Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Aprel 2026 18:23

“Dünyada sülh və asayişdən gözəl nə ola bilər?”

Dünya şöhrəti qazanmış mənəvi mədəniyyət abidələrindən biri sayılan, XX əsrin əvvəllərində nəşrinə icazə verilən qüdrətli satira jurnalı "Molla Nəsrəddin" tarixə mübariz orijinal mətbuat orqanı kimi daxil oldu. "Molla Nəsrəddin" sözünün kəsəri qılınca bənzədildi. Satira atəşi öldürücü gücə malik idi. Jurnal Azərbaycan xalqının və bütövlükdə Şərqin oyanmasında, inkişafında böyük rol oynadı.  
Azərbaycan satira mətbuatının yaranmasında böyük rol oynayan "Molla Nəsrəddin" satirik jurnalının nəşrə başlanmasından 120 ilə yaxın vaxt keçir. Satirik mətbuatımızın ən qiymətli nümunələrindən və öncüllərindən biri sayılan "Molla Nəsrəddin" jurnalı dahi Azərbaycan yazıçısı, dramaturqu, naşiri Cəlil Məmmədquluzadənin təşəbbüsü, eyni zamanda, rəhbərliyi və redaktorluğu ilə dərc olunmuşdur. Jurnalın buraxılmasına rəsmi icazə 26 fevral 1906-cı ildə alınsa da, Cəlil Məmmədquluzadə Ömər Faiq Nemanzadə ilə birlikdə ilk sayının nəşrinə hazırlaşmağa başladı. Yüksək səviyyədə nəşr olunan jurnalın 7 aprel 1906-cı ildə ilk sayı oxucular tərəfindən böyük hərarətlə qarşılandı. Təkcə iki min nüsxəlik tirajın bir günə beş yüz nüsxəsi Tiflisdə satıldı. Bu da o zaman üçün kiçik rəqəm deyildi. 
Mətbuat tariximizə satira jurnalı kimi daxil olan "Molla Nəsrəddin"in banisi, tanınmış mütəfəkkir yazıçı, ictimai xadim C.Məmmədquluzadə jurnalın yaranması tarixindən danışarkən deyirdi: "Molla Nəsrəddin"i təbiət özü yaratdı". 
Başqa bir yerdə eyni fikri daha da konkretləşdirərək yazırdı ki, bizi 1905-ci il inqilabı zamanı çar hökumətinə atılan bombalar ayıltdı. Satirik məcmuə sayılan "Molla Nəsrəddin" öz ideya qidasını dövrünün, zamanın çağlayan varlığından alırdı.
Jurnal yarandığı ilk gündən öz səhifələrində Azərbaycanın ziyalı zümrəsinə geniş yer ayırmışdı. Hər zaman müasir mütərəqqi fikirlərlə çıxış edən görkəmli yazıçı və şairlərin yazıları qaranlığa işıq, nur çilədi. Ən fəal mollanəsrəddinçilər - görkəmli şair Mirzə Ələkbər Sabir, istedadlı publisist Ömər Faiq Nemanzadə, realist ədəbiyyatın böyük simaları Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Salman Mümtaz və başqaları müxtəlif imza və təxəllüslərlə çıxış edərək Azərbaycan milli satirik jurnalistikasının nadir və dəyərli nümunələrini yaratdılar. Jurnalda əks olunan rəsmləri Tiflisdəki digər satirik nəşrlərdə fəal iştirak edən realist sənətkarlar - Şmerlinq və Rotter çəkirdilər. 
Milli mətbuat tariximizdə "Molla Nəsrəddin" ilk satirik mətbu orqanı kimi dövrün mütərəqqi qüvvələrini, işıqlı insanlarını ətrafına toplayır və qələm əhli üçün bu qədər məhrəm, yaradıcılıq ocağı, ədəbi jurnalistika mərkəzi yaradır. Yaradıcı qüvvələrin səyləri sayəsində jurnal qısa zaman ərzində millətin etibarlı məsləhətçisi və yolgöstərəni olur. Jurnalın satira atəşi çoxyönlü, aramsız və amansız idi. Müəllifin satirik təsvir üsulları və vasitələri ilə açılan atəşinin məqsədi xalqı qəflət yuxusundan oyatmaq olur. "Molla Nəsrəddin"in səhifələrində diqqəti cəlb edən mütərəqqi vətənpərvər ideyalardan biri Mirzə Fətəli Axundzadə və "Əkinçi" qəzeti sayəsində formalaşıb inkişaf edən milli ədəbi dili daha uca tərəqqiyə çatdırmaq ideyası idi. 
