Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Aprel 2026 18:20

Şərəfli xidmət yolunun yolçusu

İnsana kimliyini xatırladan ən böyük dəyərlərdən biri Vətənə bağlılıqdır. Bu bağlılıq sadəcə sözlə ifadə olunmur, çətin anlarda göstərilən möhkəm iradə və fədakarlıqla özünü göstərir. Hər bir xalqın gücü övladlarının torpağına sahib çıxmaq əzmində gizlidir. Azərbaycan hərbçisi üçün Vətən anlayışı müqəddəsdir və bu müqəddəslik onu hər zaman önə aparır. Bu duyğu nəsildən-nəslə ötürülərək qəhrəmanlıq ənənələrini yaşadır. Bu gün də həmin ənənə davam edir, yeni nəsil hərbçilər öz şücaətləri ilə bu şərəfli yolu davam etdirirlər. Onların həyatı və xidməti gənclər üçün nümunə, gələcək üçün isə qürur mənbəyidir. Belə nümunəvi gənclərdən biri də kapitan Elvin Əsgərovdur.
Kapitan Elvin Məhərrəm oğlu Əsgərov 17 avqust 1992-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 2010-2013-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2013-2017-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) "Silahlı Qüvvələrdə tərbiyəvi işin təşkili" ixtisası üzrə təhsil alaraq peşəkar hərbçi kimi formalaşıb. Təhsilini başa vurduqdan sonra ozamankı ön xətt hərbi hissələrindən birində leytenant rütbəsi ilə xidmətə başlayıb.
Kapitan Elvin Əsgərov deyir ki, mənim üçün Vətən sevgisi sadəcə bir söz deyil, yaşadığım hər anın mənasıdır. "Bu torpaqda doğulmuşam, bu havanı udmuşam, bu bayraq altında böyümüşəm. Mənim üçün Vətəni qorumaq seçim yox, borcdur. Vətəni sevmək onu qorumağa hazır olmaqdır. Əgər bu hiss ürəkdən gəlirsə, insan heç bir çətinlikdən qorxmur. Mənim üçün Vətən sevgisi məhz budur - sona qədər mübarizə aparmaq və geri çəkilməmək".
2020-ci ildə Lələtəpə yüksəkliyində bölük komandiri kimi xidmət edən kapitan Elvin Əsgərov Vətən müharibəsinin ilk anından döyüşlərə qatılıb. Sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlanması barədə əmr aldıqdan sonra onun rəhbərlik etdiyi bölük qısa müddət ərzində müdafiədən hücuma keçərək düşmənə ağır zərbələr endirib.
Kapitan Elvin Əsgərov qeyd etdi ki, illərdir Ali Baş Komandanın bu əmrini gözləyirdik. "Nəhayət, o gün gəlib çatanda hər birimizdə böyük ruh yüksəkliyi yarandı. Bu, sadəcə bir əmr deyildi, illərin həsrətinin, ədalətin bərpasının başlanğıcı idi. Biz bu anı qürur və məsuliyyət hissi ilə qarşıladıq".
Zabit komandiri olduğu bölük ilə birlikdə Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. 
“O günlərdə qələbə əzmi hər birimizin ürəyində alov kimi yanırdı. Mən də bir zabit kimi bu hissi hər an yaşayıb şəxsi heyətə ötürürdüm. Biz bilirdik ki, qarşımızda duran yol çətin olacaq. Amma, eyni zamanda, inanırdıq ki, bu yol bizi qələbəyə aparacaq. Döyüşə girəndə qorxu yox, qərarlılıq hiss edirdik. Hər bir əsgər gözlərində eyni inamı daşıyırdı. Onları izlədikcə daha da güclənirdim”, - zabit bildirdi.
Kapitan Elvin Əsgərov oktyabrın 16-da Xocavənd istiqamətində gedən qızğın döyüşlər zamanı yaralanıb. Yaralandığı anlarda ağlından keçən tək fikir silahdaşlarını tək qoymamaq və döyüşə davam etmək olub. "Çünki biz orada təkcə torpaq uğrunda yox, xalqımızın gələcəyi uğrunda vuruşurduq. Mənim üçün ən böyük qürur Vətənimə xidmət etməkdir", - kapitan Əsgərov dedi.
Hospitalda müalicə aldıqdan sonra, noyabrın 2-də yenidən döyüş meydanına qayıdaraq silahdaşlarının yanında olub. 
- Əmr verilən kimi tərəddüd etmədən irəli atıldıq. Müdafiədən hücuma keçdiyimiz an hamımızın içində böyük bir dönüş baş verdi. İllərlə gözlədiyimiz an gəlib çatmışdı. Qələbə əzmi hər birimizin daxilində sarsılmaz bir inama çevrilmişdi. Biz haqq savaşının döyüşçüləri idik. Bu hiss bizə əlavə güc verirdi. Əsgərlərin heç biri geri çəkilməyi düşünmürdü. Mən də onların önündə dayanaraq nümunə olmağa çalışırdım...
Kapitan Elvin Əsgərov döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəsur döyüşçü", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
Kapitan Elvin Əsgərov şərəfli xidmət yolunun yolçularındandır. Onun keçdiyi döyüş yolu və Vətənə sədaqəti hər bir gənc üçün əsl nümunədir.

Günay TAĞIYEVA

"Azərbaycan Ordusu"