AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sədərək rayon Şəhidlər xiyabanında Vətən uğrunda canından keçərək əbədiyyətə qovuşan şəhid Ərtoğrul Hümbət oğlu Nadirlinin doğum günü dərin ehtiram və böyük qürur hissi ilə qeyd olunub.
Anım tədbirində əvvəlcə şəhidin məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.
Tədbir iştirakçıları Şəhidlər xiyabanında uyuyan bütün qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Qeyd olunub ki, torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız hər zaman xalqımızın qəlbində yaşayır və əbədi qürur mənbəyi olaraq yaddaşlara həkk olunur.
Çıxış edənlər şəhid Ərtoğrul Nadirlinin həyat və döyüş yolundan bəhs edərək onun göstərdiyi igidlik və şücaətin gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu vurğulayıblar. Bildirilib ki, Vətənə sonsuz sevgi, torpağa bağlılıq, milli-mənəvi dəyərlərə sədaqət kimi ali keyfiyyətlər məhz belə igidlərin timsalında daha parlaq şəkildə təcəssüm edilir.
Ərtoğrul Nadirli 1997-ci il martın 31-də NMR-nın Sədərək rayonunda anadan olub. 2012-2015-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alıb. 2019-cu ildən hərbi xidmətə başlayan gənc zabit 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 2-də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Göstərdiyi igidliyə görə Ərtoğrul Hümbət oğlu Nadirli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi