AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan zəngin hərb tarixində elə şəxsiyyətlər yetişdirib ki, onların adı yalnız bir dövrün deyil, bütövlükdə hər bir zamanın simvoluna çevrilib. Belə nadir şəxsiyyətlərdən biri də dünya hərb tarixində "Artilleriyanın Allahı" kimi tanınan görkəmli sərkərdə general-leytenant Əlağa Şıxlinskidir. Onun həyat yolu, hərbi fəaliyyəti və elmi irsi bu gün də Azərbaycan Ordusunun zabitləri üçün örnək, Vətənə xidmət yolunda isə yorulmaz bir bələdçidir.
Əlağa İsmayıl oğlu Şıxlinski 1865-ci il aprelin 23-də Qazax rayonunun Aşağı Salahlı kəndində anadan olub. O, hərbçi ailəsində böyüyüb, kiçik yaşlarından Vətənə sədaqət, şərəf və ləyaqət kimi ali dəyərləri özündə birləşdirib. Bu ali dəyərlər onun xarakterinin formalaşmasında mühüm rol oynayıb, gələcəkdə böyük sərkərdə kimi yetişməsinə zəmin yaradıb.
O, erkən yaşlarından elmə və hərb sənətinə xüsusi maraq göstərib. Onun əsas məqsədi zabit olmaqla yanaşı, hərb sənətini dərindən mənimsəmək, bu sahədə yeniliklər etmək idi. Bu məqsədlə də dövrünün ən nüfuzlu hərbi məktəblərində təhsil almış və yüksək nəticələr əldə etmişdi.
1883-cü ildə Əlağa Şıxlinski öz təhsilini Leninqradda (indiki Sankt-Peterburq) Mixaylovski Artilleriya Məktəbində davam etdirmişdir. O, həmin məktəbdə öz savadı ilə özünü göstərə bilmişdi. Əlağa Şıxlinskinin həyatında artilleriya xüsusi yer tuturdu. O, bu sahəni yalnız texniki istiqamət kimi deyil, döyüşün taleyini həll edən əsas qüvvələrdən biri kimi qiymətləndirirdi. Təhsil illərində qazandığı nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirən gənc zabit qısa müddətdə özünü peşəkar hərbçi kimi təsdiqləmişdi. Onun artilleriya sahəsinə olan böyük marağı sonradan elmi və praktiki nailiyyətlərə çevrilmişdi. Əlağa Şıxlinski atəşin idarə olunması, hədəfin dəqiq müəyyənləşdirilməsi və artilleriya bölmələrinin koordinasiyası sahəsində mühüm yeniliklər irəli sürmüşdü.
1886-cı il avqustun 11-də Ə.Şıxlinski məktəbi "podporuçik" rütbəsi almaqla birinci dərəcə ilə bitirib. Xidmətinin birinci ilində ilk pedaqoji təcrübəsini qazanıb. Əvvəlcə artilleriya briqadasının tədris komandasının müəllimi, sonra isə briqada komandasının rəisi olmuşdu. O, özünü parlaq artilleriya bilicisi, yaxşı təşkilatçı, bacarıqlı müəllim kimi göstərmişdi.
1905-ci ildə başlayan Rus-Yapon müharibəsi zamanı Port-Arturun müdafiəsi Əlağa Şıxlinskinin peşəkar hərbçi kimi formalaşmasında mühüm rol oynamışdı. Bu döyüşlər onun həm sərrast topçu, həm də cəsur zabit kimi tanınmasında həlledici mərhələ olmuşdu. O, Port-Arturun müdafiəsinin qəhrəmanı kimi məşhurlaşdı. Port-Artur qalası uğrunda gedən ağır və qanlı döyüşlərdə Ə.Şıxlinski artilleriya bölmələrinin fəaliyyətini yüksək dəqiqliklə təşkil etmişdi. Tanınmış hərbi tarixçi, general-mayor İ.Krupçenko sonralar yazırdı: "Yapon hücumlarının dəf edilməsində rus artilleriyaçıları böyük rol oynayırdılar. Onlar cəsarətlə topları qabağa çəkərək dəqiq nişangahla birbaşa karteçlə yaponlara böyük zərbə yetirirdilər".
