AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Tarix yalnız hadisələrin xronologiyası deyil, həm də o hadisələri yaradan insanların taleyidir. Elə ömürlər var ki, onlar bir xalqın yaddaşına qəhrəmanlıq nümunəsi kimi həkk olunur. Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun həyat yolu da mərdliyin, iradənin və Vətən sevgisinin canlı təcəssümüdür.
İsgəndər Söhrab oğlu Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistanın Buxara şəhərində dünyaya göz açıb. Uşaqlıq və gənclik illəri sadə keçsə də, onun xarakterində formalaşan məsuliyyət, intizam və dözümlülük gələcək həyat yolunun istiqamətini müəyyənləşdirirdi. Orta təhsilini başa vurduqdan sonra 1974-cü ildə hərbi xidmətə çağırılan Aznaurov artilleriya qoşunlarında xidmət edib.
Hərbi xidmətdən sonra Özbəkistanın Daxili İşlər Nazirliyində fəaliyyət göstərsə də, taleyin onu gətirəcəyi əsas ünvan Azərbaycan idi. Azərbaycana köçərək Gədəbəy rayonunda məskunlaşması onun həyatında dönüş nöqtəsi oldu. Bu torpağa bağlılıq hissi qısa zamanda İsgəndərin varlığının ayrılmaz hissəsinə çevrildi. O, artıq təkcə bu torpaqda yaşayan bir insan deyil, bu torpağı qorumağa hazır olan bir Vətən oğlu idi.
1990-cı ilin əvvəllərində Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin alovlanması ilə ölkənin hər bir guşəsində olduğu kimi, Gədəbəydə də vəziyyət gərginləşdi. Belə bir zamanda İsgəndər Aznaurov tərəddüd etmədən könüllü olaraq cəbhəyə yollandı. Onun üçün bu, seçim deyil, borc idi.
Artilleriya üzrə peşəkar biliklərə malik olan Aznaurov döyüş bölgəsində qısa müddətdə seçilən hərbçilərdən birinə çevrildi. O, düşmən mövqelərini yüksək dəqiqliklə məhv edir, hücumların qarşısını qətiyyətlə alınmasında cəsarətlə iştirak edirdi. Onun topdan dəqiq atəş zərbələri düşmən üçün qaçılmaz sona çevrilmişdi. Döyüş yoldaşları ona böyük hörmətlə "Topçu İsgəndər" deyirdilər.
Lakin onun qəhrəmanlığı yalnız hərbi peşəkarlıqla məhdudlaşmırdı. İsgəndər Aznaurov əsl lider idi. O, döyüş yoldaşlarına mənəvi dayaq olur, onların qələbə əzmini yüksəldir, ən çətin anlarda belə geri çəkilməməyi aşılayırdı. Onun olduğu mövqedə qorxuya yer qalmırdı. Çünki o, cəsarətin canlı nümunəsi idi.
1993-cü ilin 18 aprel tarixi İsgəndər Aznaurovun qəhrəmanlıq tarixində xüsusi yer tutur. Həmin gün Gədəbəy istiqamətində "Örükdaş" adlanan ərazidə şiddətli döyüşlər gedirdi. Düşmənin sayca və texnika baxımından üstün qüvvələrinə qarşı məhdud imkanlarla mübarizə aparılırdı. Belə bir qeyri-bərabər şəraitdə İsgəndər Aznaurov öz döyüş mövqeyini tərk etmədi.
Səhhətində ciddi problemlərin yaranmasına baxmayaraq, o, müalicədən imtina etdi. Əksinə, daha təhlükəli istiqamətə - ön xəttə doğru irəlilədi. Minalanmış ərazini keçərək döyüşün ən qızğın nöqtəsinə çatdı. Onun idarə etdiyi topdan açılan atəşlər düşmənə ağır zərbələr endirdi, hücumun qarşısını aldı. Lakin bu döyüş onun son döyüşü oldu. İsgəndər Aznaurov son nəfəsinə qədər vuruşaraq qəhrəmancasına şəhid oldu. Onun ölümü bir insanın itkisi olsa da, qəhrəmanlıq ruhunun əbədiləşməsi idi.
Dövlət onun xidmətlərini yüksək qiymətləndirdi. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə İsgəndər Aznaurov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü. Bu ad onun həyat yolunun ən ali qiyməti, xalqın ona olan ehtiramının rəmzidir.
İsgəndər Aznaurov Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Onun məzarı xalqın ziyarət ünvanına çevrilib. Hər il minlərlə insan buraya gələrək qəhrəmanın xatirəsini yad edir, ruhuna dualar oxuyur.
İsgəndərin adı müxtəlif məktəblərə, küçələrə verilib, haqqında məqalələr yazılır, sənədli filmlər çəkilir. Lakin bütün bunlardan daha önəmlisi onun xalqımızın yaddaşında yaşamasıdır. Çünki belə qəhrəmanlar təkcə tarix kitablarında deyil, insanların qəlbində ölümsüzləşirlər.
Aznaurovun ömür yolu bizə bir daha xatırladır ki, Vətən sevgisi sadəcə söz deyil. Bu sevgi ən ağır sınaqlarda, ən çətin məqamlarda göstərilən qətiyyət, fədakarlıq və cəsarətlə ölçülür. O, öz həyatı ilə sübut etdi ki, torpaq uğrunda canından keçənlər, əslində, ölmürlər, əbədiyyət qazanırlar.
Bu gün müstəqil Azərbaycanın səmasında dalğalanan üçrəngli bayrağımızın hər rəngində belə qəhrəmanlarımızın izi var. İsgəndər Aznaurovun adı isə həmin bayrağın kölgəsində daim qürurla çəkiləcək. Çünki o, sadəcə bir topçu deyildi. O, bir xalqın yenilməz ruhunun simvolu idi.
Günay TAĞIYEVA
"Azərbaycan Ordusu"