AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Ankası-2026" ("Anatolian Phoenix-2026") beynəlxalq axtarış-xilasetmə təlimi bu il də geniş miqyası, mürəkkəb ssenariləri və yüksək təşkilatçılıq səviyyəsi ilə diqqət çəkdi. Müxtəlif ölkələrin hərbi qulluqçularını bir araya gətirən beynəlxalq təlim müasir dövrdə döyüş şəraitində axtarış-xilasetmə əməliyyatlarının icrası üzrə qabaqcıl təcrübələrin tətbiq olunduğu əsas platformalardan biri kimi qiymətləndirilir.
Uzun illərdir təşkil olunan "Anadolu Ankası" təlimi yalnız regional deyil, beynəlxalq səviyyədə də nüfuz qazanaraq, hərbi əməkdaşlığın mühüm elementinə çevrilib.
Təlim NATO standartlarına uyğun planlaşdırılır və icra edilir ki, bu da iştirakçı ölkələrin qüvvələri arasında operativ koordinasiyanın və qarşılıqlı fəaliyyətin yüksək səviyyədə qurulmasına imkan yaradır. Xüsusilə döyüş şəraitində axtarış-xilasetmə - CSAR (Combat Search and Rescue) əməliyyatlarının praktiki tətbiqi bu təlimin əsas fərqləndirici xüsusiyyətlərindən biridir.
Təlimin məqsədi yalnız şərti qəzaya uğramış pilotların xilas edilməsi ilə məhdudlaşmır. Burada əsas diqqət əməliyyatların planlaşdırılması, risklərin düzgün qiymətləndirilməsi, real vaxt rejimində qərarvermə və müxtəlif bölmələr arasında dəqiq koordinasiyanın təmin olunmasına yönəldilir. Bu baxımdan "Anadolu Ankası-2026" iştirakçılar üçün həm taktiki, həm də strateji düşüncə baxımından ciddi sınaq meydanıdır.
Builki təlimdə ssenarilər daha da mürəkkəbləşdirilərək, şərti düşmən ərazisində vurulmuş hava gəmisinin ekipaj üzvlərinin axtarışı və xilas edilməsi, düşmən qruplaşmalarının mövcud olduğu zonada əməliyyatların aparılması, gecə və məhdudgörmə şəraitində fəaliyyət, eləcə də elektron mübarizə elementlərinin tətbiqi kimi komponentlər daxil edilib. Eyni zamanda, əməliyyatlara pilotsuz uçuş aparatlarının cəlb edilməsi, kəşfiyyat məlumatlarının operativ emalı və bölmələr arasında paylaşılması kimi müasir yanaşmalar da tətbiq olunub.
Təlimin hazırlıq mərhələsində iştirakçılar üçün geniş brifinqlər təşkil olundu. Bu brifinqlərdə təhlükəsizlik qaydaları, tapşırıqların mərhələləri, istifadə olunacaq texnika və avadanlıqlar, həmçinin əməliyyat rayonunun coğrafi və iqlim xüsusiyyətləri barədə ətraflı məlumatlar verildi. Planlaşdırma iclaslarında isə müxtəlif ssenarilər üzrə alternativ variantlar müzakirə olunaraq, ən optimal qərarların seçilməsi təmin edildi. Bu proses real döyüş şəraitində gözlənilməz hallara hazırlığın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Praktiki mərhələdə icra olunan tapşırıqlar təlimin ən dinamik və məsuliyyətli hissəsini təşkil edirdi. Helikopterlər vasitəsilə əməliyyat zonasına daxil olan paraşüt-desant və axtarış-xilasetmə qrupları "fast rope" (sürətli eniş) üsulu ilə eniş edərək qısa müddətdə ərazidə mövqe tutdular. Şərti təhlükə mənbələri zərərsizləşdirildikdən sonra qəzaya uğramış pilotun axtarışı və təhlükəsiz şəkildə təxliyə olunması həyata keçirildi. Tapşırıqlar yüksək dəqiqlik və sürət tələb edən koordinasiyalı fəaliyyət nümunəsi kimi yadda qaldı.
Əməliyyatların uğurla icrasında aviasiya vasitələrinin rolu xüsusi vurğulanmalıdır. Su-25 hücum təyyarələri, F-16 qırıcıları və T-70 helikopterləri tərəfindən təmin edilən hava dəstəyi yerüstü qrupların təhlükəsizliyini maksimum səviyyədə təmin etdi. Hava zərbələrinin şərti olaraq tətbiqi, hava məkanına nəzarətin təşkili və qrupların irəliləyişinin müşayiət olunması əməliyyatların ümumi effektivliyini əhəmiyyətli dərəcədə artırdı. Eyni zamanda, aviayönləndiricilərin fəaliyyəti nəticəsində yer və hava qüvvələri arasında fasiləsiz əlaqə quruldu.
Azərbaycan Ordusunun nümayəndə heyəti bu təlimdə geniş tərkibdə iştirak edərək, bütün mərhələlərdə yüksək peşəkarlıq nümayiş etdirdi. Hərbi Hava Qüvvələrinin pilotları havadan dəstək tapşırıqlarını dəqiqliklə yerinə yetirdi, paraşüt-desant bölmələri çətin şəraitdə çevik fəaliyyət göstərdi, axtarış-xilasetmə xidmətinin mütəxəssisləri isə tapşırıqları yüksək hazırlıq səviyyəsində icra etdilər. Texniki heyətin fasiləsiz fəaliyyəti nəticəsində aviasiya vasitələrinin etibarlı və təhlükəsiz istifadəsi təmin olundu.
