AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprel döyüşləri hərb tariximizin şanlı səhifələrindəndir. Birinci Qarabağ müharibəsindən sonra cəbhədə ən ağır döyüşlər məhz 2016-cı il aprelin 2-dən 5-dək davam etdi. Həmin vaxt Ermənistan işğal etdiyi ərazilərdən ordusunu geri çəkmək əvəzinə, yeni ərazilərin iddiasına düşdü. Lakin güclü Azərbaycan Ordusunun ön xətdə yerləşən bölmələri düşməni istəyinə nail olmağa qoymadı. Ordumuz düşmənə ağır itkilər verdi, strateji yüksəklikləri azad etdi. Bu döyüşlərdə əbədiyyət zirvəsinə yüksələn oğullarımız adını şanlı tariximizə yazmaqla qazanılan qələbədə qanı və canı ilə pay sahibi oldular.
Polkovnik-leytenant Murad Mirzəyev 31 mart 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Uşaqlıq illərindən hərb sənətinə böyük maraq göstərən Murad bu istiqamətdə ilk addımını 1991-1994-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almaqla atıb. Daha sonra 1994-1998-ci illərdə Türkiyə Ali Hərbi Quru Qoşunları Məktəbində təhsil alaraq peşəkar zabit kimi formalaşıb, beynəlxalq təlimlərdə iştirak edərək bilik və bacarıqlarını daha da inkişaf etdirib.
O, Azərbaycan Silahlı Qüvvələri sıralarında, xüsusilə Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edərək qısa müddətdə nümunəvi hərbi qulluqçu kimi tanınıb. Xidməti dövründə intizamı, liderlik keyfiyyətləri və döyüş hazırlığı ilə seçilib. Xidmət müddətində medallarla təltif olunub.
Polkovnik-leytenant Murad Mirzəyev peşəkar və yüksək hazırlıqlı kadr kimi ordumuzu ölkə xaricində də yüksək səviyyədə təmsil edib. 2005-2007-ci illərdə ABŞ-ın Virciniya ştatında ingilis dili və xüsusi təyinatlılar üçün nəzərdə tutulmuş "Ranger" kursunu yüksək səviyyədə tamamlayıb. Sonrakı illərdə 8 ölkədə, o cümlədən Türkiyə, Rumıniya, Macarıstan, Yunanıstan, İordaniya Krallığındakı kursları da üstün dərəcə ilə başa vurub.
2016-cı ilin Aprel döyüşləri zamanı zabit Murad Mirzəyev ön cəbhədə, ən çətin istiqamətlərdən birində əməliyyata rəhbərlik edib. Talış istiqamətində mühüm yüksəkliklərin azad olunması uğrunda gedən döyüşlərdə onun rəhbərlik etdiyi bölmə xüsusi şücaət göstərib. Döyüş zamanı düşmənin üstün qüvvələrinə baxmayaraq, mövqelərin qorunmasında və hücumun davam etdirilməsində böyük əzmkarlıq nümayiş etdirib. Murad Mirzəyev aprelin 2-də qəhrəmancasına şəhid olub.
Onun nəşi 2016-cı il aprelin 11-də Bakıda İkinci Fəxri xiyabanda dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə göstərdiyi igidliyə görə ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
* * *
Mayor Samid İmanov 1981-ci il oktyabrın 14-də Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. İbtidai təhsilinə 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbində başlayıb. Təhsilini başa vurduqdan sonra indiki Heydər Əliyev adına Hərbi İnstituta qəbul olub, 2003-cü ildə hərbi təhsilini fərqlənmə ilə bitirib və Ulu Öndər Heydər Əliyev tərəfindən mükafatlandırılıb.
Zabit Samid İmanov 2004-cü ildən ordu sıralarında zabit kimi Xüsusi Təyinatlı Qüvvələrin mənsubu olaraq müxtəlif vəzifələrdə xidmət edib. Samid gənc zabit olduğu dövrdən öz üzərində daim çalışıb, bilik və bacarıqlarını artırıb.
