad yalnız bir ailənin deyil, bütöv bir xalqın liderinə çevrilmiş, Müzəffər Orduya rəhbərlik edərək, tarixi ədaləti bərpa etmişdir. Bu, bir ananın mənəvi irsinin, tərbiyəsinin və dəyərlərinin ən uca təzahürüdür.
Bu uğurların ideoloji və siyasi təməlində isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu dayanır. Güclü ordu quruculuğu, milli həmrəylik, müstəqil dövlətçilik düşüncəsi və qadına verilən yüksək dəyər məhz Ulu Öndərin uzaqgörən siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur. Bu gün Azərbaycan qadınının cəmiyyətdə və orduda qazandığı mövqe də həmin siyasi irsin nəticəsidir.
Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın humanizmə, milli-mənəvi dəyərlərə, şəhid ailələrinə, döyüşdə sağlamlığını itirən müharibə əlillərinə diqqət və qayğısı, həmçinin ümumən sosial-maddi rifaha yönəlmiş çoxşaxəli fəaliyyəti də Azərbaycan qadınının dövlət idarəçiliyində necə böyük missiya daşıdığını nümayiş etdirir. Onun təşəbbüsləri cəmiyyətimizdə mərhəmət, həmrəylik və vətəndaş məsuliyyəti kimi ali keyfiyyətlərin güclənməsinə mühüm töhfə verir”.
Çıxışının sonunda R.Maniyeva bildirdi ki, bu gün biz Zərifə xanımı yad edərkən, yalnız keçmişi xatırlamırıq. “Biz onun simasında Azərbaycan qadınının əbədi obrazını görürük: ziyalı, mərhəmətli, güclü, müdrik və vətənpərvər qadın obrazını. O irs bu gün Azərbaycan Ordusunda xidmət edən qadınlarımızın simasında yaşayır, elm ocaqlarında davam edir, ailələrdə yeni nəsillərə ötürülür, dövlətimizin uğurlarında öz əksini tapır.
Qoy Zərifə xanım Əliyevanın nurlu xatirəsi daim yaşasın, onun mənəvi irsi gələcək nəsillərə yol göstərsin. Azərbaycan qadını var olduqca, bu irs yaşayacaq, Vətənə xidmət ruhu daim yüksələcəkdir".
Şəxsi Heyət Baş İdarəsi İdeoloji İdarəsinin Qadınlarla iş sektorunun müdiri Zümrüd Səmədova Azərbaycanın görkəmli alimi, akademik Zərifə xanım Əliyevanın parlaq xatirəsinə həsr olunmuş "Vətənə xidmət nümunəsi: Azərbaycanın şanlı tarixində qadının rolu" adlı gecəyə toplaşan qonaqlara dərin minnətdarlığını ifadə etdi: "Burada çıxış edən hər kəs akademik Zərifə xanım  Əliyevanın irsinin dəyərliliyini, zəruri tərəflərini bütün heyətə açıqladı. Bunun üçün icazə verin, gələn qonaqlarımızı alqışlayaq. Müdafiə Nazirliyinin rəhbərliyi adından sizə öz dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun, əziz qonaqlar. Yaxşı ki, bu gün dəyərli vaxtınızı bizə sərf etmisiniz. Bu gün siz ordu kollektivinə, hərbçilərimizə Zərifə xanım irsinin öyrədilməsinə çox zəruri köməklik göstərdiniz. Hərbi kollektivdə bizim ordu qadınlarına Zərifə xanım Əliyevanın zəngin irsinin öyrədilməsində sizin hər birinizin çıxışı, doğrudan da, böyük işdir. Zərifə xanım Əliyeva haqqında saatlarla danışmaq olar. Zərifə xanım unudulmaz alim, mehriban ana, qayğıkeş insan, gözəl nənə, ən əsas Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı idi. Bilirsiniz, belə bir dahi şəxsiyyətin ömür-gün yoldaşı olmaq, doğrudan da, çətindi. Həm ömür-gün yoldaşı, həm ana, həm də onun yolunu gözləyən xalqımızın övladları... Yüzlərlə insanın gözlərinə işıq verirdi. Qəlblərinə ruh verirdi. Bu gün onun yolunu davam etdirən respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır ki, Zərifə xanım Əliyevanın yolunu xalqımıza şərəfli işi ilə davam etdirir. Mehriban xanım Əliyeva da qayğıkeş insan, qayğıkeş ömür-gün yoldaşı, mehriban ana, gözəl nənədir".
Gecənin sonunda respublikamızın tanınmış incəsənət nümayəndələri Əməkdar artist Gülüstan Əliyeva və sevilən müğənni Elnur Məmmədov maraqlı musiqi nömrələri təqdim etdilər.

Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"