AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Vətənə sədaqət, xidmətə bağlılıq və məsuliyyət hissi hər bir hərbçinin əsas keyfiyyətləridir. Bu keyfiyyətlər isə birdən-birə formalaşmır, insanın keçdiyi həyat yolu, aldığı tərbiyə və qazandığı təcrübə ilə yoğrulur. Məhz bu amillər gələcəkdə onun necə bir zabit olacağını müəyyənləşdirir.
İgidlik təsadüfən yaranmır, onun arxasında illərin zəhməti, formalaşan xarakter və sınaqlardan keçmiş bir ömür yolu dayanır. Hər bir cəsur oğulun arxasında onu bu mərhələyə gətirən həyat hekayəsi, aldığı tərbiyə və qazandığı təcrübə dayanır.
Mayor Elçin Xeybər oğlu Əliyev Vətənə bağlı olan, işini vicdanla görən zabitlərdən biridir. O, 17 yanvar 1990-cı ildə Ucar rayonunda anadan olub. Hələ məktəb illərindən hərbi peşəyə böyük maraq göstərib. 2007-ci ildə Ucar rayon 5 saylı orta məktəbi bitirdikdən sonra həyatını hərb sahəsinə həsr etmək qərarına gəlir və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (İndiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olur.
Hərbi təhsilini uğurla başa vurduqdan sonra Azərbaycan Ordusunda xidmətə başlayan Elçin Əliyev müxtəlif hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışaraq, zəngin xidmət yolu keçib. İlk olaraq kursant kimi təhsilə başlayıb, daha sonra zabit ixtisas kursunu bitirərək, müxtəlif artilleriya və minaatan bölmələrində taqım komandiri kimi xidmət edib. Xidmət illəri ərzində onun üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirməsi nəticəsində daha məsul postlara irəli çəkilib.
Mayor Elçin Əliyev müxtəlif dövrlərdə artilleriya bölmələrində komandir vəzifələrində, şəxsi heyətlə iş üzrə zabit kimi çalışıb. Daha sonra motoatıcı bölmədə də məsul vəzifələr icra edərək, şəxsi heyətin hazırlığında və döyüş qabiliyyətinin artırılmasına töhfələr verib. Onun xidmət yolu yalnız taktiki-texniki biliklərlə deyil, həm də şəxsi heyətlə iş bacarığı, liderlik keyfiyyətləri ilə seçilib.
2022-ci ildən etibarən ideoloji iş və mənəvi-psixoloji təminat sahəsində fəaliyyət göstərən zabit bu istiqamətdə də özünü doğruldub. O, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində əzmlə çalışıb. Hazırda isə "N" hərbi hissəsində ideoloji iş və mənəvi-psixoloji təminat üzrə vəzifədə xidmətini davam etdirir.
Xidmət etdiyi illər ərzində Elçin Əliyev bir sıra medallara layiq görülüb. O, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Xocavəndin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Bu təltiflər onun hərbi xidmətə sədaqətinin, peşəkarlığının və Vətən qarşısında göstərdiyi xidmətlərinin bariz nümunəsidir.
Mayor Elçin Əliyev bu gün də Azərbaycan Ordusunda qürurla xidmət edir, qazandığı təcrübə və bilikləri gənc hərbçilərlə bölüşərək, ordumuzun güclənməsinə öz töhfəsini verir. Onun keçdiyi xidmət yolu Azərbaycan zabitinin peşəkarlığını, vətənpərvərliyini və məsuliyyət hissini aydın şəkildə əks etdirir.
Beləliklə, onun keçdiyi həyat yolu bu gün daşıdığı məsuliyyətli və şərəfli vəzifənin möhkəm təməlini təşkil edir. Bu yol bir zabitin bioqrafiyası olmaqla bərabər, həm də Vətənə sədaqətin, peşəkarlığın və əzmkar ruhun parlaq nümunəsidir. Bu isə Azərbaycan Ordusunun gücünün, ruhunun və gələcəyinin etibarlı əllərdə olduğunu bir daha sübut edir. Elçin Əliyev kimi igid oğullarımızın həyat yolu gənc nəsil üçün örnək olmaqla yanaşı, hər bir vətəndaşa Vətən qarşısında borcunu necə şərəflə yerinə yetirilməli olduğunu bir daha xatırladır. Bu isə təkcə bir insanın uğuru deyil, bütövlükdə dövlətin gücünü və xalqın milli ruhunu əks etdirən dəyərli amildir.
Şəlalə CAMAL
"Azərbaycan Ordusu"