Xidməti müddətində ixtisasının incəliklərinə bələd olan təcrübəli zabit tabeliyindəki hərbi qulluqçuların da yüksək bilik və bacarığa malik döyüşçü kimi formalaşmasını özünə komandir borcu bilib.
Samid İmanov nümunəvi xidmətinə görə dəfələrlə fəxri fərman və mükafatlara layiq görülüb. Türkiyə Respublikasında "Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası", "Komando təlimi və paraşütdən sərbəst atlamaq" kurslarında iştirak edib. 2007-ci ildə "Anadolu Qartalı-2007" birgə taktiki təlimləri ilə yanaşı, Pakistan İslam Respublikasında "Ləpirçi və antiterrorist", İsveçrədə "Dağ təlimi", Rumıniyada isə "Dağa dırmanma üzrə təlimatçı" kurslarında da iştirak edib.
2014-cü ilin avqustunda Azərbaycan-Ermənistan təmas xəttində baş verən təxribatın qarşısının alınmasında fəal iştirak edib.
2016-cı ilin Aprel döyüşləri zamanı mayor Samid İmanov Talış istiqamətində gedən ağır döyüşlərin iştirakçısı olub. Onun rəhbərlik etdiyi qrup düşmənin müdafiə xəttinin yarılaraq - strateji yüksəkliklərin ələ keçirilməsində mühüm rol oynayıb. Samid döyüş zamanı böyük şücaət və fədakarlıq göstərib.
Mayor Samid İmanov aprelin 4-də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Aprelin 8-də böyüyüb boya-başa çatdığı Neftçala şəhərində Şəhidlər xiyabanında son mənzilə yola salınıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Samid Gülağa oğlu İmanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
* * *
Polkovnik Vüqar Yusifov 1976-cı ildə Şəmkir rayonunun Şiştəpə kəndində doğulub. Uşaqlıqdan düşmənə nifrət hissi ilə alışıb yanan Vüqar qisas alacağına and içib, bu məqsədlə də hərbçi olmağı qərarlaşdırıb. Türkiyə Respublikasından başlanan hərbçi həyatı "Komando başlanğıc" kursundan, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələr kursundan keçmiş, ABŞ-da “Kəşfiyyat kapitanı təkmilləşdirmə”, Pakistan İslam Respublikasında “Xüsusi təyinatlı təkmilləşdirmə” kurslarında davam etmişdir. Polkovnik Vüqar Yusifov düşmənin diversiya hücumlarının qarşısının dəfələrlə alınması əməliyyatlarının fəal iştirakçısı olub. 2014-cü ilin avqustunda cəbhəyanı yaşayış sahələrində düşmənin təxribatının qarşısının alınmasında xüsusi xidmətlər göstərib, komandanlığın əmrini qüsursuz icra edib. 2016-cı il aprelin 4-də Tərtər rayonunun Talış yüksəkliyi uğrunda gedən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Vüqar Yusifov ölümündən sonra göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
* * *
Mayor Elnur Əliyev 1976-cı ilin 16 avqustunda Füzuli rayonunun Dədəli kəndində anadan olub. Hərbi peşəni özünə həyat amalı seçəndə hələ doğma kəndləri işğal olunmamışdı. Ermənilər torpaqlarımıza qarşı iddia qaldırıb döyüşlərə başlayanda kəndin cavanları kimi, o da gedib könüllü dəstəyə yazılmışdı. Lakin atası ona Vətəni hərbi biliklərə yiyələnəndən sonra müdafiə etməyin daha məqsədəuyğun olduğunu məsləhət edərək, birtəhər yola gətirib geri qaytarmış və hərbçi olmağı tövsiyə etmişdir.
Elnur 1998-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitut) bitirir, artıq təcrübəli hərbçi kimi hərbi hissələrdə cəsur, cəsarətli əsgərlər yetişdirirdi.