Sonralar Şıxlinski yazırdı: "Mən həmişə Port-Artur epopeyasının iştirakçısı olduğumu fəxrlə xatırlayıram". Ə.Şıxlinski Port-Artur müharibəsi zamanı yaponların basqınını dəf etməkdə fərqləndiyi üçün "İgidliyə görə" medalı və üstü yazılı Qızıl qılıncla təltif olunub.
Əlağa Şıxlinskinin hərbi sahədə olan istedadı xüsusilə Birinci Dünya müharibəsi illərində özünü parlaq şəkildə göstərmişdi. O, mürəkkəb döyüş şəraitində belə ən düzgün qərarları verməyi bacarırdı. Onun rəhbərliyi ilə artilleriya bölmələri düşmənə dəqiq və sarsıdıcı zərbələr endirən, döyüşlərin taleyini dəyişdirən əməliyyatlar həyata keçirirdi. Ə.Şıxlinskinin tətbiq etdiyi taktiki yeniliklər sayəsində artilleriya yalnız dəstək qüvvəsi olmaqdan çıxaraq əsas hücum vasitələrindən birinə çevrilmişdir. Məhz bu uğurları ona "Artilleriyanın Allahı" kimi böyük bir ad qazandırmışdı. Bu şərəfli ad onun hərbi istedadının, peşəkarlığının və yenilikçi düşüncəsinin ən yüksək qiyməti idi.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Ə.Şıxlinski ordu quruculuğu sahəsində fəal iştirak etmişdi. O, gənc dövlətin silahlı qüvvələrinin təşkili, onun strukturlaşdırılması və peşəkar zabit kadrlarının hazırlanması sahəsində mühüm xidmətlər göstərmişdi. Onun zəngin hərbi təcrübəsi və təşkilatçılıq bacarığı qısa müddətdə ordunun döyüş qabiliyyətinin artırılmasına imkan yaratmışdı. Ə.Şıxlinski milli ordu quruculuğunun əsas simalarından biri kimi tarixə düşmüşdü. O, yüksək mənəvi keyfiyyətləri ilə seçilən bir sərkərdə idi. Ə.Şıxlinski zabit şərəfini hər şeydən üstün tutur, tabeliyində olan əsgərlərə qayğı ilə yanaşırdı. Onun rəhbərliyi ilə xidmət edənlər onu yalnız komandan kimi deyil, həm də ədalətli və müdrik insan kimi qiymətləndirirdilər.
Ə.Şıxlinski Azərbaycan hərb tarixinin parlaq simalarından biri olmaqla yanaşı, dünya hərb elminə də mühüm töhfələr vermiş nadir şəxsiyyətlərindəndir. Onun ömür yolu və hərbi fəaliyyəti sübut edir ki, böyük sərkərdə olmaq üçün həm cəsarət, həm dərin bilik, strateji düşüncə və Vətənə sonsuz sevgi lazımdır. Böyük sərkərdənin adı Azərbaycanın hərb tarixində qürurla yaşayır və əbədi yaşayacaq.
Bu gün Azərbaycan Ordusu güclü, peşəkar və müasir bir ordu kimi inkişaf etməklə davam edir. Bu uğurun təməlində Ə.Şıxlinskinin qoyduğu ənənələr dayanır. Onun hərbi irsi peşəkar zabit kadrlarının hazırlanmasında, taktiki düşüncənin formalaşmasında və vətənpərvərlik ruhunun gücləndirilməsində mühüm rol oynayır. Ə.Şıxlinskinin hərbi fəaliyyəti Azərbaycan əsgəri üçün bir həyat - sədaqət, şərəf və peşəkarlıq məktəbidir.
Kifayət ƏLİYEVA
"Azərbaycan Ordusu"