Təlim çərçivəsində keçirilən fəaliyyətlər zamanı ölkəmizi təmsil edən heyətin modern standartlara uyğun fəaliyyəti və digər ölkələrin bölmələri ilə effektiv inteqrasiyası xüsusi diqqət çəkdi. Bu isə Azərbaycan Ordusunun beynəlxalq hərbi əməkdaşlıq sahəsində qazandığı təcrübənin və uyğunlaşma qabiliyyətinin yüksək olduğunu bir daha nümayiş etdirir.
Təlim iştirakçılarının fərdi yanaşmaları isə bu prosesin nə qədər dərin və çoxşaxəli olduğunu göstərir. Polkovnik Zaur Məmmədov şəxsi heyətin hazırlıq səviyyəsinə toxunaraq qeyd etdi ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları bu təlimdə yüksək peşəkarlıq və nizam-intizam nümayiş etdirdilər. "Qarşıya qoyulan tapşırıqlar dəqiq və vaxtında icra olundu. Şəxsi heyətin fiziki və mənəvi-psixoloji hazırlığı istənilən çətin şəraitdə fəaliyyət göstərməyə imkan verir. Bu cür beynəlxalq təlimlər onların bilik və bacarıqlarını daha da inkişaf etdirir. Əldə olunan təcrübə gələcək fəaliyyətimiz üçün mühüm əhəmiyyət daşıyır".
Kapitan İman Əliyev komanda işi və texniki uyğunluq məsələlərini vurğulayaraq bildirdi ki, bu tip beynəlxalq təlimlərdə əsas çətinlik müxtəlif ölkələrin qüvvələrinin vahid mexanizm kimi işləməsidir. "Hər kəsin fərqli yanaşması olsa da, nəticədə ortaq qərar qəbul olunmalıdır. Rabitə sistemlərinin düzgün qurulması, əmrlərin vaxtında ötürülməsi və qarşılıqlı uzlaşma bu prosesin əsasını təşkil edir. Biz burada həm texniki, həm də psixoloji baxımdan daha güclü komandaya çevrilirik".
Baş leytenant Rəşad İsmayılov əməliyyatların taktiki tərəfinə toxunaraq qeyd etdi ki, bu təlimlər bizə göstərir ki, real şəraitdə uğur yalnız gücdən deyil, düzgün planlaşdırmadan və koordinasiyadan asılıdır. "Hər bir detal öncədən düşünülməlidir. Xüsusilə düşmən faktorunun mövcud olduğu ssenarilərdə hərəkətlərin dəqiqliyi həyati əhəmiyyət daşıyır. Biz burada yalnız tapşırığı yerinə yetirməyi deyil, onu ən optimal şəkildə icra etməyi öyrənirik. "Beynəlxalq təlimdə iştirakımız gələcək xidmətimiz üçün uğurlu təcrübədir".
Gizir Nazim Əliyev isə beynəlxalq təlim haqqında dedi ki, belə təlimlər insanı real əməliyyatlara hazırlayan ən vacib mərhələlərdən biridir. "Burada hər şey real şəraitə uyğunlaşdırılır, bu da bizdə məsuliyyət hissini artırır. Stressdə olan zaman düzgün qərar vermək, riskləri qiymətləndirmək və komandaya uyğun hərəkət etmək kimi bacarıqlar inkişaf etdirilir. Eyni zamanda, biz burada insan həyatının xilas edilməsinin nə qədər vacib olduğunu bir daha dərk edirik".
Təlimin yekun mərhələsində icra olunan tapşırıqlar geniş şəkildə təhlil edildi, iştirakçıların fəaliyyəti qiymətləndirildi və əldə olunan nəticələr ümumiləşdirildi. Təhlillər göstərdi ki, builki təlimdə əməliyyatların icra sürəti, koordinasiya səviyyəsi və qərarvermə mexanizmləri daha da təkmilləşdirilib.
Bağlanış mərasimində çıxış edən rəhbər heyət təlimin uğurla başa çatdığını bildirərək, iştirakçıların peşəkarlığını yüksək qiymətləndirdi. Tədbir zamanı təlimin gedişatını əks etdirən statistik məlumatlar təqdim olundu, videoçarx nümayiş etdirildi və iştirakçı heyətlər arasında qarşılıqlı hədiyyələr təqdim edildi.
"Anadolu Ankası-2026" beynəlxalq axtarış-xilasetmə təlimi bir daha sübut etdi ki, müasir dövrdə bu tip əməliyyatların uğurlu icrası yalnız texniki imkanlardan deyil, həm də yüksək hazırlıq səviyyəsindən, düzgün planlaşdırmadan və ümumən təcrübədən asılıdır. Azərbaycan Ordusunun bu təlimdə nümayiş etdirdiyi nəticələr isə onun peşəkarlıq səviyyəsinin yüksək olduğunu, şəxsi heyətin istənilən şəraitdə qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirməyə qadir olduğunu bir daha təsdiqlədi.
ƏLİ ABIYEV
"Azərbaycan Ordusu"