2016-cı il aprelin 1-i mayor Elnur Əliyev də Füzuli-Xocavənd istiqamətində qızğın döyüşlər haqqında xəbər alır. Elnur hərbçilərdən ibarət bir qrupda Lələtəpə istiqamətinə göndərilir və döyüşlərə qoşulur.
İgid zabitimiz döyüş əməliyyatları zamanı şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlir. Aprelin 3-ü Elnur Əliyev Füzuli rayonunda son mənzilə yola salınır.
Elnur Əliyev göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
* * *
Mayor Urfan Vəlizadə 1978-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub. Məktəbi bitirən kimi Türkiyə Hava Hərbi Məktəbinə daxil olan Urfan burada təhsil alır. İstanbulda 6 ay xidmət edəndən sonra Vətənə qayıdır. 2005-ci ilə qədər “N” hərbi hissəsində xidmətini davam etdirərək, ixtisasını hərbi helikopter üzrə təkmilləşdirir.
2016-cı ilin Aprel döyüşlərində hava yolu ilə düşmən tanklarının qarşısını almaq əmri verilir. Mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkir İsmayılov birgə idarə etdikləri Mi-24 helikopterində Füzuli istiqamətində gedən döyüşlərə qatılaraq, erməni mövqelərinə davamlı aviasiya zərbələri endirirlər. Bu döyüş tapşırığının icrası düşmənin hücumunun dəf olunmasında həlledici rol oynayır. Lakin cəsur Vətən oğullarının helikopteri döyüş tapşırığını yerinə yetirib qayıdan zaman düşmən tərəfindən vurulur. Pilotlarımız şəhid olurlar. Onların nəşi aprelin 10-da ərazidən götürülür. Aprelin 11-də Bakıda igid pilotlarla vida mərasimi keçirilib. Pilotlarımız İkinci Fəxri xiyabanda izdihamla son mənzilə yola salınıblar.
Urfan Vəlizadə ölümündən sonra göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
* * *
Mayor Təbriz Musazadə 1981-ci il avqustun 12-də Gürcüstan Respublikasının Dmanisi (Başkeçid) rayonunda anadan olub. 1999-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 2003-cü ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini, 2004-cü ildə Uçuş Texniki Hazırlığı Təlim Mərkəzini, 2011-ci ildə Türkiyə Respublikasında Uçuş Təhlükəsizliyi kursunu bitirib.
Mayor Təbriz Musazadə hərb sənətini müqəddəs missiya kimi qəbul edən zabitlərdən biri olub. O, gənc yaşlarından pilot olmağı, Vətənə sədaqətlə xidmət etməyi həyat amalına çevirmiş, hərbi təhsil alaraq Hərbi Hava Qüvvələrinin sıralarında xidmətə başlamışdı. Uçuşa olan böyük həvəsi, texniki bilikləri və cəsarəti onu qısa müddətdə peşəkar pilot kimi yetişdirmişdir.
Təbriz Musazadə xidmət müddəti ərzində Azərbaycan Respublikası Prezidentinin adından və Müdafiə nazirinin əmrinə əsasən müxtəlif medallarla təltif olunub.
2016-cı ilin Aprel döyüşləri zamanı Təbriz Musazadə fəal pilot kimi fərqləndi. O, düşmənin hərbi mövqelərinə zərbələr endirərək ordumuzun düşmən üzərinə şığımasına mühüm dəstək verib. Son döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. Vətən qarşısında göstərdiyi şücaətə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə (ölümündən sonra) "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Şəhid pilot Təbriz Musazadə öz igidliyi ilə Azərbaycan xalqının yaddaşında əbədi məskən saldı.
* * *
Kapitan Mühüd Orucov 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. O, orta təhsilini doğma kəndində alıb, 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2002-ci ildə liseyi bitirən Mühüd təhsilini davam etdirmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olunub. 2006-cı ildə ali hərbi məktəbi "Qoşun kəşfiyyatı" ixtisası üzrə uğurla başa vurub.