Cəlil Məmmədquluzadə "Yazıda böyük cürətimiz o oldu ki, açıq ana dilində yazmaqdan biz utanmadıq" deməkdə çox haqlı idi. "Molla Nəsrəddin" zəngin ənənələri olan Azərbaycan satirik ədəbiyyatını ideya-sənətkarlıq cəhətdən daha da inkişaf etdirərək yeni, yüksək səviyyəyə qaldırdı, milli mətbuatın tarixində qabaqcıl satirik jurnalistikanın möhkəm bünövrəsini qoydu. 
Bir məqama diqqət çəkək. Jurnalın əyalət xəbərləri bölməsində verilən, İrəvan erməni-müsəlman müharibəsindən bəhs edən yazılarda xalqımızın başına gətirilən müsibətlərdən danışıldığının şahidi oluruq. Həmin məzmunda verilən xəbərlər bu günümüzlə səsləşən tarixi yazılar toplusuna çevrilib. 
Hələ əsrin əvvəllərində Şuşanı doğma vətəni sayan Qarabağ ermənisinin çar Rusiyasının mətbuatında nəşr etdirdiyi məktubunu "Molla Nəsrəddin" öz səhifələrinə çıxararaq satiranın öldürücü gülüşünə tuş etmişdi. Jurnalın səhifələrini vərəqləyərkən keçmişimizlə bu günümüzün çox məqamlarının eynilik təşkil etdiyinin və bu gün 100 il əvvəlki tarixin təkrarlanmasının bir daha şahidi oluruq. Hələ keçən əsrin ilk illərində erməni qızlarının "Hayastan" - deyə ucadan qışqırdığını görən, onların arasında olan söhbəti "Molla Nəsrəddin" iti uclu, ağ lələk qələmi ilə özünəməxsus, satirik tərzdə səhifələrində öldürücü gülüşdə təqdim etmişdi. "Erməni qızı sağ əlini yuxarı qalxızıb bir neçə dəfə ucadan dedi: ax, ax, eşidirsənmi, Hayastan, eşıdirsənmi, Hayreq..." Yazını oxuduqca deyirəm ki, Allah sənə rəhmət eləsin, ay Molla Nəsrəddin, sən necə uzaqgörən insan olmusan. Nə yaxşı ki, həmin məqamlara diqqət göstərib, yaddaşına köçürərək, qələmə almısan, bu günümüzə, zəmanəmizə, bizə - həmvətənlərinə çatdırmısan. Ayılmayanları ayıltmaq, yatanları oyatmaq, həqiqətin gözünü açmaq sənin məramın, məqsədin olub. 
Zamanın tələbindən yaranan "Molla Nəsrəddin" keçən əsrin əvvəllərində baş verən tarixi dəyişikliklər dövründə öz sözünü açıq şəkildə, qorxmadan deməyi bacardı. Xalq "Molla Nəsrəddin"i özünün jurnalı, tribunası hesab edir və dərdini, sevincini onunla bölüşürdü. Acı həqiqəti meydana qoymaq əzmi jurnalın aparıcı prinsipi idi. O, həyatda baş verən eybəcərlikləri öldürücü satiralarda əks etdirirdi. Jurnalın 17 fevral 1907-ci ildə nəşr olunan sayında oxuyuruq: "A, yüz il bundan sonra dünyada yaşayan nəvə və nəticələrimiz! Bəlkə yüz il bundan sonra "Molla Nəsrəddin"in köhnəlmiş və qat yemiş vərəqələri tozlanmış və çürümüş kitabların içindən çıxıb düşə əlinizə və oxuyasınız! Mən qorxuram ki, o vədə deyəsiniz ki, bu rəhmətlik babalarımıza böhtan deyib, çünki bu yazdığı əməlləri heç qədim əsrlərdə Almaniyanın çardaq altında yaşayan millətləri də tutmazdılar! Ey xoşbəxt nəvə və nəticələrimiz! Qorxuram belə deyəsiniz".
"Dünyada sülh və asayişdən gözəl nə ola bilər?" Bu sözlər jurnalın bütün fəaliyyəti üçün səciyyəvi olan fikir kimi səsləndi. Onun əsl gücü də elə bunda idi...

Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"