Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Aprel 2026 16:41

Böyük Qələbənin başlanğıcından tarixi Zəfərə gedən şərəfli və qürurlu yol

2016-cı ilin aprel ayının ilk günləri… Hər zaman olduğu kimi, bu günlərdə də Azərbaycan Ordusunun bölmələri öz mövqelərində günün nizam qaydalarına uyğun olaraq fəaliyyətləri icra edirdilər. Lakin öz məkrli niyyətindən əl çəkməyən ermənilər təxribat törətməyə cəhd göstərdilər. Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri ordumuzun ön xətt mövqelərinə və yaşayış məntəqələrimizə intensiv artilleriya atəşi ilə hücuma başladı. Azərbaycan Ordusunun bölmələri bu irimiqyaslı təxribatın qarşısını qətiyyətlə aldı, əks-həmlə ilə düşməni geri çəkilməyə məcbur etdi. Şanlı hərb tariximizə Aprel döyüşləri kimi həkk olunan bu əks-həmlə əməliyyatı Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı. 
Bu qələbə yalnız bir hərbi uğur deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin gücünün və ordumuzun peşəkarlığının bariz nümunəsi idi.
1994-cü ildə imzalanmış atəşkəs haqqında Sazişdən sonra ən şiddətli qarşıdurma olan Aprel döyüşləri zamanı ordumuz düşmənə sarsıdıcı zərbələr vurdu. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonu istiqamətində işğal altında olan 2000 hektardan çox ərazi azad edildi və 1000 hektarlarla ərazi ordumuzun nəzarəti altına keçdi.
Beləliklə, uzun illər davam edən durğunluqdan sonra ilk dəfə olaraq cəbhə xəttində real dəyişiklik baş verdi və nəticədə strateji üstünlük Azərbaycan Ordusunun tərəfinə keçdi.
Düşmən itirilmiş mövqeləri geri qaytarmaq məqsədilə mövqelərimizə yenidən hücum etməyə cəhd göstərdi. Ordu hissələrimizin şücaətini görən düşmənin döyüşü davam etdirməyə gücü tab gətirmədi.
Azərbaycan Ordusu qazandığı qələbə ilə düşmənin illərdir formalaşdırdığı "məğlubedilməz ordu" mifini tamamilə darmadağın etdi. Bu döyüşlər ordumuzun şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu bütün dünyaya göstərdi. İgid oğullarımız öz şücaətləri ilə sübut etdilər ki, Azərbaycan Ordusu düşmənin istənilən miqyaslı təxribatının qarşısını almağa, torpaqlarımızı azad etməyə tam hazır və qadirdir.
Eyni zamanda, Aprel döyüşləri qarşıdakı böyük Zəfərlərin mənəvi-psixoloji təməlini formalaşdırdı.
Dövlətimizin qüdrətinin ifadəsi kimi tarixləşən Aprel döyüşləri həm də Azərbaycan Ordusu ilə düşmən ordusu arasındakı gücün, peşəkarlığın, döyüş və mənəvi-psixoloji hazırlıqların fərqinin də əyani təsdiqi oldu.
Bu fərq sonrakı illərdə baş verəcək daha genişmiqyaslı əməliyyatların uğurla nəticələnəcəyinə əsaslı zəmin yaratdı.
Qazandığı qələbələrlə kifayətlənməyən ordumuz peşəkarlığını gündən-günə artırmaqla,  üzərinə  düşən tarixi missiyanı yerinə yetirməyə - əgər danışıqlar prosesi məntiqi sonluqla başa çatmazsa, işğal altında olan torpaqlarımızı Ali Baş Komandanın döyüş əmri ilə azad etməyə hazırlaşırdı.
2016-cı ilin Aprel döyüşlərində qazanılan təcrübə, döyüş ruhu və inam növbəti mərhələdə daha böyük məqsədlərin reallaşdırılması üçün möhkəm baza rolunu oynadı.
2020-ci ilin 12-14 iyul tarixlərində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ermənilər yenidən atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdu və hücuma keçməyə cəhd göstərdilər. Lakin görülən adekvat tədbirlər nəticəsində düşmənə ciddi zərbələr endirildi və o, itki verərək geri oturduldu. Beləliklə, Ermənistan silahlı qüvvələrinin bölmələrinin irəliləməsi və Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi cəhdlərinin qarşısı bu dəfə də qətiyyətlə alındı. Artıq qarşı tərəfin bu kimi təxribatları səbrimizin sonunu daha da yaxınlaşdırırdı.
Və nəhayət, zaman yetişdi. Sonradan hərb tariximizə   Vətən müharibəsi kimi həkk olunacaq şanlı Zəfərə gedən yolun ilk günü - 27 sentyabr 2020-ci il... Ermənistan silahlı qüvvələrinin bölmələri öz çirkin əməllərindən bu dəfə də əl çəkmədi… Yeni ərazilər xülyası ilə yaşayan Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu istiqamətdə genişmiqyaslı təxribatlar törətməyə cəhd etdi. Düşmənin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə bütün cəbhə boyu istiqamətlərdə əks-hücum əməliyyatına başladı. Döyüşlər zamanı rəşadətli ordumuz Müzəffər Sərkərdəmizin rəhbərliyi ilə 30 ilə yaxın olan işğala son qoyaraq - bizə Böyük Qələbə sevincini yaşatdı.
Aprel döyüşlərində qazanılan qələbə bu Zəfərin ilk müjdəçisi, ordumuzun gücünü və xalqımızın iradəsini, həmrəyliyini dünyaya nümayiş etdirən başlanğıc nöqtəsi oldu.
2023-cü ilin 19-20 sentyabr tarixlərində respublikamızın Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror əməliyyatı ilə ordumuz ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Cəmi bir neçə saat davam edən bu uğurlu əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri zərərsizləşdirildi, dövlət suverenliyimiz, bütün ərazilərdə konstitusiya quruluşu tam təmin olundu və Azərbaycan öz tarixində yeni bir mərhələyə qədəm qoydu. Bu isə bir daha göstərdi ki, Azərbaycan Ordusu istənilən tapşırığı qısa müddətdə və yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdir.
Üzərinə düşən missiyanı layiqincə yerinə yetirərək xalqımızın etimadını qazanmış Azərbaycan Ordusu bu gün də işğaldan azad olunmuş torpaqlarımızda mövqelərini möhkəmləndirməklə bərpa-quruculuq işlərinə öz layiqli töhfələrini verir.
Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, infrastruktur layihələr və Böyük Qayıdış prosesi məhz bu qələbələrin real nəticəsidir.
Bu gün əminliklə deyə bilərik ki, Aprel döyüşlərində başlanan şanlı yol Vətən müharibəsində tarixi Zəfərlə, antiterror əməliyyatı ilə isə tam Qələbə ilə nəticələndi.
Bu şanlı tarix isə asan yazılmadı… Bu Qələbənin arxasında canını düşünmədən Vətənə fəda edən şəhidlərimizin müqəddəs qanı, cəsur hərbçilərimizin igidliyi, fədakarlığı dayanır. Hər bir qarış torpağımızın azad olunmasında onların göstərdiyi şücaət Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün örnək olacaqdır. Bu gün üçrəngli bayrağımızın azad Qarabağımızın səmasında dalğalanması məhz onların bizə əmanət etdiyi müqəddəs mirasdır.
Qürurla deyə bilərik ki, Azərbaycan Ordusu qalib ordudur, Azərbaycan əsgəri qəhrəmandır, Azərbaycan xalqı isə yenilməzdir!

Elçin İMANOV

"Azərbaycan Ordusu"