Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2026 17:37

Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edildi

Ulu Öndərin siyasətini uğurla davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində müstəqil Azərbaycanda ordu quruculuğu prosesi də yeni mərhələyə qədəm qoydu. Bu gün hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Azərbaycan Ordusunun ən müasir silah və texnika ilə təchiz edilməsi daim ön planda saxlanılır. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində ordumuz qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilib.
Şanlı və tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində islahatlar həyata keçirildi. Bu islahatlar Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini də əhatə etdi. 
Bu günlərdə Hərbi Polis İdarəsinin yaradılmasının 34-cü ildönümü münasibətilə  tədbir keçirildi.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin idarənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyularaq xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirildi.
Sonra Ulu Öndərin, eləcə də Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun şəxsi heyətə ünvanladığı təbrik məktubu oxunduqdan sonra Hərbi polisin yaranma tarixi və fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş etdirildi.
Tədbirdə Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev çıxış edərək şəxsi heyəti ildönümü münasibətilə təbrik etdi, Hərbi polis bölmələrinin xidməti fəaliyyətinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müsbət qiymətləndirildiyini vurğuladı. 
Məlumat üçün bildirildi ki, Hərbi Polis İdarəsi müdafiə nazirinin əmri ilə 1992-ci il aprelin 10-da yaradılıb. 1992-1993-cü illər ərzində Hərbi Polis İdarəsinin tərkibində bölmələr formalaşdırılıb. Bu bölmələr də ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib və onlardan yeddi nəfər şəhidlik  zirvəsinə yüksəlib.
Qeyd olundu ki, gündən-günə peşə bacarıqlarını inkişaf etdirən Hərbi polis bölmələrinin hərbi qulluqçuları beynəlxalq səviyyəli tədbirlərdə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin seminarlarında, habelə NATO-nun xətti ilə təşkil olunan (İnsan alverinə qarşı mübarizə, terrorizmə qarşı mübarizə, narkotiklərə qarşı mübarizə, silahlı münaqişələr hüququ və s.) kurslarda iştirak ediblər və bu tədbirlər bu gün də davam etməkdədir.
General-mayor Elgün Əliyev qeyd etdi ki, bu gün Hərbi polis bölmələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qayğısı sayəsində Azərbaycan Ordusunda qanunçuluğu qoruyan, hərbi intizamın keşiyində dayanan mütəşəkkil bir quruma çevrilib. “Qeyd etmək lazımdır ki, Ali Baş Komandanın müvafiq fərmanına əsasən, işğaldan azad olunmuş ərazilərimizdə təhlükəsizliyin təmin olunması, həmin ərazilərdə yerləşən hərbi hissələrdə ciddi buraxılış rejiminin yaradılması, dinc vətəndaşların normal həyat fəaliyyətinin qorunması məqsədilə yaradılmış komendant postlarında Hərbi polisin hərbi qulluqçuları mətinliklə xidmət aparır, baş verə biləcək neqativ halların qarşısının alınmasında yaxından iştirak edirlər”.
İdarə rəisi, həmçinin  bildirdi ki, hal-hazırda Hərbi polisin qarşısında mühüm vəzifələr durur. “Bunlardan ən başlıcası şəhərlərdə və digər yaşayış məntəqələrində qarnizon patrulları vasitəsilə hərbi qulluqçular arasında hərbi nizam-intizamın möhkəmləndirilməsi, Hərbi Avtomobil Müfəttişliyinin köməkliyi ilə hərbi təyinatlı avtomobillərin və hərbi texnikanın təhlükəsiz hərəkətinin təmin olunmasıdır. Hərbi polisə həvalə olunmuş vəzifələrdən biri də dövlət bayramlarının, mühüm dövlət və hərbi əhəmiyyətli tədbirlərin keçirilməsində iştirak etmək, mühafizə və təhlükəsizlik tədbirlərini təmin etməkdir. Belə ki, Azərbaycanda keçirilmiş hərbi paradlarda nümayiş olunan texnikaların hərəkətinin müşayiəti və mühafizəsi məhz Hərbi polis tərəfindən həyata keçirilib”.
General-mayor Elgün Əliyev vurğuladı ki, bu gün bölmələrimizdə müasir standartlara cavab verən yeni binalar  inşa olunmaqdadır. “Hərbi polisin bütün bölmələri silah və yeni hərbi texnikalarla təchiz edilir, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Şəxsi heyətin peşə hazırlığının təkmilləşdirilməsi, bölmələrin yüksək ixtisaslı kadrlarla komplektləşdirilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilir”.
Qeyd olundu ki, Hərbi polisin hərbi qulluqçuları da 44 günlük Vətən müharibəsi zamanı gedən döyüşlərdə də fəal iştirak ediblər və onlardan 3 nəfəri şəhid olub. Hərbi polis döyüş əməliyyatlarının aparılmasında, hərbi intizamın qorunub saxlanılmasında, işğaldan azad edilmiş ərazilərdə komendant xidmətinin təşkil olunmasında, döyüşə yollanan avtomobil və döyüş texnikalarının təhlükəsiz hərəkətinin təmin edilməsində əhəmiyyətli xidmətlər göstərib.
General-mayor Elgün Əliyev əminliklə bildirdi ki, Hərbi polisin şəxsi heyəti hərbi nizam-intizamı, döyüş və mənəvi-psixoloji hazırlıqlarını yüksəldərək xalqımızın və dövlətimizin etimadını bundan sonra da şərəflə doğruldacaqdır. 
İdarə rəisi hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzuladı.
Sonda komendant və qoşun xidmətinin təşkilində fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırıldı.

Fərid RƏHİMLİ
"Azərbaycan Ordusu"