AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Qəhrəmanlıq insanın içindəki gücün, cəsarətin və vicdanın göstəricisi olan ən ali formalarından biridir. Əsl qəhrəman o insandır ki, qorxusuna baxmayaraq, olacaqları nəzərə alır və ölümün gözünə dik baxır. Belə qəhrəmanlardan biri də yəhudi əsilli, Azərbaycanı hər zaman doğma Vətəni bilən Albert Aqarunovdur. Tank komandiri olan Azərbaycanın Milli Qəhrəmanı 25 aprel 1969-cu ildə Bakı şəhərində anadan olub. O, Suraxanı rayonundakı 154 nömrəli məktəbin 8-ci sinfini bitirdikdən sonra peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. 1987-ci ildə A.Aqarunov Gürcüstanın Axalkalaki rayonunda yerləşən sovet ordusuna məxsus tank qoşunlarında hərbi xidmət keçib. Xidməti dövründə tank komandiri olub. Ordu sıralarından tərxis olunduqdan sonra Albert Bakıya qayıdıb və Suraxanıda maşınqayırma zavodunda işləməyə başlayıb.
Birinci Qarabağ müharibəsi başlayarkən A.Aqarunov cəbhəyə könüllü yazılıb. O zaman yenicə yaranmaqda olan Milli Ordumuzun tankçılara böyük ehtiyacı var idi. Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə göndərilir. O, Azərbaycan Ordusunun ilk tank taborunun könüllü tankçılarından biridir. Onun komandiri olduğu tank heyəti tezliklə bütün cəbhə xəttində şöhrət qazanır. Cəsur tankçı Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşməni dəfələrlə pərən-pərən salır, onların xeyli hərbi texnikasını və canlı qüvvəsini məhv edir.
1992-ci il mayın 8-i... Ermənilər Laçına gedən yolu kəsməklə, Şuşanı tam mühasirəyə almaq istəyirdilər. Albert döyüş əmri alır və dərhal tankını həmin səmtə yönəldir. Erməni tankları ilə aradakı məsafə getdikcə daralırdı. Fürsəti əldən verməyən Albert düşmənin yaxınlaşmaqda olan iki tankını məhv edir. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoyurlar. Bu uğurundan ruhlanan Albert daha bir düşmən tankını alova qərq edir. Döyüşdə neçə-neçə düşmən texnikasını sıradan çıxararaq, yenidən həmləyə keçməyə can atır. Ancaq snayper gülləsinə tuş gələn Albert döyüş meydanında qəhrəmancasına həlak olur.
Cəsur tankçımız Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub. 2017-ci ildə Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi keçirilib. Bakının Nərimanov rayonunda heykəli qoyulub.
Bu cür igid oğullarımızın keçdiyi şanlı döyüş yolu hər birimiz üçün mərdlik, mətinlik nümunəsidir. Qədirbilən xalqımız şəhidlərimizin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə sağlamlıqlarını itirən oğullarımızın şücaətini, igidliyini heç vaxt unutmur. Vətən uğrunda canlarını sipər edən Vətən müdafiəçilərinin xatirəsi hər zaman əziz tutulur, dövlətimiz tərəfindən onların ailələri yüksək diqqət və qayğı ilə əhatə olunur.
Bu gün də ordumuzda müqəddəs borcunu yerinə yetirən vətənpərvər gənclərimiz çoxdur. Onlar bizim qürur yerimizdirlər. Belə vətənpərvər igidlərimiz ölkəmizin təhlükəsizliyi, xalqımızın firavan gələcəyi deməkdir.
Pərvanə İMAMƏLİYEVA
"Azərbaycan Ordusu"