AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bu gün tarixi qalib ölkənin vətəndaşları kimi vərəqləyirik. İllər öncə bir arzumuz var idi: bayram tonqalını Qarabağda yandırmaq. Artıq 6 ildir ki, azad Qarabağ torpaqlarında bayram tonqalını dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev yandırır. Torpaqlarımız Zəfər dolu bu alovun hər zərrəsində can tapır, ilbəil abadlaşır, doğmalarına qucaq açır. Artıq Qarabağda yalnız bayram tonqalları deyil, evlərin işığı da yanır, gülüş səsləri, dünyaya göz açan körpə qığıltısı da əbədi qayıdışımızın möhürü kimi səslənir. Bəli, biz qayıtdıq, haqq-ədalət Zəfər çaldı. Bütün dünya bir daha gördü ki, Azərbaycan haqlı savaş aparıb və Qarabağ Azərbaycandır!
44 günlük Vətən müharibəsinin nəticəsi olaraq qazandığımız Zəfər yolu isə heç də asanlıqla başa gəlməmişdi. Bu yolda neçə-neçə igidlər canını qurban vermiş, Vətən torpaqları etibarlı müdafiə olunmuşdur. Bu gün onlarla gəncin təhsil aldığı Heydər Əliyev adına Hərbi Liseydə dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş muzeydə eksponatlar diqqətimizi çəkir. Bütün həyatını, ömrünü Vətəninin xoşbəxt gələcəyinə, istiqlalına həsr edən və bunun naminə mübarizə aparan Ulu Öndər Heydər Əliyevin ideyalarının işığında formalaşmış, yetişmiş gənclərin fotolarına baxırıq. Müxtəlif illərdə çəkilmiş fotolar, liseylə bağlı yazılan kitablar, bir də igidlik örnəyi olan liseyin məzunları haqqında məlumat. Onlar təhsil aldıqları ocağın tarixinə öz adlarını qızıl hərflərlə yazdırdılar. Məzunu olduqları liseyə şərəf və qürur gətirdilər. Heydər Əliyev adına Hərbi Liseyi bitirmiş məzunlardan 4 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb. Onlardan biri - kapitan Veysəl Müsibov şəhadətə ucalıb. 1 nəfər "Zəfər", 11 nəfər "Qarabağ" ordeninə layiq görülüb. Vətən torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə liseyin 96 nəfər məzunu şəhadətə yüksəlib, özlərindən sonra dərin mənəvi bir iz qoyublar. İndi o izin cığırında təhsil alan kursantlar sələflərinin yolunu davam etdirərək günün nizam qaydalarına əməl edir, öz bilik və bacarıqlarını, fiziki hazırlıqlarını artırırlar.
Ulu Öndərin şah əsərlərindən olan Hərbi lisey bu günə qədər neçə-neçə gəncin hərb peşəsinə yönəlməsində, peşəkar zabit kadrlarının yetişməsində müstəsna xidmətlər göstərib. 1998-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin filialı olaraq fəaliyyətə başladığı dövrdən indiyədək bu təhsil ocağının 4 minə yaxın məzunu olub. Həmin məzunlar Azərbaycanın müxtəlif bölgələrində xidməti fəaliyyətlərini şərəf və ləyaqətlə yerinə yetirirlər. Bu gün də lisey öz ətrafına yalnız Naxçıvandan deyil, ölkənin müxtəlif bölgələrindən olan gəncləri yığıb. Gənclərin təlim-tərbiyəsi üçün liseydə müasir standartlara uyğun şərait yaradılıb: fənn kabinələri, laboratoriyalar, trenajorlarla təchiz olunmuş idman zalı, tir otağı, zəngin kitab fonduna malik kitabxana, STEAM kabinəsi. İkiillik təhsil müddətində bütün bu imkanlardan yararlanan kursantlara təcrübəli müəllimlər dərs keçirlər. Hərbi lisey şəhərciyində kursantların asudə vaxtının səmərəli keçməsi üçün yataqxana, sağlamlıqlarının keşiyində dayanan tibb məntəqəsi və futbol meydançası, idman qurğuları istifadədədir. Kursantlar muxtar respublikada keçirilən tədbirlərdə, idman yarışlarında, rəsm və şeir müsabiqələrində fəal iştirak edirlər. Bunu yataqxananın foyesində sərgilənən müxtəlif mükafatlar, fəxri fərman və medallardan da görmək mümkündür. Kursantların təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərdən 3 nəfəri "Əməkdar müəllim" adına, 2 nəfəri "Rəşadətli əməyə görə" nişanı ilə təltif edilib. Liseyin tarix müəllimi Mirismayıl Seyidov uzun illər göstərdiyi səmərəli fəaliyyətinə görə təltif olunan müəllimlərdəndir. Neçə-neçə kursantın yetişməsində böyük xidmətləri olub. Mirismayıl müəllim söhbətimiz əsnasında bildirdi ki, 2004-cü ildən fəaliyyət göstərən təhsil ocağı Azərbaycan dövlətinin ərazi bütövlüyünün qorunmasında, torpaqlarımızın düşmən tapdağından azad olunmasında çox mühüm rol oynayıb. “Belə ki, 1990-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı itirdiyimiz torpaqların azad olunmasında liseyimizin yetirmələri çox böyük rəşadət göstəriblər. Müxtəlif illərdə düşmən təxribatlarının qarşısını alarkən, habelə Aprel döyüşlərində, Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatı zamanı böyük şücaət göstərərək öz adlarını tarixə qızıl hərflərlə yazdırıblar. Bu gün də liseyimizin profili dəyişməyib, vətənpərvərlik ruhunda gənclərimizin yetişdirilməsində böyük səylər göstərilir. Liseyimizin kursantlarına tövsiyəmiz budur ki, şəhidlərimizin canı bahasına işğaldan azad olunmuş bu torpaqlarımıza bir daha düşmən ayağı dəyməsin və bunun üçün onlar xidmətlərini ayıq-sayıq, uğurla davam etdirsinlər”.
İngilis dili müəllimi Təranə Məmmədova 11 ildir ki, liseydə fəaliyyət göstərir: "Hərbi liseydə işləmək məsuliyyətlidir. Buradakı hər bir kursantın özünün ayrı dünyası var. Biz onların sadəcə müəllimi deyilik. Eyni zamanda, onlara bir ailə, bir dost olmağı bacarmalıyıq. Kursantların təhsili də bizim üçün çox önəmlidir. Xarici dil bir çoxları üçün çətin ola bilər. Biz onları imtahan edirik və göstərdikləri nəticəyə uyğun işləməyə çalışırıq”.
Eyni zamanda, Hərbi liseydə kursantlarımıza vətənpərvərlik ruhu daha geniş aşılanır. Burada böyük tənəffüslər olan zaman artıq zəng çalınmır. Əvəzinə vətənpərvərlik ruhunda musiqilər səsləndirilir.
Mayor Anar Mahmudov hazırda məzunu olduğu liseyin tədris bölmə rəisidir. Liseyin qazandığı uğurlardan, məzunlarının qələbəyə verdiyi töhfədən şövqlə danışan bölmə rəisi bu gün də Vətən müdafiəçilərinin layiqli davamçılarını yetişdirmək üçün səylə çalışdığını bildirdi: "Bu təhsil ocağı mənim üçün doğmadır. Burada vətənpərvərlik dərsi keçib formalaşmışam. İndi müəllimlərimlə çiyin-çiyinə çalışmaq, kursantların təlim-tərbiyəsində iştirak etmək qürurvericidir. Kursantlara baxanda gözümdə öz təhsil aldığım illər canlanır. Zabit və müəllim heyəti olaraq çalışırıq ki, liseyin müasir tədris imkanlarından kursantlar maksimum yararlanaraq daha çox bilik və bacarıq əldə etsinlər. Burada aldıqları təhsili, ilkin hərbi bilikləri ali hərbi məktəblərdə uğurla davam etdirə bilsinlər. Bu məktəbin əhəmiyyətini məzunlarımız 44 günlük savaşda şücaət göstərəndə bir daha gördük. Bu gün iftixar hissi ilə biz təkcə keçmişlərdən deyil, elə liseyin məzunu olan igidlərimizi də örnək göstəririk. Torpaqlarımız azaddır, əzəli ata-baba yurdlarımıza böyük köç davam edir. Biz isə öz missiyamızı yerinə yetirərək, rəşadətli ordumuzun peşəkar zabit kadrları ilə bu istiqamətdə əlimizdən gələni əsirgəməməliyik".
Sonda yenə ənənəni pozmuruq. Liseyin bir qrup kursantı - gələcəyin Vətən keşikçiləri ilə keçirdiyimiz dəqiqələri xatirəyə çeviririk. İllər sonra bu fotoda bir qəhrəmanın, bir cəsur döyüşçünün, bir generalın kursant illərini göstərib, haqqında qürurla danışacağıq. Əvvəllər də olduğu kimi...
Ruhiyyə RƏSULOVA
"Şərq qapısı" qəzetinin
məsul katibi