AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 41 il ötür. Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində görkəmli dövlət və elm xadimi Əziz Əliyevin ocağında dünyaya göz açmışdı. Zərifə xanım Əliyeva 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun “Müalicə-profilaktika” fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir.
1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirir. 1960-1967-ci illərdə Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona "Oftalmologiya" ixtisası üzrə böyük elmi işçi adı vermişdir.
XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur. Traxoma ilə yanaşı, Zərifə Əliyeva qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi.
Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.
Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi.
Zərifə xanım Əliyeva 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur.
Ömrünün son illərinə kimi həmin kollektivə rəhbərlik etmişdir. İnstitut mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin - Zərifə xanımın atasının adını daşıyırdı.
İnstitutda çalışan dövrdə Zərifə xanım bir çox cərrahiyyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik onun fəaliyyəti yalnız çalışdığı klinikaya qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir. Bununla yanaşı, o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparır.
Alim öz tədqiqatlarında oftalmologiyanın bir sıra aktual məsələlərinə - diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsinə xüsusi diqqət yetirirdi. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin, demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi.
Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində - H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Bundan sonra onun fəaliyyəti daha da genişləndi.
Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətdə rəğbət qazanmışdır. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn: "Herpetik göz xəstəliyi", "Ağır virus konyunktivitləri" və s. məhz bu məsələlərə həsr olunmuşdur.
Elmi araşdırmalar nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" monoqrafiyalarını çap etdirdi. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Z.Əliyevanın daktriologiyadan bəhs edən - "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi" monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. Zərifə xanım Əliyeva fundamental "Terapevtik oftalmologiya" kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Z.Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdü. Zərifə xanım M.İ.Averbax adına mükafata layiq görülmüş ilk azərbaycanlı qadındır.
Alim gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, "Yüksək etimad" adlı kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir.
Z.Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.
Görkəmli alimin 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksək ixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərinə görə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi respublikanın akademiklər ailəsinə yeni istiqamət, yeni nəfəs gətirdi. Adı Azərbaycan oftalmoloqları arasında Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alim-oftalmoloq kimi tarixə düşdü.
Akademik Z.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi. Z.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır.
Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları - Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi.
Zərifə xanımın həkimlik sənəti ilə bağlı bir fikri də diqqəti cəlb edir: "Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır".
Xalq yazıçısı Elmira Axundovanın "Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət" kitabında oxuyuruq: "Özü də çoxsaylı vəzifələrinin heç birinə qətiyyən formal yanaşmırdı. Məsələlərin müzakirəsində şəxsən iştirak edir, onların uğurlu həlli üçün bilik, qüvvə və enerjisini əsirgəmirdi.
Bu zaman çalışırdı ki, gündəlik həyatının işlə bağlı tərəfi heç bir halda qadın və ana kimi üzərinə düşən vəzifələri üstələməsin. Bəzən Zərifə xanım elmi və ictimai işlərin ailəsinə, övladlarına ayıra biləcəyi vaxtı əlindən aldığına görə özünü günahkar hiss edirdi".
Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn olunmuşdur.
1946-cı ildən fəaliyyətə başlamış Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu 2002-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi olaraq fəaliyyət göstərməkdədir. 2009-cu il 22 may tarixində Prezident İlham Əliyevin iştirakı ilə Milli Oftalmologiya Mərkəzinin yeni binasının açılışı olmuşdur.
Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2023-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirmişdir.
Bütün bu elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım, eyni zamanda, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı olmuşdur. Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım da məhz belə ana idi. Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, xalqımızın Ümummilli Lideri Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən dahi şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmirdi. Ulu Öndər Heydər Əliyev ömür-gün yoldaşı Zərifə xanım haqqında demişdi: "Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib".
Hər zaman ürəkdən və ilhamla çalışmış Zərifə xanım həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Unudulmaz alim, qayğıkeş ana olan Zərifə xanım xalqımızın parlaq siması, nurlu çırağıdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sevimli anası Zərifə xanım haqqında xatirələrində deyir: "Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir".
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"