AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan xalqının müstəqillik tarixi yalnız siyasi azadlıqla deyil, həm də dövlətçilik institutlarının, xüsusilə Silahlı Qüvvələrin formalaşması ilə ölçülür. 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən biri güclü və nizami ordu qurmaq idi. Lakin bu proses heç də asan olmadı.
1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması və oktyabrın 9-da Silahlı Qüvvələrin təsis edilməsi ilə bağlı qanunun qəbul olunması hüquqi baxımdan mühüm addım olsa da, bu qərarların praktiki icrası zəif idi. O dövrdə respublika rəhbərliyi tərəfindən sistemli ordu quruculuğu istiqamətində real tədbirlərin görülməməsi ölkənin müdafiə qabiliyyətini ciddi şəkildə zəiflətdi.
Torpaqlarımızın müdafiəsi pərakəndə şəkildə fəaliyyət göstərən könüllü dəstələrin üzərinə düşürdü. Bu dəstələrdə vahid komandanlıq, nizam-intizam və koordinasiya çatışmazlığı müşahidə olunurdu. Eyni zamanda, şəxsi maraqlara xidmət edən, mərkəzi hakimiyyətə tabe olmayan silahlı qruplaşmalar ölkədə vəziyyəti daha da mürəkkəbləşdirirdi. Nəticədə Azərbaycan həm daxili siyasi qeyri-sabitlik, həm də xarici təcavüz qarşısında ciddi çətinliklərlə üzləşmişdi.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyində olduğu kimi, ordu quruculuğunda da həlledici mərhələnin başlanğıcı oldu. Onun rəhbərliyi ilə ölkədə vahid komandanlıq prinsipi bərpa edildi, nizamsız silahlı dəstələr ləğv olunaraq müasir standartlara cavab verən nizami ordu formalaşdırıldı.
Ulu Öndər Heydər Əliyevin ön xəttə səfərləri, döyüşçülərlə birbaşa təmasda olması orduda mənəvi ruh yüksəkliyi yaratdı. Bu siyasətin nəticəsi kimi, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində uğurlu hərbi əməliyyat həyata keçirildi. Bu qələbə Azərbaycan Ordusunun potensialını nümayiş etdirən mühüm hadisə oldu.
1994-cü il mayın 12-də atəşkəsin elan olunması isə ordu quruculuğu prosesini daha sistemli şəkildə davam etdirmək üçün imkan yaratdı. Bu dövrdən etibarən Azərbaycan Silahlı Qüvvələrinin strukturunun təkmilləşdirilməsi, kadr hazırlığı və texniki təminat sahələrində ardıcıl islahatlara başlanıldı.
1998-ci il mayın 22-də imzalanan sərəncamla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü kimi qeyd olunması ordunun cəmiyyətdəki rolunun və nüfuzunun artırılmasına xidmət etdi. Bu qərar, eyni zamanda, Azərbaycan Ordusunun formalaşmasının tarixi və ideoloji əsaslarının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Ordusu inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoydu. Bu mərhələdə əsas diqqət ordunun modernləşdirilməsinə, arsenalın müasirləşdirilməsinə, maddi-texniki təchizatının gücləndirilməsinə və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldildi.
Hərbi sənaye kompleksinin yaradılması Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsində mühüm rol oynadı. Bu gün ölkədə 1000-dən artıq hərbi təyinatlı məhsul istehsal olunur və Azərbaycan öz hərbi sənaye potensialını beynəlxalq səviyyədə nümayiş etdirir.
Ordunun gücü təkcə texnika ilə deyil, həm də mənəvi-psixoloji hazırlıqla ölçülür. Bu baxımdan dövlət başçısının hərbçilərə göstərdiyi diqqət və qayğı onların döyüş ruhunun yüksəldilməsində mühüm rol oynayır.