Bilik və bacarıqlarını artırmaq məqsədilə Türkiyədə xüsusi kurs keçən Mühüd kurs zamanı Azərbaycan komandası tərkibində yüksək nəticə göstərərək birinci yerə layiq görülür. Xidmət etdiyi dövrdə bir sıra uğurlu hərbi əməliyyatlarda iştirak edir və öz peşəkarlığı ilə seçilir.
Mühüd Orucov 2014-cü ilin avqustunda ön xətdə düşmən təxribatının qarşısının alınmasında fəal iştirak edib. Həmin əməliyyatda göstərdiyi şücaətə görə Ali Baş Komandan tərəfindən mükafatlandırılıb.
Kapitan Mühüd Orucov 2016-cı ilin aprelində Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Aprelin 12-də isə doğulub boya-başa çatdığı Qazax rayonunun Fərəhli kəndində dəfn edilib.
Göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "İgidliyə görə" medalına layiq görülüb.
Mühüd Orucov kimi cəsur oğulların həyat yolu və göstərdiyi şücaət Azərbaycan xalqının yaddaşında əbədi yaşayır. Onlar Vətən torpağını canları bahasına qoruyaraq, gələcək nəsillərə azadlıq və qürur mirası qoyublar. Aprel şəhidləri bir daha sübut etdilər ki, bu torpağın hər qarışı uğrunda son nəfəsədək mübarizə aparmağa hazır olan igidlər var.
* * *
Peşəyə sevgi içdən gələr, - deyiblər. Yadımdadır, sanki hadisə dünən baş verib. Rayonda avtomobili təmirə aparmışdım. Usta yanında kursant papaqlı bir yeniyetmə vardı. Əsmər, gülərüz, çevik yeniyetmə olduqca qürurlu görünürdü. O, daha çox başındakı papaqla qürrələnirdi. Həmin yeniyetmədən soruşdum:
- Adın nədi?
- Sərxan.
- Kimin oğlusan?
- Usta Oktayın.
- Kursant, papağın haradandı sənə?
- Qardaşım kursantdı, məzuniyyətə gəlib, onundu. Mən də böyüyəndə hərbçi olacağam. Döyüşüb erməniləri Qarabağdan qovacağam.
Balaca Sərxanın hazırcavablığı məni heyrətləndirmişdi. Atası bizim söhbətimizə qulaq verib gülümsəmişdi də. Oğlunu indidən hərbçi görməsi, özü də vətənpərvər birisi olacağını eşidəndə sevinc göz yaşlarını saxlaya bilməmişdi. Sərxan bu qısa tanışlıqdan sonra qəlbimdə böyüdü.
Bu hadisədən bir neçə il sonra xəbər tutdum ki, Sərxan əsgərliyini başa vurub, Xüsusi Təyinatlı Qüvvələrdə kurs keçərək "kiçik gizir" rütbəsi ilə hərbi xidmətinə davam edir. Onun sözünün üstündə durmağı mənə də xoş təsir bağışlamışdı...
2016-cı ilin mart ayı idi. Sərxan Novruz bayramını keçirmək üçün doğmalarının yanına gəlmişdi. Həm də onun elçiliyi idi. Valideynləri bayramda onun sevdiyi qızın ailəsinə ilk tanışlıq üçün ayaq açmışdı. Çox keçmədi Sərxanı xidmət yerinə təcili çağırdılar. Cəbhədə düşmənlə təmas xəttində vəziyyət gərginləşmişdi. Düşmənin təxribatının qarşısını almaq məqsədilə Sərxanın da xidmət etdiyi bölmə cəbhə bölgəsinə göndərildi. Ermənilər yeni ərazilərin iddiasına düşmüşdülər. Goranboy rayonunun Talış kəndi istiqamətində vəziyyət daha gərgin olduğu üçün Sərxangil aprelin ilk günlərində döyüşə cəlb edildi. Qrupda Sərxan ən gənc döyüşçülərdən biri idi. Lakin Sərxan döyüşdə özünü gənc kimi hiss etdirmədi. Sonuna qədər düşmənə qarşı mərdliklə vuruşdu. Sonda Sərxanın döyüşdüyü qrup meşədə düşmənin mühasirəsinə düşdü. Onlar son güllə bitənə qədər döyüşərək şəhid oldular. Bu, Sərxanın ilk və son döyüşü oldu.
