AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Tibb İdarəsində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaradılmasının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Tibb İdarəsinin və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəhbərliyi, tibb heyəti və veteran həkimləri iştirak etdilər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisindəki büstü ziyarət olundu, önünə gül dəstələri düzüldü. Ulu Öndərin və respublikamızın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra hospitalın bölmə rəisi ehtiyatda olan polkovnik Asif Daşdəmirbəyli Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun hospitalın şəxsi heyətinə təbrik məktubunu oxudu. Baş Klinik Hospitalın şəxsi heyətini səmimi-qəlbdən təbrik edən və hər birinə şərəfli xidmətlərində yeni uğurlar arzulayan müdafiə naziri təbrik məktubunda bildirir: "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Ordusu qısa müddətdə böyük inkişaf yolu keçmişdir. Əcdadlarımızın hərbi ənənələrini yaşadan, xalqın sevgisi və dövlətin qayğısı ilə əhatə olunmuş Azərbaycan Ordusu Ümummilli Liderin layiqli davamçısı Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müdafiə qüdrətinin artırılmasında böyük uğurlar qazanmışdır. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı ötən illər ərzində şərəfli bir inkişaf yolu keçmiş, yüksək ixtisaslı kadrlara malik təbabət ocağı kimi respublikamızın səhiyyə sistemində öz layiqli yerini tutmuşdur. İnanıram ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, hərbi qulluqçuların sağlamlığının qorunması işinin müasir tələblərə uyğun qurulması üçün səylərinizi artıracaqsınız".
Tədbir Baş Klinik Hospitalın keçdiyi şərəfli inkişaf yoluna həsr olunmuş videoçarxın nümayişi ilə davam etdi.
Birinci Qarabağ müharibəsinin getdiyi ilk dönəmlərdə - 14 aprel 1992-ci ildə milli həkim kadrları ilə təmin edilmiş, tabeçiliyində 36 bölmə, 4 laboratoriya, 1 aptek olmaqla, Baş Klinik Hospitalın yaradılması haqqında Azərbaycan Respublikasının müdafiə nazirinin müvafiq əmr imzaladığını qeyd edən hospitalın rəisi tibb xidməti polkovniki Vüqar Paşayev məruzəsində bildirdi ki, həmin dövrdə xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1994-1995-ci illərdə hospitalda müalicə olunan yaralı və xəstə hərbi qulluqçuları bir neçə dəfə ziyarət etmişdir. "Həmin ənənə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam etdirilmişdir. Belə ki, 2016-cı il Aprel döyüşlərində və 2020-ci ildə Vətən müharibəsi zamanı dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə Baş Klinik Hospitalına gələrək, yaralı və xəstələri ziyarət etmişlər".
Hospital rəisi onu da vurğuladı ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində müasir tipli, tibbi avadanlıqlarla tam təchiz edilmiş müalicə korpusları tikilərək hospitalın istifadəsinə verilmişdir. "Kollektiv Birinci Qarabağ müharibəsində, 26 il atəşkəs dövründə, 2016-cı ilin Aprel döyüşlərində, eləcə də 2020-ci ildə Vətən müharibəsi və 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatı zamanı üzərinə düşən vəzifəni yüksək səviyyədə peşəkarlıqla yerinə yetirmişdir”. Hospitalın fəaliyyətinin Ordu rəhbərliyi tərəfindən yüksək qiymətləndirdiklərini diqqətə çatdırdı. Tibb xidməti polkovni ki, Vüqar Paşayev bildirdi ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hər il dövlət bayramlarında Baş Klinik Hospitalda müalicə olunan hərbi qulluqçuları ziyarət edir, onların qayğıları ilə maraqlanır".
Daha sonra Tibb İdarəsinin rəisi tibb xidməti polkovniki Anar İsmayılov çıxış edərək Müdafiə Nazirliyinin rəhbərliyi adından hospitalın şəxsi heyətini, ordumuzun bütün hərbi tibb personalını təbrik etdi, onlara şərəfli və çətin xidmətlərində yeni nailiyyətlər arzuladı. Tibb xidməti polkovniki qeyd etdi ki, hospital yarandığı gündən peşəkar tibb heyəti ilə ordumuzun hərbi qulluqçularının sağlamlığının keşiyində dayanıb. “Bu gün hospitalımız daha müasir, daha yüksək texnologiyaya malik olmaqla fəaliyyətini uğurla davam etdirir. Naxçıvanda, Kəlbəcərdə fəaliyyət göstərən tibb müəssisələrinin də maddi-texniki təminatı gündən-günə gücləndirilərək müasir tibbi texnologiyanın zəruri avadanlıqları ilə təchiz olunub. Hərbi səhiyyəmiz dövlət və ordu rəhbərliyinin diqqət və qayğısı nəticəsində daha da inkişaf etdirilir”.
Sonra hospitalın formalaşmasında böyük xidməti və əməyi olmuş veteran həkimlər bu tibb müəssisəsinin keçdiyi şanlı və şərəfli xidmət yolundan danışdılar.
Sonda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı tibb xidməti polkovniki Paşayev Vüqar Murad oğluna və baş gizir Əmirov Fərzan Oktay oğluna təqdim edildi. Hospitalın formalaşmasında xidmətləri olan veteran həkimlər və bir qrup tibb heyəti fəxri fərmanlarla təltif olundu.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"