AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
1991-ci il aprelin 7-də Qubadlı rayonunda mülki Azərbaycan vətəndaşlarını qoruyarkən erməni silahlı birləşmələri tərəfindən qətlə yetirilən Oleq Babakın xatirəsi doğulub böyüdüyü Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində anılıb.
Anım tədbirindən öncə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşesi birinci dərəcəli kapitan Əziz Nuriyev, səfirliyimizin müşaviri Fərid Babayev, Azərbaycanın Poltavadakı diasporunun rəhbəri Füzuli Qənbərov O.Babakın valideynlərinə baş çəkiblər. O.Babakın valideynləri Azərbaycan dövlətinin onların problemləri ilə həmişə yaxından maraqlandığını vurğulayıblar.
Sonra tədbir iştirakçıları O.Babakın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar.
Anım tədbirində müharibə veteranları, O.Babakın valideynləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycan və Ukraynanın Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən hərbi attaşe Ə.Nuriyev bildirib ki, Azərbaycan dövləti irqindən, milliyyətindən asılı olmayaraq, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçənlərin xatirəsini əziz tutur, onların ailə üzvləri və yaxınlarına diqqət və qayğı ilə yanaşırlar. "Oleq Babakın ruhu şaddır, çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib ordumuz torpaqlarımızı, o cümlədən Qubadlı rayonunu işğaldan azad edib. İndi həmin ərazilərdə yenidənqurma və bərpa işləri aparılır".
Anım tədbirində çıxış edən digər iştirakçılar Oleq Babakın keçdiyi qəhrəmanlıq yolundan danışıblar.
O.Babakın anası Nadiya Babak göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib: "Oleq Babakın xatirəsi Azərbaycan xalqı tərəfindən həmişə əziz tutulur, yad edilir. Azərbaycan dövləti bizə hər zaman diqqət və qayğı ilə yanaşır".
Anası O.Babakın uşaqlıqdan məsuliyyətli olduğunu xatırlayaraq deyib: "Məktəbdə həmişə nizam-intizamlı idi. Uşaqlıqdan əsgər olmaq kimi bir arzusu vardı. O, qəhrəmanlığı ilə insanların sevgisini qazandı. Onun əziz xatirəsi həm Azərbaycanda, həm də Ukraynada daim yad edilir. Azərbaycan xalqı Oleq Babakın göstərdiyi qəhrəmanlığı unutmayıb".
Poltava vilayətinin Piryatin şəhər merinin müavini Qennadi Brovar bildirib ki, Oleq Babak tək Ukraynanın deyil, həm də Azərbaycan xalqının qəhrəmanıdır. "Oleq Babak mülki şəxsləri müdafiə etmək üçün tərəddüd etmədən canını qurban verib, çünki valideynləri ona bunu öyrədiblər, əsl qəhrəman, xeyirxah insan kimi böyüdüblər. Qəhrəmanlar doğulmur, onlar yaradılırlar. Oleq Babak düzgün olanı etmək üçün qəhrəman kimi mübarizə apardı".
Qeyd edək ki, Oleq Babak 1967-ci il fevralın 25-də Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində doğulub. SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı 21-ci briqadanın siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan Oleq Babak 1991-ci ilin martından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib.
SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının leytenantı Oleq Babak SSRİ prezidentinin 1991-ci il 17 sentyabr tarixli Fərmanı ilə ölümündən sonra "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görülüb.
Emil HÜSEYNLİ
AZƏRTAC-ın xüsusi müxbiri