AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hərb elminin nəzəriyyəçiləri döyüşdə tankın yerini və əsas üstünlüklərini xüsusi olaraq qeyd edirlər. Tank vasitəsilə müharibədə üstünlüyü ələ almaq mümkündür. İkinci Dünya müharibəsindən bu yana tanklar ən təsirli və güclü döyüş vasitəsi kimi dünya dövlətlərinin ordusunun silahlanmasına daxil edilib. Uzun lüləli topları, möhkəm zirehi və qarşısına çıxan hər şeyi əzib keçən tırtılları ilə tanklar müharibələr tarixində böyük izlər qoyub.
Azərbaycan Ordusunun da şanlı döyüş yolu keçən tank bölmələri beynəlxalq tank biatlonlarında, orduda keçirilən bütün yarışlarda yüksək döyüş bacarığı nümayiş etdirərək hər zaman uğurlu nəticələr, qələbələr əldə edib. Qazanılan uğurlar tank heyətlərimizin vəzifə borcuna məsuliyyətlə yanaşmasının və döyüş qabiliyyətinin, peşəkarlığının daima artırılmasının göstəricisidir. Uğultulu səsi ilə düşmən cəbhəsində vahimə yaradan, "döyüşün aslanı" adlandırılan bu zirehli texnikanı idarə etmək üçün yüksək peşəkarlıq, məsuliyyətlilik və təşəbbüskarlıq tələb olunur. Bu baxımdan, qeyd edilənlərin önəmi, zərurəti nəzərə alınaraq, tank heyətlərinə təcrübəli, peşəkarlığını daima artırmağa can atan, zirehli texnikanın taktiki-texniki xüsusiyyətlərini öyrənən hərbi qulluqçular cəlb olunurlar. Hər bir tank heyəti onlara təhkim olunmuş texnikaya qulluq edərək onu işlək və saz vəziyyətdə saxlamağı bacarmalıdır. Hərbi xidmətə yeni gələn əsgərlərə də zirehli texnikanın sirləri təcrübəli hərbi qulluqçular tərəfindən öyrədilir.
Bütün hərbi hissələrdə olduğu kimi, tank hərbi hissəsində də xidmət günün nizam qaydalarına uyğun şəkildə aparılır. Buradakı tank bölmələrimizdə peşəkar hərbi qulluqçularımız Vətənə xidmət edirlər. Məlumat üçün bildirmək yerinə düşər ki, haqqında danışdığımız tank hərbi hissəsi müasir Azərbaycan Ordusunun formalaşmağa başladığı ilk illərdə yaradılan bölmələrdən biri olub və düşmənlə mübarizədə, haqq savaşımızda, Zəfər yürüşündə şanlı döyüş yolu keçərək şöhrət qazanıb.
Öyrənirik ki, hərbi hissənin şəxsi heyəti döyüş hazırlığı planına əsasən, döyüş bacarıqlarının artırılması məqsədilə poliqona çıxır, təlimlər keçirir, tank heyətləri bacarıq və vərdişlərini yoxlayırlar. Tank heyətləri peşəkar zabitlərdən və vəzifə borcunu layiqincə yerinə yetirən nümunəvi hərbi qulluqçulardan ibarətdir.
Xidmətini böyük həvəslə yerinə yetirən tank komandiri gizir Yunis Şıxəliyev tankın - bu ağır texnikanın tarixindən, hansı üstünlüklərə malik olmasından danışdı: "Dünya hərb tarixində məşhur rəssam Leonardo Da Vinçi tərəfindən ilk dəfə hazırlanan tank maketi əsrlər sonra Birinci Dünya müharibəsində həqiqətə çevrildi. İkinci Dünya müharibəsi zamanı isə tanklar dövrünə görə inkişaf etdi. Hazırda istehsal imkanları daha da inkişaf edən, müasirləşən tanklar piyada döyüşlərində ən böyük strateji qüvvə hesab olunur. Hərb sənətində zirehli texnikanın, o cümlədən tankların rolu danılmazdır və döyüş meydanındakı funksiyasını daim qoruyub saxlayır. Onu da qeyd edim ki, hər kəs sevdiyi peşəsində özünü doğruldur. Mən də tankçı sənətini öz arzumla seçmişəm. Hərbi xidmətdə qazandığım uğurlar, qələbələr Vətənə, torpağa sevgidən güc alır. Tankın sirlərini mənə öyrədən komandirlərimə minnətdaram. Onlar bu zirehli texnikanın hərbi sirlərini, döyüş vərdişlərini bizə sevə-sevə aşılayıblar. Mən də sevdiyim tankçı peşəsinin incəliklərini öyrəndim, demək olar ki, bütün sirlərinə yiyələndim. Dərslərdə, təlimlərdə qazandığım bilikləri heç bir çətinlik çəkmədən xidmətimə uğurla tətbiq etdim".
Peşəsinə dərin marağından söhbət açan tank komandiri Yunis Şıxəliyev bu peşənin olduqca vacib tərəflərini bizə fəxrlə söylədi: "Bunun üçün də tankı idarə edərkən son dərəcə məsuliyyətli, təmkinli olmalı, bütün diqqətin, fikrin gördüyün işin üzərində cəmlənməlidir. Birinci növbədə bu tələblər mütləq yerinə yetirilməlidir. Şəxsi heyətin döyüş hazırlığının, bilik və bacarığının artırılmasına çalışırıq. Xidmətimizdə heç bir çətinliyimiz yoxdur. Çünki xidmət peşəkar tank heyətlərimiz tərəfindən aparılır. Bu döyüş maşını tank haqqında nə qədər nəzəri biliklər öyrənsən də, yenə də daha çox təcrübəni artırmalısan. Mən də təcrübədə qazandığım bilikləri ordu sıralarına yeni gələn tank heyətlərinə yorulmadan, böyük həvəslə öyrədirəm. Çalışıram ki, onlar da bacarıqlı mütəxəssis olsunlar".
Tank komandiri gizir Yunis Şıxəliyev 13 iyun 1991-ci ildə Yardımlı rayonunun Gendərə kəndində anadan olub. 2009-cu ilin oktyabrında cəbhə xəttində yerləşən "N" hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. 2011-ci ildə hərbi xidmətini başa vuran Yunis yenidən Azərbaycan Ordusunun sıralarına qayıdıb. Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində (indiki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi) "Gizir hazırlığı" kursunu bitirdikdən sonra "N" hərbi hissəsində tank komandiri kimi hərbi xidmətini davam etdirməyə başlayıb. O, 15 ildən artıqdır ki, Vətənimizin müdafiəsində əzmlə dayanan cəsur tankçılarımızın sırasındadır. Peşəkar tank komandiri Y.Şıxəliyev bu illər ərzində hər zaman intizamı, çalışqanlığı, verilən tapşırıqları vaxtında yerinə yetirən hərbi qulluqçu kimi nümunəvi xidməti ilə seçilib. 44 günlük Vətən müharibəsi başlayanda Yunis də ordumuzun peşəkar tank bölmələrinin tərkibində döyüşlərdə iştirak edib. 30 sentyabr tarixində onların bölmələri Füzuli rayonunun Alxanlı kəndi istiqamətində gedən ağır döyüşlərə başlayıb. Həmin gün Yunisin idarə etdiyi tank vurulub. Özü və sürücü-mexanik ağır yaralansa da, tuşlayıcı şəhid olub.
Tank komandiri gizir Yunis Şıxəliyev Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medallarını bu gün sinəsində fəxr və qürur hissi ilə daşıyır.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"