Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Aprel 2026 18:20

Canını Vətənə qurban verən oğul

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbirlər silsiləsindən Birinci Qarabağ müharibəsi şəhidi Vilayət Məhəmməd oğlu Rüstəmova həsr edilən anım mərasimi keçirildi. Anım mərasimində Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu, millət vəkili, şəhidin ailə üzvləri, doğmaları, döyüş yoldaşları, müharibə veteranları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və başqa qonaqlar iştirak etdilər.
Əvvəlcə tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbir iştirakçıları şəhid Vilayət Rüstəmovun şərəfli döyüş və ömür yolundan bəhs edən filmə baxmağa dəvət olundular.
Qeyd edək ki, Rüstəmov Vilayət Məhəmməd oğlu 19 aprel 1943-cü ildə Kəlbəcər rayonunun Təkəqaya kəndində anadan olub. O, 1989-cu ildə könüllü olaraq, Çərəkdar kəndinin müdafiəsinə qoşulub. 1991-ci ildə Azərbaycanın milli ordu qüvvələrinin formalaşdığı vaxtlarda "N" hərbi hissəsinin tərkibində şərəfli xidmət yolu keçib. Erməni quldur dəstələrinə qarşı gecə-gündüz torpaqlarımızın müdafiəsində dayanıb. Vilayət Rüstəmov 1992-ci ildə Ağdaban döyüşlərində iştirak edib. 1993-cü il martın 27-də Çərəkdar kəndinə Ağdərə istiqamətindən edilən hücum zamanı Vilayət Rüstəmov son gülləsinə və son damla qanına qədər igidliklə vuruşaraq, Uzuntala istiqamətində şəhidlik zirvəsinə ucalıb. Döyüşlərin gərginliyi və şəraitin çətinliyi səbəbindən onun nəşini döyüş zonasından çıxarmaq mümkün olmayıb. Döyüşçü yoldaşları onu böyük ehtiram və qardaşlıq borcu ilə Kəlbəcər rayonunda, uca dağ yamacında dəfn ediblər. Təkcə bu fakt Birinci Qarabağ müharibəsinin nə qədər ağır keçdiyini, eyni zamanda, döyüş yoldaşlarının ona olan sədaqətini və hörmətini bir daha göstərir. Şəhadətindən 33 il ötsə də, xatirəsi qəlblərdə daim  yaşayır. 
Birinci Qarabağ müharibəsi şəhidi Vilayət Rüstəmovun xatirəsinə həsr olunmuş anım mərasimində şəhidin Vətənə əmanət qalan oğlu Eldəniz Rüstəmov çıxış edərək xalqımızın igid, vətənpərvər oğulları ilə qürur duyduğunu dedi: "Azərbaycanımızın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü naminə xalqımızın neçə-neçə igid oğlu canından keçdi. Erməni silahlı birləşmələri illərlə tarixi torpaqlarımızı işğal altında saxladılar. 44 günlük Vətən müharibəsində vətənpərvər, fədakar Azərbaycan oğulları doğma torpaqlarımızı, ata-babalarımızın qədim yurd yerlərini düşməndən azad etdilər. Şəhidlərimizin qisası erməni işğalçılarından alındı. "Qisas qiyamətə qalmadı". Həmişə atamla qürur duymuşam. Fəxr etmişəm ki, şəhid övladıyam. Atam torpaqlarımızın azadlığı uğrunda, Vətən uğrunda şəhid olub. Atamın ürəyi Vətənlə döyünüb. Ona görə də Vətənə canını qurban verib. Ölkəmizdə şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə, şəhidlərimizin adının hər zaman uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarıq".
Millət vəkili Məzahir Əfəndiyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı parlaq Qələbədən və 19-20 sentyabr 2023-cü ildə uğurlu antiterror əməliyyatından danışaraq, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasını hər zaman böyük qürur hissi ilə xatırladığını vurğuladı: "Şəhidlərimiz Vətənimizin ərazi bütövlüyü, respublikamızın suveren hüquqlarının tam təmin olunması naminə canlarından keçdilər. Qədirbilən xalqımız onların əziz xatirəsini heç zaman unutmayacaq, adları hər birimizin qəlbində əbədi yaşayacaq. Azərbaycan tarixinə yeni qəhrəmanlıq səhifələri yazan şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Məkanları cənnət olsun. Bu gün Şəhidlər xiyabanı müqəddəs and yerimizə çevrilib. Şəhidlərimiz Azərbaycanımızın xoşbəxt, firavan gələcəyi naminə döyüşdülər, canlarından keçdilər, Zəfər qazandılar".
Digər çıxış edənlər şəhid Vilayət Rüstəmovun Birinci Qarabağ müharibəsi zamanı keçdiyi şərəfli döyüş yolundan, onunla bağlı cəbhə xatirələrindən, vətənpərvər oğul kimi hər zaman şəhidliyi ilə gələcək nəsillərə örnək olmasından danışdılar. Bildirildi ki, Vilayət kimi oğulların davamçıları olan Mübarizlər, Muradlar, Samidlər, Vüqarlar, Raquflar, Poladlar, Şükürlər qarış-qarış, addım-addım, kənd-kənd tarixi torpaqlarımızı düşməndən təmizlədilər. Bu gün işğaldan azad olunmuş o ərazilərdə üçrəngli Azərbaycan Bayrağı əzəmətlə dalğalanır. Kəndlər, qəsəbələr və yaşayış məntəqələrimiz yenidən qurulur, bərpa olunur. Şuşa, Laçın, bütün Qarabağ, Şərqi Zəngəzur xalqımızın gərgin əməyi, zəhməti nəticəsində dirçəlir. İllərdir ki, doğma yurd həsrəti çəkən həmvətənlərimiz artıq elinə, obasına geri dönürlər.
Anım mərasiminin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi vətənpərvərliyi, qəhrəmanlığı, Böyük Zəfərimizi tərənnüm edən, eləcə də şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş mahnılar və marşlar ifa etdi.

Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"