AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
2026-cı ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissəsində inspeksiya yoxlaması keçirilib.
Əvvəlcə yoxlamanın başlanması ilə əlaqədar olaraq Döyüş bayrağı sıra meydanına gətirilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.
Plana uyğun olaraq şəxsi heyətə sıra baxışı keçirildikdən sonra hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.
Hərbi hissədə qərargah fəaliyyəti, döyüş hazırlığı və maddi-texniki təminatın vəziyyəti təftiş edilib. Xüsusi təyinatlı taborlar həyəcan siqnalı ilə qaldırıldıqdan sonra ərazidə onların taktiki fəaliyyətləri, səhra vərdişləri və operativ hazırlıq səviyyələri təlim-döyüş tapşırıqlarına əsasən yoxlanılıb.
Döyüş hazırlığı tədbirlərinin daha səmərəli təşkili, hərbi qulluqçuların peşəkarlığının artırılması və xidmətin müasir dövrün tələblərinə uyğun aparılması istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
"Azərbaycan Ordusu"