Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Aprel 2026 16:56

İstiqlal şəhidi general-mayor İbrahim ağa Usubov

İbrahim ağa Musa ağa oğlu Usubov 6 mart 1872-ci ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub. İlk hərbi təhsilini Tiflis Kadet Korpusunda alıb, 1892-ci ildə buranı əla qiymətlərlə bitirib. 1894-cü ildə isə 2-ci Konstantinovski Hərbi Məktəbini bitirib, "podporuçik" rütbəsi alaraq 31-ci Piyada Diviziyasının 122-ci Tambov Piyada Alayına göndərilib.
15 may 1898-ci ildə "poruçik", 15 may 1902-ci ildə isə "ştabs-kapitan" rütbəsinə yüksəlib.
O, xidmət etdiyi alay ilə birgə Rus-Yapon müharibəsində döyüşüb. Yaponlara qarşı döyüşlərdə fərqləndiyinə görə üzərində "İgidliyə görə" yazısı olan 4-cü dərəcəli "Müqəddəs Anna", 4-cü dərəcəli "Müqəddəs Vladimir" (qılınc və yayla) və 3-cü dərəcəli "Müqəddəs Stanislav" (qılınc və yayla) ordeni ilə təltif edilib. 11 may 1905-ci ildə 4-cü bölüyün komandiri təyin edilib və 7 avqustda xidmətdə fərqləndiyinə görə "kapitan" rütbəsinə yüksəlib.
İbrahim ağa Usubov Birinci Dünya müharibəsinin iştirakçısı olub və döyüşlərdə şücaətlə vuruşub. O, tam artilleriya generalı Əlağa Şıxlinski və general Səməd bəy Mehmandarovla çiyin-çiyinə döyüşüb. 
14 avqust 1914-cü ildən 122-ci Tambov Piyada Alayının 1-ci taborun komandiri olub. 14 oktyabr 1914-cü ildə kapitan Usubovun taboru Mizinets kəndi yaxınlığındakı yüksəkliklərə hücum edərək Avstriya qüvvələrini geri çəkilməyə məcbur edib və üç gün ərzində Avstriya qoşunlarının əks-hücumlarını dəf edib. Həmin ilin dekabrında döyüşlərdə fərqləndiyinə görə imperatorun əmri ilə "podpolkovnik" rütbəsinə yüksəlib.
Mizinets kəndi yaxınlığındakı möhkəmləndirilmiş təpəyə hücum zamanı Usubov komandirlik etdiyi taborla düşməni iki sıralı səngərdən qovub və təpəni ələ keçirdikdən sonra oranı üç gün nəzarətdə saxlayıb. Peremışl qalasından artilleriya atəşi ilə dəstəklənən Avstriya qoşunlarının bütün əks-hücumlarını dəf edib, düşməni qaladan qovub çıxarıb. Beləliklə, o, tabora verilən döyüş tapşırığını yüksək səviyyədə, şücaətlə yerinə yetirib.
Bu döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə 1915-ci il avqustun 1-də ona "polkovnik" rütbəsi verilib. Həmin ilin 9 sentyabrında polkovnik İ.Usubov 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif edilib.
Onun müharibədə göstərdiyi şücaətləri haqqında "Kaspi" qəzetinin 26 fevral 1916-cı il sayında Ceyhun bəy Hacıbəyli yazıb: "Yüz iyirmi ikinci Tambov süvari alayının zabiti, 3-cü dərəcəli "Müqəddəs Vladimir" (1916), 2-ci dərəcəli "Müqəddəs Stanislav", 2-ci dərəcəli "Müqəddəs Anna" ordenli kavaler İbrahim ağa Usubov bu alaya təyin olunandan sonra "polkovnik" rütbəsi almışdır. 1914-cü il oktyabrın 14-də Mizinets kəndi ətrafındakı yüksəkliyə hücum zamanı İbrahim ağa batalyona komandirlik edərkən düşməni iki cərgə səngərdən vurub çıxarmış və üç gün bu yüksəkliyi avstriyalıların əks-hücumlarından qoruyub saxlamışdır". 
8 oktyabr 1916-cı ildə İbrahim ağa Usubov 28-ci Piyada Diviziyasının 112-ci Ural Piyada Alayının komandiri təyin edilib. 1917-ci ilin yanvarında o, 133-cü Piyada Diviziyasının briqada komandiri təyin edilib. Həmin il iyulun 1-də İbrahim ağa Usubov "general-mayor" rütbəsinə yüksəlib.
1917-ci il dekabrın əvvəllərində Qafqaz Cəbhəsinin qərargahı ayrı-ayrı hissələrin, əsasən Yelizavetpolda yerləşən 219-cu Piyada Ehtiyat Alayının milliləşdirilməsini təklif edib və bunun əsasında Müsəlman Korpusunun yaradılması planlaşdırılıb. Zaqafqaziya Komissarlığı bu təklifi dəstəkləyib və 18 dekabr 1917-ci ildə (bəzi mənbələrə görə 11 dekabr) Müsəlman Korpusunun da daxil olduğu yeni bir ordunun yaradılması haqqında fərman verib. Ordunun formalaşmasına Qafqaz Cəbhəsinin Baş Komandanı general M.A.Prjevalskinin 155 nömrəli əmrinə uyğun olaraq başlanılıb. General Əlağa Şıxlinski yeni yaradılan Müsəlman (Azərbaycan) Korpusunun komandiri təyin edilib. Korpus, ümumiyyətlə 1918-ci il aprelin sonu mayın əvvəlində formalaşdırılıb. Həmin vaxtda Vətənə qayıdan general-mayor İ.Usubov orduya çağırılıb, o, yaradılmaqda olan korpusun 2-ci Piyada Diviziyasının komandiri təyin edilib. (26 iyun 1918-ci ildə Nazirlər Şurasının qərarı ilə Müsəlman Korpusu Əlahiddə Azərbaycan Korpusu adlandırılıb).
