AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "N" hərbi hissəsində görkəmli sərkərdə, dünya şöhrətli hərb xadimi, artilleriya general-leytenantı Əlağa Şıxlinskinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə hərbi hissənin şəxsi heyəti, H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri, Mahnı və rəqs ansamblının üzvləri iştirak etdilər.
Əvvəlcə tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin bölmə rəisi kapitan Elçin Salmanov tədbiri açıq elan edərək, geniş çıxışında Azərbaycanın hərb tarixinin görkəmli sərkərdəsi, "Artilleriyanın Allahı" adlandırılan general-leytenant Əlağa Şıxlinskinin keçdiyi şanlı və şöhrətli ömür yolundan ətraflı bəhs etdi. "Rus İmperator ordusunun və Azərbaycan Xalq Cümhuriyyətinin sərkərdəsi, sovet dönəminin hərb xadimi Əlağa İsmayıl oğlu Şıxlinski 1865-ci il aprelin 23-də Yelizavetpol quberniyasının Qazax qəzasının Aşağı Salahlı kəndində anadan olub. 1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayıb. 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirib. 1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi iştirak edib. Port-Artur qalasının müdafiəsi zamanı xüsusilə fərqləndiyinə görə "Qızıl qılınc" mükafatına layiq görülüb. Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə dərs deməyə başlayan Şıxlinski 1908-ci ildə “polkovnik” rütbəsinə yüksəlib. 1910-cu ildə dərs vəsaiti kimi istifadə edilən "Səhra toplarının cəbhədə işlədilməsi" kitabı çap olunub. Bundan əlavə, "Şıxlinski üçbucağı", "Şıxlinski formulu" adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilib. Əlağa Şıxlinski 1912-ci ildə artilleriya sənətinin inkişafına verdiyi töhfələrə görə “general-mayor” rütbəsinə layiq görülüb və çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrilib. Birinci Dünya müharibəsi zamanı onun hərbi bacarığını yüksək qiymətləndirən rəhbərlik Petroqradın artilleriya müdafiəsini məhz general Əlağa Şıxlinskiyə tapşırıb. Sonralar o, Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrında isə 10-cu ordunun komandanı təyin olunub".
Bölmə rəisi kapitan E.Salmanov Azərbaycan Xalq Cümhuriyyəti ordusunun yaradılmasında görkəmli hərb xadiminin müstəsna xidmətlərinin olduğunu dedi: "1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra general-leytenant Əlağa Şıxlinski Vətənə qayıdıb və dekabr ayında hərbi nazirin müavini təyin edilib. Ordu quruculuğunda hərbi təhsilin inkişafını zəruri hesab edən hərb xadimi bu sahədə də əməyini əsirgəməyib. "...Ordu xalqın istinadgahıdır - bura xalqın ləyaqətli oğulları gəlməlidir" deyən görkəmli sərkərdəmizin adı Cümhuriyyət Ordusunun qurucusu kimi şanlı hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Cümhuriyyət Ordusunun qurucularından sayılan tam artilleriya generalı Əlağa Şıxlinski hərb elmindəki kəşfləri ilə ürəkdən bağlandığı doğma Vətəni Azərbaycana şan-şöhrət qazandırıb. Görkəmli generalın 150 illik yubileyi barədə Prezidentin sərəncamında qeyd olunur ki, XX əsrin əvvəllərindən etibarən irimiqyaslı hərbi əməliyyatların iştirakçısı kimi general Əlağa Şıxlinski döyüş meydanlarındakı şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazmışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna fəaliyyət göstərmiş, sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq, ölkənin silahlı qüvvələrinin formalaşdırılmasına töhfələr vermişdir".
"1929-cu ildə istefaya çıxan general-leytenant Əlağa Şıxlinski xidmət dövründə I-IV dərəcəli “Müqəddəs Anna”, I-III dərəcəli “Müqəddəs Stanislav”, II-IV dərəcəli “Müqəddəs Vladimir”, IV dərəcəli “Müqəddəs Georgi” ordenləri, bir çox medallar, həmçinin Fransanın bir sıra yüksək hərbi ordenləri ilə də təltif olunub. Ömrünün sonlarında "Xatirələrim" adlı hərbi memuarını yazıb. 1943-cü il avqustun 18-də Bakıda vəfat edib və Yasamal rayonundakı şəhər qəbiristanlığında dəfn olunub. Görkəmli sərkərdəmizin şərəfli həyat və şanlı döyüş yolunun öyrənilməsi, doğrudan da, qürurvericidir", - deyə bölmə rəisi çıxışının sonunda bildirdi.
Anım tədbiri H.Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında qəhrəmanlığı, ordumuzu, Vətənimizi tərənnüm edən mahnılarla, marşlarla davam etdi.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"