Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2026 17:37

“Vətənin ərazi bütövlüyünü qorumaq peşəsi müqəddəsdir”

Xalqına, Vətəninə, dövlətinə sədaqətlə, layiqincə xidmət edən, torpağa bağlı olan oğulların sırasında  ordumuzun bir gənc zabiti də var. O, tank bölmələrinin birində xidmət edən taqım komandiri leytenant Həsən Əlizadədir.
27 sentyabr 2020-ci il... 44 günlük Vətən müharibəsinin, xalqımızın Zəfər yürüşünün başlandığı tarixi gün. Həsən kursant olarkən o tarixi günün qürurunu yaşamışdı. Düşünmüşdü ki, kaş o da xalqımızın haqq işi uğrunda Azərbaycan Ordusunun başladığı şanlı döyüşlərin iştirakçısı olardı. Gənc zabit qürurunu yaşadığı o günləri indi ömrünün mənası hesab edir. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun hərb salnaməsinə şərəflə yazılan Zəfər tariximizin hər səhifəsini böyük həvəslə öyrənir və öyrədir.
Leytenant Həsən Əlizadə Biləsuvar rayonunun Xırmandalı kəndində vətənsevər, torpaqsevər bir ailədə doğulub. O, Birinci Qarabağ müharibəsinin veteranı olan Həsən babasının adını daşıyır. Həsən dedi ki,  babasının cəbhə xatirələri ilə böyüyüb boya-başa çatıb. "Babam  həmişə iştirakçısı olduğu Birinci Qarabağ müharibəsinin ağır günlərindən, hərbi qüvvənin, təminatın yoxluğundan, ermənilərin yerli əhaliyə qarşı törətdikləri vəhşiliklərdən, faciələrdən, işgəncələrdən danışardı. Gözəl Qarabağımızın, Şuşamızın, tarixi torpaqlarımızın ermənilər tərəfindən necə işğal edilməsi haqqında söhbətlərin şahidi olmuşam. Qisas qiyamətə qalmadı. Şükürlər olsun, xalqımızın mərd, igid oğulları düşməndən şəhidlərimizin qisasını aldı. Rayonumuz da, doğulub böyüdüyüm kəndimiz də igid, qorxmaz oğullar yetişdirib. Onlar da Vətənimizin müdafiəsinə qalxaraq erməni işğalçılarına qarşı fədakarlıqla döyüşüblər. Neçə-neçə mərd oğul Vətənimizin bütövlüyü naminə canından keçib. Doğma Azərbaycanımızın hər qarış torpağı əzizdir. Vətənin ərazi bütövlüyünü qorumaq peşəsi müqəddəsdir".
Həsənin hələ kiçik yaşlarından hərbi formaya sevgisi, eyni zamanda, böyüdüyü mühit onu müqəddəs yolun başlanğıcına gətirib... O, 2016-2019-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Burada təcrübəli, peşəkar müəllimlərin onlara hərbi biliklərin aşılanmasında mühüm rolu olub. Heydər Əliyev adına Hərbi İnstitutu “Tank” ixtisası üzrə bitirib. Təhsil aldığı illərdə hərbi bacarığını, ixtisas üzrə praktiki vərdişlərini daima artırmağa çalışıb. 2024-cü ildən hazırda xidmət etdiyi hərbi hissəyə taqım komandiri vəzifəsinə təyin olunub. Leytenant Həsən Əlizadə bu gün Azərbaycan Ordusunun sıralarında qürurla xidmət edən gənc zabitlərimizdəndir. 
Keçmiş döyüşçü ailəsində  doğulub böyüyən Həsən onu da vurğuladı ki, bu gün onun qardaşı və iki əmisi oğlu  Vətənə xidmət yolunu seçiblər. "Qardaşım Mirzə Əliyev gizirdir. İki əmim oğlu baş leytenantlar Cəmil Əliyev və Pərvin Əliyev Azərbaycan Ordusunun zabitləridir. Hər ikisi C.Naxçıvanski adına Hərbi Liseyi və indiki Heydər Əliyev adına Hərbi İnstitutu bitiriblər. Yaxın qohumum müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elvin Məmmədov İkinci Qarabağ müharibəsinin şəhididir. Ailəmizdə, yaxın qohum-əqrəbada həmişə hərbi formalı insanlar görmüşəm. Onlar mənə bu hərbi formanı sevdiriblər. Hərb sənətini seçməyimdə böyük rol oynayıblar. Hər birimiz Vətənə, xalqa, dövlətə şərəflə, ləyaqətlə xidmət etməyə çalışırıq. Azərbaycanımızın ərazi bütövlüyünün qorunmasının təminatçısı olan qalib ordumuzun hərbi qulluqçuları kimi peşəkarlığımızı daima artıracağımıza, ölkəmizin etibarlı müdafiəsinə hər an hazır olacağımıza Hərbi And içmişik".
İnanırıq ki, leytenant Həsən Əlizadə qazandığı hərbi bilikləri tabeliyində olan şəxsi heyətə hər zaman böyük həvəslə öyrədəcək, onların peşəkarlığının artırılmasına bütün qüvvə və bacarığını əsirgəməyəcəkdir.

Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"