AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Vətənimizin müdafiəsində əzmlə dayanan hərbçilərimizdən biri də ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Həsrət Əzizovdur. Tank heyətində tuşlayıcı vəzifəsində xidmət edən Həsrət hərbçi olmağı və Vətənimizin ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağı özünə övladlıq borcu bilib. O, şərəfli hərbi xidməti və müqəddəs missiyanı qazandığı biliklər, təcrübələr sayəsində vicdanla, uğurla yerinə yetirir. Ömrünü hərb peşəsinə bağlayan çavuş H.Əzizov öz üzərində çalışan, nəzəri, praktiki bilik və bacarıqlarını artırmaqla özünü daim inkişaf etdirən və ona təhkim olunmuş zirehli texnikaya aid yenilikləri öyrənən tankçılarımızdandır. Peşəkar tankçı xidmətində olduqca nikbin, təmkinli, səbrli və məsuliyyətlidir. Döyüşdə vahimə yaradan, güclü səsi, uğultusu ilə düşməni lərzəyə salan bu zirehli texnikanın idarə edilməsində və əməliyyatın uğurla başa çatdırılmasında tank heyətində tuşlayıcı-operatorun da rolu danılmazdır. Həsrətin təlimlərdə qazandığı təcrübə onun daha da inkişaf etməsində, peşəkar tankçı kimi yetişməsində mühüm rol oynayıb.
Əzizov Həsrət Gülbala oğlu Sabirabad rayonunun Nizami kəndində doğulub böyüyüb. Atası Birinci Qarabağ müharibəsində Ağdam, Ağdərə, Tərtər və Füzuli istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Qarabağ müharibəsi veteranıdır. Vətənpərvər döyüşçü ailəsində boya-başa çatan Həsrət atasının olduqca çətin keçən cəbhə yollarından söylədiyi xatirələrini eşidə-eşidə böyüyüb... Atası Gülbala Əzizov Birinci Qarabağ müharibəsi zamanı yenicə formalaşmaqda olan ordumuzun ilk tankçılarından olub. Həsrət döyüşçü atasının yolunu davam etdirib. Ataların döyüş yolu oğullara örnəkdir. Bəli, o da atasının şərəfli döyüş yoluna sadiq qalaraq, 44 günlük Vətən müharibəsi başlayandan 12 gün sonra 2020-ci il oktyabrın 8-də Cəbrayıl, Qubadlı istiqamətlərində gedən ağır döyüşlərə girib. Oktyabrın 19-da Qubadlı uğrunda gedən döyüşlər zamanı ağır yaralanıb. Əslən Yardımlının Kürəkçi kəndindən olan “Azərbaycan Bayrağı” ordenli tank komandiri baş leytenant Valeh Məmiyev şəhid olub. Sürücü-mexanik müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Kənan İsgəndərov müharibə əlilidir. Müharibədən sonra H.Əzizov Türkiyə və Kuba respublikalarına göndərilərək, müalicələr alıb sağalır, Vətənə geri dönür. İgid tankçı hərbi xidmətinə uğurla davam edir. Bu gün də ona təhkim olunmuş zirehli texnikanı peşəkarcasına idarə etməyi bacarır. Qazandığı döyüş təcrübəsini və sənətinin sirlərini gənc tankçılara böyük həvəslə öyrədir.
Tuşlayıcı-operator müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Həsrət Əzizovun sinəsində "İgidliyə görə, "Cəbrayılın olunmasına görə" və "Qubadlının olunmasına görə" medalları parlayır. Yeniliklərə daim açıq olan, özünü inkişaf etdirən ordumuzun igid tankçısı Həsrətə Vətənə müqəddəs xidmətində uğurlar arzulayırıq.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"