AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Silah və texnikanın daim saz vəziyyətdə saxlanılması, onlara vaxtında texniki qulluq göstərilməsi və qarşıda duran tapşırıqların fasiləsiz yerinə yetirilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətinə təsir edən mühüm amillər sırasındadır.
Texnikaya böyük məsuliyyət və həvəslə texniki qulluq göstərərək seçilən hərbi qulluqçulardan biri də "N" hərbi hissəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elməddin Yadigar oğlu Cəlilovdur. Onunla yaxından tanış olduq.
6 mart 1985-ci il tarixində Goranboy rayonunda anadan olan Elməddin Cəlilov Azərbaycan Ordusunun müxtəlif hərbi hissələrində xidmət keçib. Üç oğul atası olan Elməddin Cəlilov hazırda Azərbaycan Ordusunun sıralarında xidmətini şərəflə davam etdirir. Vətənə bağlılığı, yüksək hərbi intizamı və peşəkarlığı ilə seçilən hərbi qulluqçularımızdan biridir. İdarə etdiyi avtomobilin texniki vəziyyəti ilə maraqlandıqda inamla bildirdi ki, texnika tam saz vəziyyətdədir və istənilən an tapşırıqların icrası üçün istifadəyə hazırdır.
Hərbçi peşəsini seçməsinin səbəbi ilə maraqlandıqda isə Elməddin Cəlilov qeyd etdi ki, Vətəni sevmək və xalqına az da olsa fayda vermək hər bir vətəndaşın borcudur. Onun sözlərinə görə, hər kəs bu sevgini öz əməli ilə göstərir. "Seçdiyimiz peşəyə uyğun olaraq hər birimiz doğma Vətənimizə xidmət edirik. Azərbaycanın hər qarışını qorumaq, lazım gələrsə, sinəmi sipər edib müdafiə etmək mənim də əsas amalım olub. Məhz bu düşüncə mənim peşə seçimimə təsir göstərib. Həmişə çalışıram ki, xidmətimlə başqalarına nümunə olum".
Öz ixtisası haqqında danışan hərbi qulluqçu qeyd etdi ki, sürücü ona həvalə olunan hərbi nəqliyyat vasitəsini müxtəlif hava şəraitində və fərqli relyefə malik ərazilərdə təhlükəsiz şəkildə idarə etməyi bacarmalı, eyni zamanda, texnikaya vaxtında və düzgün texniki qulluq göstərməlidir.
Onun sözlərinə görə, hərbi sürücülük xüsusi məsuliyyət tələb edən peşədir: "Hərbi sürücü olmaq ikiqat məsuliyyət deməkdir. Çünki hərəkət zamanı gözlənilməz vəziyyətlər yarana bilər. Belə hallarda qəfil meydana çıxan nasazlıqları operativ şəkildə aradan qaldırmağı, çətin şəraitdən, habelə, döyüş meydanından və ya atəş altından çıxmağı bacarmalısan. Bunun üçün daim öz üzərimizdə işləməli, həm nəzəri, həm də praktiki biliklərimizi artırmalıyıq. Sürücü həm məsuliyyəti, həm peşəkarlığı, həm də təmkini ilə seçilməli, eyni zamanda, yol hərəkəti qaydalarını yaxşı bilməli və onlara ciddi şəkildə riayət etməlidir".
Söhbət zamanı öyrəndik ki, hərbi qulluqçumuz 44 günlük Vətən müharibəsinin, əmisi Polad Cəlilov isə Birinci Qarabağ müharibəsinin iştirakçıları olublar. Onlar qarşılaşdıqları çətinliklərə baxmayaraq döyüşlər zamanı təminatların daşınması ilə bağlı tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetiriblər. Torpaqlarımızın işğaldan azad olunmasında az da olsa payının olmasını isə böyük qürur hissi ilə qeyd edir.
Elməddin Cəlilovla söhbətimiz xoş təəssürat yaratdı. Bir daha əmin olduq ki, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçular ixtisaslarından asılı olmayaraq öz peşələrini dərindən mənimsəyir və qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirirlər.
Belə hərbi qulluqçuların xidməti bir daha göstərir ki, Azərbaycan Ordusunun gücü müasir silah və texnika ilə yanaşı, həm də Vətənə sədaqətlə xidmət edən igid oğullarımızın məsuliyyəti, peşəkarlığı və vətənpərvərliyi ilə ölçülür. Elməddin Cəlilov kimi hərbçilər öz fədakar xidmətləri ilə ordumuzun gücünə güc qatır, Azərbaycan əsgərinin daim Vətənin keşiyində ayıq-sayıq dayandığını bir daha sübut edirlər.
Şəlalə CAMAL
"Azərbaycan Ordusu"