Azərbaycan Ordusunun peşəkarlığı və gücü müxtəlif döyüş əməliyyatlarında özünü dəfələrlə sübut etmişdir. 2016-cı ilin Aprel döyüşləri ordunun çevik və effektiv hərəkət qabiliyyətini nümayiş etdirdi. Qısa müddətdə strateji yüksəkliklərin və ərazilərin azad olunması ordunun hazırlıq səviyyəsinin göstəricisi idi.
2018-ci ilin Günnüt əməliyyatı isə Naxçıvan istiqamətində mühüm strateji üstünlük qazandırdı. Bu əməliyyat nəticəsində geniş ərazilər nəzarətə götürüldü və ordumuzun mövqeləri daha əlverişli ərazilərə çəkildi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun tarixində ən şanlı səhifəni yazdı. 44 gün davam edən döyüşlər nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Ordunun yüksək döyüş qabiliyyəti, müasir texnologiyalardan effektiv istifadə və düzgün hərbi strategiya bu qələbənin əsas amilləri oldu.
Döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 300-dən çox kənd işğaldan azad edildi. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla müharibə başa çatdı və regionda yeni geosiyasi reallıqlar formalaşdı.
Azərbaycan Ordusunun gücü və peşəkarlığı 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı zamanı bir daha öz təsdiqini tapdı. Antiterror əməliyyatı nəticəsində qanunsuz erməni silahlı birləşmələri tərk-silah edildi və Azərbaycan dövlətinin suverenliyi tam bərpa olundu. Bu əməliyyatdan sonra regionda yeni təhlükəsizlik mühiti formalaşdı. Azərbaycan dövləti azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini daha geniş miqyasda həyata keçirməyə başladı. Bu ərazilərə həyatın qayıdışı, keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüşü ölkənin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı oldu.
Eyni zamanda, bu əməliyyat Azərbaycan Ordusunun həm də sabitlik və təhlükəsizlik təminatçısı kimi çıxış etdiyini göstərdi. Ordumuzun əldə etdiyi təcrübə və uğurlar bu gün dünya hərbi ekspertləri tərəfindən təhlil olunur.
Azərbaycanın hərbi gücünün artmasında beynəlxalq əməkdaşlıq da mühüm rol oynayır. Xüsusilə qardaş Türkiyə ilə hərbi əməkdaşlıq strateji əhəmiyyətə malikdir. 2010-cu ildə imzalanan strateji tərəfdaşlıq müqaviləsi və 2021-ci ildə qəbul olunan Şuşa Bəyannaməsi bu əməkdaşlığı müttəfiqlik səviyyəsinə yüksəltdi.
Bundan əlavə, Azərbaycan NATO ilə "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində fəal əməkdaşlıq edir. Eyni zamanda, tərəfdaş ölkələrlə əlaqələr inkişaf etdirilir.
Bu əməkdaşlıqlar Azərbaycanın hərbi potensialının gücləndirilməsi ilə yanaşı, regionda sülh və təhlükəsizliyin təmin olunmasına da töhfə verir.
Azərbaycan Ordusunun formalaşması və inkişafı müstəqil dövlətçiliyin ən mühüm nailiyyətlərindən biridir. Çətin və mürəkkəb yoldan keçərək bu gün regionun ən güclü ordularından birinə çevrilən Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir.
Bu ordu yalnız silah və texnika gücünə deyil, həm də Vətən sevgisinə, şəhidlərimizin qanı ilə yoğrulmuş müqəddəs dəyərlərə söykənir. Azərbaycanın hərbi qüdrəti ölkənin təhlükəsizliyinin təminatçısı olmaqla yanaşı, həm də regionda sülhün və sabitliyin əsas dayaqlarından biridir.
Müstəqillikdən Zəfərə gedən bu yol sübut edir ki, güclü dövlətin əsası güclü ordudan keçir. Azərbaycan Ordusu bu həqiqəti öz şanlı tarixi ilə təsdiqlədi.
Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"