O, Əlağa Şıxlinski, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Cavad bəy Şıxlinski və başqa hərbçilərlə birgə Azərbaycan Demokratik Hökuməti Milli Ordusunun təşkilinə başlayıb. 1918-ci ilin aprelində Gəncə Praporşiklər Məktəbi fəaliyyətə başlayıb. Burada azərbaycanlı gənclər təhsil alıblar. Bir il sonra həmin məktəb Bakıya köçürülüb və Azərbaycan Hərbiyyə Məktəbi adlandırılıb. 1919-cu il yanvarın 9-da milli hökumət xalqına sidq ürəklə xidmət etdiyinə görə İbrahim ağa Usubovu Hərb naziri yanında tapşırıq generalı vəzifəsinə təyin edib.
ADR hökuməti 1919-cu ilin noyabrında İbrahim ağanı Azərbaycan Ordusu üçün hərbi ləvazimatlar və hərbi geyimlərin alınması məqsədilə İtaliyaya ezam edib (İbrahim ağa Usubovun xarici ölkəyə ezam olunması təsadüfi deyildi. O, fransız, ingilis, alman və polyak dilini mükəmməl bilirdi). Bu məqsədlə general-mayor İbrahim ağa Usubov Hərbi nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarovun tapşırığına əsasən, İtaliyanın Genuya, Milan, Triento, Turin və Veronadakı şirkətləri ilə danışıqlar aparıb, nəhayət hərbi ləvazimat hazırlayan "Kiano Qella Komp" şirkəti ilə 1919-cu ilin 23 noyabr tarixində Roma şəhərində Azərbaycan Ordusu üçün 25 min dəst, yüksək rütbəli zabitlər üçün isə əlavə 500 dəst hərbi geyim (piyada botinkası, üst geyim mundir dəsti, ağ sarğı, qış paltosu və ayaq sarğısı) hazırlanması haqqında müqavilə imzalayıb. 
1920-ci ilin aprelində Qızıl Ordu Azərbaycana gələndə Əlağa Şıxlinski, İbrahim ağa Vəkilov, Səməd bəy Mehmandarov, Əbdülhəmid bəy Qaytabaşı, Firudin bəy Vəzirov, İbrahim ağa Usubov və bütün azərbaycanlı hərbçilərə, generallara ilk günlər toxunmayıblar. Əvvəlcə "bundan sonra Qızıl Orduda xidmət edəcəksiniz" desələr də, çox keçmədən Milli Ordunun zabitləri həbs olunub. İbrahim ağa Usubovu və onunla bərabər on iki azərbaycanlı general və zabiti 1920-ci il iyunun 16-da gecə ilə Nargin adasına aparıb güllələyiblər. 
Əlağa Şıxlinski və Səməd bəy Mehmandarov isə ayrı kamerada olub. Onların Nəriman Nərimanova göndərdikləri məktub ünvanına çatıb və  xilas olublar. Lakin Qızıl Ordunun tərkibində olan terrorçu-daşnakların təxribatçı əməllərindən ehtiyat edən N.Nərimanov 1920-ci il avqustun 1-də Ə.Şıxlinskini və S.Mehmandarovu Moskvaya göndərib.
Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti: keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında İbrahim ağa Usubovu Azərbaycanın istiqlal şəhidi adlandırıb.
İbrahim ağanın atası Musa ağa Usubov və əmisi Süleyman ağa Usubov da hərbçi olub. Onlar XIX əsrin əvvəllərində Azərbaycan türklərindən təşkil olunan Müsəlman Süvari Alayında xidmət ediblər. Musa ağa Molla Yusif oğlu Usubov hətta döyüşlərdə göstərdiyi şücaət və igidliyə görə 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeninə layiq görülüb. Musa ağa "poruçik" rütbəsində, 22 iyul 1891-ci ildə istefaya çıxıb və dövlət ona gümüş pulla 97,50 rubl təqaüd ayırıb. Ancaq təqaüdü almaq ona qismət olmayıb. Təxminən 10 gün sonra - avqustun 1-də Musa ağa dünyasını dəyişib.
İbrahim ağa Usubov general Əlağa Şıxlinski ilə bacanaq olub. O, 1910-cu ildə Tiflisdə yaşayan qohumu, Zaqafqaziya müftisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin kiçik qızı Gövhər xanımla ailə həyatı qurub. Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Nigar xanım Usubova kimi istedadlı övladları olub.
İbrahim ağa Usubov döyüşlərdə göstərdiyi şücaətlərə və xidmətdə fərqləndiyinə bir çox orden, medal və mükafatlara layiq görülüb. Bunlardan üzərində "İgidliyə görə" yazısı olan 4-cü dərəcəli "Müqəddəs Anna", 4-cü dərəcəli "Müqəddəs Vladimir" (qılınc və yayla), 3-cü dərəcəli "Müqəddəs Stanislav" (qılınc və yayla), 3-cü dərəcəli "Müqəddəs Anna", 2-ci dərəcəli "Müqəddəs Stanislav", 2-ci dərəcəli "Müqəddəs Anna" (qılıncla), 4-cü dərəcəli "Müqəddəs Georgi", 3-cü dərəcəli "Müqəddəs Vladimir" (qılıncla), 2-ci dərəcəli "Müqəddəs Stanislav" (qılıncla), 3-cü dərəcəli "Müqəddəs Anna" (qılınc və yayla) ordenini və İmperator Əlahəzrətlərinin "Ən yüksək lütf" mükafatını göstərmək olar.

"Azərbaycan Ordusu"