AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqının rəhbər heyəti Novruz bayramı münasibətilə Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsində oldu. Açıq səma altında əsl Novruz ovqatı vardı. Hərbi hissədə çalışan mülki işçilərlə yanaşı, hərbi qulluqçular da bayram şənliyinə toplaşmışdılar.
Tədbir açıq elan olunmazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Polkovnik-leytenant Zakir Əmirov tədbir iştirakçılarını salamladı. Zabit qeyd etdi ki, xalqımızın ən qədim bayramlarından olan Novruz bayramını xalqımız son illərdə təbəssümlə, könül xoşluğu ilə qeyd edir. Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalqımızın igid oğullarının şücaəti sayəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu bildirdi. Novruz bayramı münasibətilə hərbi hissəyə gələn Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Kərim Rzayevə və rəhbərlik etdiyi kollektivə təşəkkür etdi.
Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Kərim Rzayev hərbi hissədə çalışan mülki işçiləri, hərbi qulluqçuları Baharın gəlişi münasibətilə təbrik etdi. O, həmkarlar ittifaqının fəaliyyətindən, son illərdə rəhbərlik etdiyi təşkilatın işindən danışdı. Müntəzəm olaraq hərbi hissələrdə mülki işçilərlə keçirilən səmərəli görüşlərdən bəhs etdi. Həmişə olduğu kimi, bu dəfə də müqəddəs Ramazan və Novruz bayramları ərəfəsində hərbçilərlə görüşdən məmnun qaldığını bildirdi. Həmkarlar təşkilatının üzvləri bu dəfə də hərbi hissədə hərbi qulluqçularla bayramı birgə keçirməyi özlərinə mənəvi borc bildilər. Onlar hərbçilərlə görüşə əli boş gəlmədiklərini və hərbi hissəyə dəyərli hədiyyə gətirdiklərini bildirdilər.
Vətən Müharibəsi Qəhrəmanı polkovnik Rəşad Nadirov qonaqlara səmimi münasibətə görə təşəkkür etdi. Bayram ərəfəsində onları hərbi hissədə görməkdən məmnun qaldığını bildirdi.
Sonra tonqal qalandı. Mülki işçilərlə hərbçilər tonqalın ətrafında rəqs edib yallı getdilər. Novruz bayramını tərənnüm edən musiqilər səsləndi. Masaları bolluğun, ruzi-bərəkətin rəmzi olan səməni, Novruzun şirniyyatları - şəkərbura, paxlava və quru meyvələrlə zəngin xonçalar bəzəmişdi. Ağacların çiçəkləməsi Baharın gəlişindən xəbər verirdi. Mülki işçilər hərbçilərlə bayramın adət-ənənəsinə uyğun yumurta toqquşdurdular. Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqının rəhbər heyəti hərbçilərlə hərbi hissənin həyətində onlarla ağac əkdi.
Sonda hərbi hissənin rəhbərliyi ilə birlikdə qonaqlar hərbi hissədə yaradılmış şəraitlə tanış oldular. Xatirə şəkilləri çəkdirildi.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"