Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2026 17:37

Xidmətimizdə etimad şərtdir

Bu gün Azərbaycan Ordusu dövlətimizin müstəqilliyinin, suveren hüquqlarının və ərazi bütövlüyünün qorunmasında əsas dayaqlardan biri kimi mühüm inkişaf mərhələsi keçib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu strategiyası hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə ardıcıl və uğurla davam etdirilir. Son illərdə görülən sistemli və məqsədyönlü tədbirlər Azərbaycan Ordusunun döyüş hazırlığını əhəmiyyətli dərəcədə artırıb, maddi-texniki imkanlarını genişləndirib, hərbi hissələrin infrastrukturunun müasir standartlara uyğun yenilənməsini təmin edib.
Azərbaycan Ordusunun formalaşması və güclənməsi yalnız təminatla məhdudlaşmır. Bu prosesdə şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların mənəvi-psixoloji hazırlığının möhkəmləndirilməsi və hərbi nizam-intizamın daha da gücləndirilməsi əsas prioritetlərdəndir. Məhz bu istiqamətlər üzrə aparılan ardıcıl işlər dövlətin ordu quruculuğu siyasətinin başlıca xəttini təşkil edir.
Hərbi hissələrdə xidmət prosesinin düzgün və səmərəli şəkildə təşkili, döyüş hazırlığı üzrə məşğələlərin müasir tələblərə uyğun yüksək səviyyədə keçirilməsi, eləcə də nizamnamənin tələblərinə ciddi riayət olunması ordunun gücünü və döyüş qabiliyyətini müəyyən edən əsas amillərdən hesab olunur.
Bu gün Azərbaycan Ordusu regionda ən qüdrətli ordulardan biri kimi tanınır. Müasir silah-sursat və hərbi texnika ilə təmin olunan ordu şəxsi heyətin peşəkarlıq səviyyəsinin davamlı şəkildə artırılmasına xüsusi önəm verir, döyüş hazırlığı üzrə planlaşdırmanı isə potensial təhlükələr əsasında həyata keçirir. 
Belə qüdrətli və intizamlı ordunun tərkibində xidmət edən gənclər  məsuliyyəti və xidmətə sadiqlikləri ilə bu şərəfli ada layiq olduqlarını sübut etməyə çalışırlar. Bu mənada, nümunəvi xidmətləri ilə seçilən hərbi qulluqçuların fəaliyyəti xüsusi vurğulanmalı və qeyd edilməlidir.
Belə nümunəvi hərbi qulluqçular sırasında Qəbələ rayonundan hərbi xidmətə çağırılmış əslən Kəlbəcər rayonundan olan əsgər Ramin Yusifli də  qeyd edilə bilər.
Ramin Yusifli 12 mart 1998-ci ildə anadan olub. O, hələ məktəb illərindən etibarən intizamlı davranışı, məsuliyyətli münasibəti və çalışqanlığı ilə fərqlənib. Oxuduğu məktəb də Vətən sevgisini Raminin gözündə daha da ucaldıb. Təhsilinə ciddi yanaşan Ramin sinif yoldaşları arasında nümunəvi şagird kimi tanınıb, gənc yaşlarından etibarən daim özünü inkişaf etdirməyə xüsusi diqqət göstərib.
2019-cu ildə Anadolu Universitetinin "İnformasiya sistemləri və idarəetmə" fakültəsinə qəbul olub. 2025-ci ildə ordu sıralarına daxil olan Ramin asudə vaxtlarını faydalı şəkildə dəyərləndirməyə üstünlük verir. O, mütaliəyə xüsusi maraq göstərir, kitab oxumağı dünyagörüşünü və bilik səviyyəsini artırmağın əsas yollarından biri kimi qəbul edir. Vətən müdafiəçisi fiziki hazırlığını daim yüksək səviyyədə saxlamaq üçün mütəmadi olaraq idmanla məşğul olur. Bu keyfiyyətlər Raminin şəxsiyyətinin formalaşmasında və xarakterinin möhkəmlənməsində mühüm rol oynayır.
Ramin xidmət etdiyi hərbi hissədə üzərinə düşən tapşırıqları məsuliyyətlə və layiqincə yerinə yetirməyə çalışır. Gündəlik xidmət zamanı intizamlı davranışı ilə fərqlənən əsgər komandanlıq tərəfindən verilən göstərişləri vaxtında və dəqiqliklə icra etməklə şəxsi heyət arasında hörmət və etimad qazanıb.
"Azərbaycan Ordusunda xidmət etmək mənim üçün böyük qürur mənbəyidir. Burada hər bir hərbi qulluqçudan yüksək intizam, məsuliyyət və Vətənə sədaqət tələb olunur. Əsgərlərə göstərilən diqqət və qayğı xidmətə daha böyük ruh yüksəkliyi ilə yanaşmağımıza stimul yaradır. Komandanlığın tapşırıqlarını vaxtında və dəqiqliklə icra etmək hər birimizin əsas vəzifəsidir. Mən də Azərbaycan əsgəri adına layiq olmaq və üzərimə düşən borcu layiqincə yerinə yetirmək üçün əlimdən gələni edirəm", - deyə Ramin qeyd etdi.
Azərbaycan Ordusunda xidmət edən belə gənclər müstəqil dövlətimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün etibarlı əllərdə olduğunu təsdiqləyir. Bu gün əldə olunan nailiyyətlər göstərir ki, Azərbaycan Ordusu qarşısına qoyulan bütün vəzifələri bundan sonra da uğurla yerinə yetirməyə qadirdir. Əsgər Ramin Yusifli kimi nümunəvi gənclər isə bu şərəfli missiyanın davamçıları olaraq ölkəmizin hərbi qüdrətinin daha da möhkəmlənməsində öz töhfələrini verirlər.

Şəlalə CAMAL
"Azərbaycan Ordusu"