Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Aprel 2026 16:57

44 günə dəyişən reallıqlar

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, bütövlükdə Cənubi Qafqaz regionunda hərbi, siyasi və geostrateji reallıqları kökündən dəyişdirdi. Uzun illər işğal altında olmuş torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası və beynəlxalq hüququn təmin olunması ilə nəticələnən bu savaş, eyni zamanda, müasir dövrün ən effektiv hərbi əməliyyatlarından biri kimi tarixə düşdü.
2020-ci il sentyabrında Ermənistan silahlı qüvvələrinin yenidən ərazilərimizdə genişmiqyaslı təxribatı uzun illər işğaldakı torpaqlarımızın azad edilməsini bir daha qaçılmaz etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə rəşadətli Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı.
Müharibənin ilk günlərindən etibarən Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, dəqiq planlama və müasir texnologiyaların tətbiqi ilə düşmən üzərində strateji üstünlük qazandı. Xüsusilə pilotsuz uçuş aparatlarının (PUA) effektiv istifadəsi, kəşfiyyat və zərbə imkanlarının vəhdəti düşmənin müdafiə xətlərinin qısa müddətdə iflic vəziyyətə düşməsinə səbəb oldu. 44 günlük müharibədə Azərbaycan Ordusu yüksək döyüş bacarığı göstərərək, düşmənə sarsıdıcı zərbələr vurdu, onların hərbi texnikalarını və canlı qüvvəsini məhv etdi. Azərbaycan əsgərinin gücünə tab gətirməyən Ermənistan ordusu silah-sursatlarını və döyüş texnikasını ataraq qaçmağa məcbur oldu. Düşmənin atıb qaçdığı həmin texnikalar bu gün Bakının Qənimətlər Parkında sərgilənir. 
44 gün davam edən döyüş əməliyyatları nəticəsində Azərbaycan Ordusu qəhrəmanlıq nümunələri göstərərək torpaqlarımızı işğaldan azad etdi və xalqımıza tarixi Zəfərin sevincini yaşatdı. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin azad edilməsi müharibənin taleyini həll edən əsas mərhələlərdən biri oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında üçtərəfli Bəyanat imzalandı. Tərəflər arasında imzalanan bu Bəyanat regionda sülhün və sabitliyin dayanıqlı olması üçün mühüm əsaslar yaratdı.
Vətən müharibəsində qazanılan tarixi Zəfər həm hərbi sahədə, həm də siyasi və diplomatik müstəvidə Azərbaycanın gücünü və qətiyyətini nümayiş etdirdi. Prezident İlham Əliyevin yürütdüyü müdrik və prinsipial siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə  öz mövqeyini daha da möhkəmləndirdi.
Müharibədən sonra Cənubi Qafqazda yeni təhlükəsizlik sistemi formalaşmağa başladı. Azərbaycan regionda söz sahibi olan faktora çevrildi. Yaranmış reallıqlar region ölkələri üçün yeni əməkdaşlıq imkanları açdı, eyni zamanda, davamlı sülhün təmin olunması üçün zəmin yaratdı. Regional əməkdaşlıq platformaları nəqliyyat və kommunikasiya xətlərinin açılması istiqamətində həyata keçirilən zəruri islahatlar nəticəsində regionun iqtisadi və strateji əhəmiyyəti daha da gücləndirildi.
Xalqımız tarixi Zəfərə nail olduqdan sonra azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi. Belə ki, dağıdılmış şəhər və kəndlərin  yenidən qurulması, infrastrukturun  bərpası dövlətin prioritet istiqamətlərindən biri oldu. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr regionun iqtisadi dirçəlişinə xidmət etdi. "Ağıllı kənd" konsepsiyasının tətbiqi, müasir texnologiyaların istifadəsi və yeni yaşayış məntəqələrinin qurulması Azərbaycanın gələcəyə yönəlmiş inkişaf modelinin bariz nümunəsidir.
Azərbaycan dövləti tərəfindən həyata keçirilən "Böyük Qayıdış" Proqramı çərçivəsində Qarabağa qayıdış mərhələli şəkildə həyata keçirilir. Bu proses milli kimliyin və tarixi ədalətin bərpasını təmin edən sosial bir layihədir. Artıq keçmiş məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdırlar. Onlar Qarabağda öz ocaqlarının istisini duyur və yeni həyata başlayırlar. Dövlətin böyük dəstəyi ilə müasir evlər, xəstəxanalar və digər sosial obyektlər bu qayıdışı davamlı və dayanıqlı edir.
44 gün davam edən Vətən müharibəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasətini, dəmir iradəsini, Azərbaycan xalqının milli birliyini və şanlı Azərbaycan Ordusunun döyüş qabiliyyətini, şücaətini bütün dünyaya nümayiş etdirdi.
Bu gün Azərbaycan həm qalib ölkə, həm də regionda sülhün, sabitliyin və inkişafın əsas təminatçısı kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi layihələr nəticəsində doğma Qarabağımız dirçəlir, azad olunmuş ərazilərimizdə həyat yenidən canlanır və Azərbaycan gələcəyə inamla addımlayır.

Kifayət ƏLİYEVA

"Azərbaycan Ordusu"