Sərxan Oktay oğlu Bayramov Zaqatala şəhər qəbiristanlığında rayon rəhbərliyinin və ictimaiyyətin nümayəndələrinin izdihamı ilə dəfn edildi.
1994-cü il mayın 12-də tərəflər arasında bağlanan atəşkəsdən sonra Azərbaycanın hərb tarixinə "Aprel döyüşləri" kimi düşən bu savaş miqyas etibarilə ən böyük döyüş oldu. Bu döyüşdə ordumuz bir neçə mühüm əhəmiyyətli yüksəkliyi azad etdi.
Artıq beş ildən çoxdur ki, torpaqlarımız rəşadətli ordumuz tərəfindən azad edilib. Ölkəmizin ərazi bütövlüyü tam bərpa olunub. Bu gün Sərxanın və bütün şəhidlərin ruhu şaddır. Onların qanı, canı bahasına Zəfər qazandıq. Şəhidlərin göstərdikləri qəhrəmanlıqlardan çox yazılıb və bundan sonra da yazılacaqdır.
* * *
Kiçik çavuş Ruhin Qəhrəmanov 10 oktyabr 1994-cü ildə İmişli rayonunda doğulub. O zaman ata-baba yurdu Cəbrayıldan məcburi köçkün düşmüş Qəhrəmanovlar ailəsi İmişli rayonunda müvəqqəti olaraq məskunlaşmışdılar. Ruhinin atası Əşrəf Qəhrəmanov Birinci Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonunun vətənpərvər, qeyrətli oğullarından ibarət yaradılan özünümüdafiə dəstələrində erməni yaraqlılarına qarşı mərdliklə döyüşmüşdü. Müharibə veteranı idi.
Vətənsevər ailədə doğulub böyümüş Ruhin müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Ordusunun sıralarında xidmətini davam etdirir. Cəbhə xəttində yerləşən "N" hərbi hissəsində xidmətə başlayan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Ruhin Qəhrəmanov Vətənin müdafiəsində əzmlə dayanır. Təlimlər zamanı döyüş bacarığını artırır, silah və texnikanın taktiki-texniki xüsusiyyətlərini dərindən öyrənir.
2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatlarına qarşı Azərbaycan Ordusunun Cəbrayıl-Füzuli istiqamətində keçirdiyi əks-həmlə əməliyyatları zamanı Ruhin Qəhrəmanov döyüş tapşırığını yüksək bacarıqla yerinə yetirərkən şəhidlik zirvəsinə ucalır. Şəhid Ruhin Qəhrəmanov Beyləqan rayonunda dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Ruhin Qəhrəmanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
* * *
Bu il Aprel döyüşlərindən 10 il ötür. 2016-cı ilin 2-5 aprel tarixlərində baş vermiş bu hərbi əməliyyat Azərbaycan tarixində ən mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Qısa, lakin uğurlu döyüşlər nəticəsində Azərbaycan Ordusu vaxtilə işğal altında olmuş bir sıra yüksəklikləri və yaşayış məntəqələrini azad edərək böyük üstünlük əldə etdi. Aprel döyüşləri həm hərbi uğur, həm də xalq-ordu birliyinin, milli iradənin və Vətən sevgisinin bariz nümunəsinə çevrildi. Aprel döyüşləri Azərbaycan əsgərinin döyüş qabiliyyətini, texniki hazırlığını və qələbə əzmini nümayiş etdirdi. 2016-cı ilin Aprel döyüşləri 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Zəfərə gedən yolun başlanğıcı idi.
"Azərbaycan Ordusu"