Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2026 17:37

Vətənə sədaqətin və insanlığa xidmətin ünvanı

Vətən torpağı hər zaman öz qoynunda igid, mərd və məsuliyyətli oğullar yetişdirib. Bu torpağın yetirmələri təkcə silah tutan əsgərlər kimi deyil, həm də insan həyatını qoruyan, yaralı ürəklərə ümid bəxş edən fədakar insanlar kimi tanınıblar. Azərbaycan Ordusunun sıralarında xidmət edən belə zabitlərdən biri də tibb xidməti kapitanı Məhəmməd İbrahimlidir. O, həm zabit məsuliyyətini, həm də həkim peşəsinin müqəddəs missiyasını şərəflə daşıyan, Vətənə sədaqəti və sevgisi ilə seçilən gənc zabitlərdəndir.
Tibb xidməti kapitanı Məhəmməd İbrahimli 26 iyul 1994-cü ildə Göygöl rayonunun Balçılı kəndində dünyaya göz açıb. Uşaqlıq illərindən zəhmətə alışan, vətənpərvər ruhda böyüyən Məhəmməd hər zaman insanlara faydalı olmağı həyatının əsas məqsədi kimi görüb. Bu amal onun üçün həm Vətənə xidmət etməyə, həm də insan sağlamlığını qoruyan müqəddəs bir peşəyə - həkimliyə aparan yolun başlanğıcı oldu.
2011-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olunaraq "Hərbi həkim işi" ixtisası üzrə təhsil almağa başlayan Məhəmməd İbrahimli tələbəlik illərindən öz zəhmətkeşliyi, məsuliyyətli yanaşması və peşəsinə olan sevgisi ilə seçilib. 2017-ci ildə ali təhsilini uğurla başa vuran gənc zabit Azərbaycan Ordusunun sıralarında  həm hərbi həkim, həm də zabit kimi öz missiyasını yerinə yetirməyə başlayıb. 
Vətənə xidmət onun üçün sadəcə vəzifə deyil, həm də qürur məsələsidir. 11 illik hərbi xidmət yolu tibb xidməti  kapitanı Məhəmməd İbrahimlinin peşəkarlıqla yanaşı, böyük məsuliyyət və fədakarlıq nümayiş etdirdiyini göstərir. Bu illər ərzində o, xidmət etdiyi hərbi kollektivdə intizamı, humanistliyi və işinə olan ciddi münasibəti ilə hörmət qazanıb.
Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi yalnız torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizə deyil, həm də Azərbaycan əsgərinin iradəsinin, birliyinin və şücaətinin təntənəsi idi. Həmin günlərdə hər bir zabit kimi, tibb xidməti kapitanı Məhəmməd İbrahimli də Vətən qarşısında borcunu şərəflə yerinə yetirdi. Hərbi həkim olaraq o, ixtisası üzrə yaralı döyüşçülərə tibbi xidmət göstərib.
Döyüş meydanında həyatla ölüm arasındakı incə sərhəddə çalışan hərbi həkimlər döyüşçülərin ikinci nəfəsi, ümid işığı olurlar. Zabit Məhəmməd İbrahimli də bu ağır, lakin şərəfli missiyanı ləyaqətlə yerinə yetirərək həm döyüşçülərin, həm də xidmət yoldaşlarının dərin hörmətini qazanıb. O, "Kəlbəcərin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
Peşəkarlığını daha da artırmaq məqsədilə tibb xidməti kapitanı Məhəmməd İbrahimli 2020-2023-cü illərdə Türkiyənin nüfuzlu hərbi tibb müəssisələrindən biri olan Türkiyə Silahlı Qüvvələrinin Gülhane Təlim və Araşdırma Xəstəxanasında oftalmologiya ixtisası üzrə ixtisaslaşma keçib. Bu müddət ərzində o, müasir tibbin yeniliklərini dərindən mənimsəyərək göz xəstəliklərinin müalicəsi və diaqnostikası sahəsində bilik və bacarıqlarını daha da təkmilləşdirib.
Hərbi həkim üçün peşə yalnız tibbi biliklərdən ibarət deyil. Bu yol həm də böyük mənəvi məsuliyyət, insan həyatına həssas yanaşma və fədakarlıq tələb edir. Kapitan Məhəmməd İbrahimli bu xüsusiyyətləri özündə birləşdirən zabitlərdəndir. O, xidmət etdiyi kollektivdə həm savadlı mütəxəssis, həm də səmimi, yardımsevər insan kimi tanınır.
Bu gün Azərbaycan Ordusunun sıralarında xidmət edən gənc zabitlər ölkəmizin nurlu sabahına inamın rəmzidir.  Zabit Məhəmməd İbrahimli də həmin zabitlərdən biridir. Onun kimi vətənpərvər hərbi qulluqçularımızın xidmət yolu gənclər üçün həm vətənpərvərlik nümunəsi, həm də peşəsinə sədaqətin bariz göstəricisidir.
Vətənə xidmət edən insanların taleyi adətən səssiz qəhrəmanlıq salnaməsi kimi yazılır. Onlar gurultulu sözlərdən uzaq, lakin böyük məsuliyyət və sədaqətlə öz missiyalarını yerinə yetirirlər. 
Vətəni qoruyan təkcə silah deyil - bilik və fədakarlıq da bu müqəddəs missiyanın ayrılmaz hissəsidir. Məhəmməd İbrahimli isə həm zabit qətiyyəti, həm də həkim mərhəməti ilə bu iki müqəddəs dəyəri öz şəxsiyyətində birləşdirən gənc zabitlərdəndir. Vətənə sədaqətlə xidmət edən hərbçilər olduğu müddətdə Azərbaycan Ordusu bundan sonra da qüdrətli ordular sırasında olacaqdır.

Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"