AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müasir dövrdə ordunun qüdrəti yalnız ən yeni silah sistemləri və texniki təchizatla məhdudlaşmır. Bu gücün əsas dayağını hazırlıqlı, fiziki və mənəvi baxımdan sağlam, yüksək vətənpərvərlik ruhuna malik hərbi qulluqçular təşkil edirlər. Xidmət müddətində onların nümayiş etdirdiyi intizam, məsuliyyət hissi və peşəkarlıq bütövlükdə ordunun döyüş qabiliyyətinin formalaşmasına və möhkəmlənməsinə birbaşa təsir göstərir.
"N" hərbi hissəsinin tibb məntəqəsində tibbi xidmətin təşkili xüsusi diqqət və dəqiqliklə həyata keçirilir. Burada çalışan təcrübəli və ixtisaslı tibb personalı şəxsi heyətin sağlamlığının qorunmasını mütləq borc, vəzifələrindən biri kimi qəbul edir və bu istiqamətdə sistemli fəaliyyət göstərir. Həkimlər və tibb işçiləri mövcud bilik və bacarıqlarını maksimum səviyyədə səfərbər edərək, hərbi qulluqçuların sağlamlığının möhkəmləndirilməsinə, eyni zamanda, bölmələrin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanmasına mühüm töhfə verirlər.
Müasir standartlara cavab verən, geniş və işıqlı binada yerləşən tibb məntəqəsində yaradılmış şərait tibbi xidmətin keyfiyyətli şəkildə təşkili üçün geniş imkanlar yaradır. Buradakı otaqlar ən son tibbi avadanlıqlarla təchiz olunmuş, müxtəlif istiqamətlər üzrə xidmət göstərən bölmələr isə fasiləsiz fəaliyyət göstərir. Fizioterapiya, stomatologiya, rentgen və ümumi diaqnostika sahələri, o cümlədən kardiologiya və oftalmologiya istiqamətləri üzrə müayinələrin aparılması şəxsi heyətin sağlamlığının kompleks şəkildə qiymətləndirilməsinə şərait yaradır. Qəbul otağında ilkin müayinə prosesi həyata keçirilir, xəstəliyin xarakteri müəyyən edilərək dəqiq diaqnoz qoyulur və uyğun müalicə istiqaməti seçilir. Eyni zamanda, stasionar və izolyasiya otaqları da daim hazır vəziyyətdə saxlanılaraq operativ şəkildə istifadə olunur.
Şəxsi heyətin rahatlığı üçün nəzərdə tutulmuş yeməkxana, hamam və digər zəruri məişət otaqları da daim işlək vəziyyətdə saxlanılır ki, bu da hərbi qulluqçuların özlərini diqqət və qayğı ilə əhatə olunmuş hiss etmələrinə imkan verir. Müntəzəm olaraq aparılan tibbi müayinələr çərçivəsində əsgərlərin sağlamlıq vəziyyəti xüsusi nəzarətdə saxlanılır, zabit heyətinin dispanser yoxlanışları isə əvvəlcədən müəyyən edilmiş plana uyğun şəkildə icra olunur. Sağlam həyat tərzinin qorunması məqsədilə gigiyenik normalara ciddi riayət edilməsi təmin edilir ki, bu da ümumi sağlamlıq göstəricilərinin yüksək səviyyədə qalmasına xidmət edir. Bütün bu işlərin arxasında isə hərbi tibb işçilərinin yorulmaz zəhməti, məsuliyyətli yanaşması və peşəkarlığı dayanır.
Qeyd edim ki, tibb məntəqəsində xidmət edən personal ali təhsilli, ixtisaslaşmış və təcrübəli həkimlərdən ibarətdir. Onlara yaxınlaşaraq işin gedişatı ilə yaxından tanış olduq.
Tibb xidməti leytenantı Cavid Abdıyev hərbi hissənin tibb məntəqəsində əsgər Elşən Əlimovu müayinə edirdi. Müraciət edən əsgərin vəziyyəti diqqətlə yoxlanılır, ilkin tibbi müayinə aparılır və şikayətlərin səbəbi müəyyənləşdirilirdi. Həkim tərəfindən zəruri tibbi yardım göstərilərək, sağalma prosesinin sürətləndirilməsi üçün müvafiq tövsiyələr verilirdi. Eyni zamanda, əsgərin vəziyyətinin daha ətraflı qiymətləndirilməsi məqsədilə əlavə mütəxəssis müayinəsinə yönləndirilməsi də təmin olunurdu.
Tibb xidməti leytenantı Cavid Abdıyev qeyd etdi ki, burada fəaliyyət göstərən tibb personalının hər biri peşəkar hərbi həkimlərin təcrübəsindən yararlanaraq öz bilik və bacarıqlarını daim inkişaf etdirir və xidmətə məsuliyyətlə yanaşır. Onun sözlərinə görə, hərbi sahədə fəaliyyət göstərmək böyük məsuliyyət tələb edir və bu məsuliyyətin öhdəsindən layiqincə gəlmək üçün hər bir tibb işçisi öz üzərinə düşən vəzifələri yüksək səviyyədə icra etməyə çalışır: "Hərbi xidmət sahəsində çalışdığım üçün üzərimə düşən vəzifələri vicdanla və peşəkarlıqla yerinə yetirməyi özümə borc bilirəm. Bu gün ölkəmizin bizə daha çox ehtiyacı var və biz də hərbi qulluqçularımıza xidmət göstərməklə bundan qürur duyuruq. Vətənimizi qoruyan hərbi qulluqçuların sağlamlığının keşiyində dayanmaq hər birimiz üçün böyük fəxrdir".
Tibb məntəqəsində xidmət edən gizir Xəqani Rufullalı da şəxsi heyətin sağlamlığının qorunması istiqamətində üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirən tibb işçilərindən biridir. O, gündəlik tibbi nəzarət və profilaktik tədbirlərin həyata keçirilməsində fəal iştirak edir, əsgərlərin sağlamlıq vəziyyətini daim diqqətdə saxlayır.
Növbəti tibbi baxış zamanı gizir Xəqani Rufullalı əsgər Murad Sofiyevin səhhətini yoxlayaraq onun arterial təzyiqini ölçürdü. Aparılan müayinə nəticəsində əldə olunan göstəricilər diqqətlə qiymətləndirilirdi və əsgərin ümumi vəziyyəti nəzarətə götürüldü.
Gizir Xəqani Rufullalı xidmətində yalnız tibbi müdaxilə ilə kifayətlənmir, eyni zamanda, əsgərlərlə maarifləndirici söhbətlər apararaq sağlam həyat tərzinin əhəmiyyətini də onlara izah edir. Onun diqqətli yanaşması və peşəkar fəaliyyəti sayəsində şəxsi heyət özünü etibarlı əllərdə hiss edir. Bu cür fədakar tibb işçilərinin fəaliyyəti isə hərbi hissədə sağlam mühitin qorunmasına və döyüş hazırlığının yüksək səviyyədə saxlanmasına mühüm töhfə verir.
"N" hərbi hissəsinin tibb heyəti məhz bu ali məqsədləri rəhbər tutaraq öz peşə yolunu seçib. Onlar şəxsi heyətə yüksək səviyyədə tibbi xidmət göstərməklə, həm vətəndaşlıq borclarına, həm də Hərbi Andlarına sadiq olduqlarını gündəlik fəaliyyətləri ilə nümayiş etdirirlər.
Şəlalə CAMAL
"Azərbaycan Ordusu"