AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ən qədim bayramlardan olan Novruz baharın gəlişini, təbiətin oyanmasını və yeni ilin başlanğıcını bildirir. Novruz bayramının tarixi, onun qeyd olunma ənənələri və xalqımız üçün əhəmiyyəti dərin köklərə malikdir. Odlar yurdu Azərbaycanda bu ənənələrin yaşanması xalqımızın milli-mənəvi dəyərlərinə verdiyi dəyərin ən bariz nümunələrindən biridir. Novruz hər zaman xalqımız üçün birlik, əzmkarlıq və yenilməzlik rəmzi olub. Tarix boyu bütün çətinliklərə sinə gərən xalqımız bu bayramı hər zaman inam hissi ilə qeyd edib. Artıq 6 ildir ki, qalib Azərbaycan xalqı və Azərbaycan Ordusunun şəxsi heyəti bu bayramı işğaldan azad olunmuş, şanlı üçrəngli bayrağımızın dalğalandığı tarixi torpaqlarımızda Böyük Qələbə hissi ilə qeyd edir. Bu gün qəhrəman şəhidlərimizin, döyüşlərdə yaralanaraq sağlamlıqlarını itirmiş silahdaşlarımızın, hərbçilərimizin qanı, canı, şücaəti hesabına azad edilən yurd yerlərimizdə Novruz tonqalları qürur hissi ilə alovlandırılır. Əməkdaşlarımız Vətənimizin keşiyində mətinliklə dayanan hərbi qulluqçularımızla görüşərək onların Novruz bayramı ilə əlaqədar təəssüratlarını öyrəniblər. Onları oxucularımıza təqdim edirik.
"Azərbaycan Ordusu"
Kapitan Elşən İsazadə:
- 2012-ci ildən ordu sıralarında zabit kimi xidmət edirəm. Təyyarəçi olmaq uşaqlıq arzum idi. Orta məktəbi 8-ci sinfə qədər oxuyandan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra indiki Heydər Əliyev adına Hərbi İnstitutun “Hərbi Hava Qüvvələri” fakültəsinə qəbul oldum. Hərbi təyyarəçi olmaq qürurvericidir. Əvvəllər torpaqlarımız ermənilərin işğalı altında idi. Həmişə torpaqlarımızın azad edilməsinə mən də öz töhfəmi vermək istəmişəm. Tale elə gətirdi ki, İkinci Qarabağ müharibəsində iştirak etdim. Tərtər-Ağdam istiqamətində gedən döyüşlərdə pilot kimi uğurlu döyüş uçuşlarım olub. Təyin olunmuş hədəfləri dəqiqliklə sıradan çıxartmışam. Piyada bölmələrinin irəliləməsinə təyyarəçi kimi mənim də köməyim dəyib.
Bu gün ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Müharibə yoxdur. Xalqımız artıq beş ildən çoxdur ki, bayramlarını yüksək ovqatla qeyd edir. Novruz bayramı xalqımızın ən qədim bayramıdır. Bayrama qədər Su, Od, Yel və Torpaq çərşənbələrini qeyd edirik. Sonuncu Torpaq çərşənbəsindən sonra Novruz bayramını qarşılayırıq. Bu bayramda xalqımız öz qədim adət-ənənələrini yaşadır. Biz hərbçilər də milli dəyərləri həmişə uca tutmuşuq. Torpaq çərşənbəsində də tonqal qalayıb "ağırlığımız, uğurluğumuz odda yansın", - deyib tonqaldan tullanmışıq.
Mən də xalqımızı, silahdaşlarımı Novruz və müqəddəs Ramazan bayramları münasibətilə ürəkdən təbrik edirəm. Xalqımıza sülh, əmin-amanlıq arzu edirəm.
Baş leytenant Elşad Məmmədov:
- Təyyarəçi olmaqdan qürur duyuram. Döyüş helikopteri pilotu olmaq ikiqat qürurvericidir. Xidmət etdiyim hərbi hissə yarandığı gündən Vətənimizin ərazi bütövlüyünün müdafiəsində və ermənilərin işğal etdikləri torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Burada dəfələrlə uğurlu döyüş uçuşları həyata keçirmiş zabitlər var. Onların təcrübəsindən bəhrələnirik.
Xalqımızın dövlətçilik ənənəsi qədim dövrlərdən başlayıb. Ölkəmizə qarşı tarix boyu yadellilərin hücumları olub. Lakin xalqımız öz dövlətini, dövlətçiliyini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini qoruyub saxlaya bilib. Bahar bayramı da xalqımızın qədim bayramlarındandır. Bahar yazın gəlişi, bolluğun rəmzidir. Bu bayramın keçəl, kosa, bahar qızı kimi personajları var. Səməni göyərdilir, şəkərbura, paxlava bişirilir, xonça hazırlanır. Yazın gəlişi ilə bağlı əsrlərin o üzündən gələn bayatıları, mərasim nəğmələri əyləncələri ilə Baharın personajları insanların qəlblərinə yol tapır.
Hərbi hissəmizdə də Novruz bayramının gəlişi ilə bağlı tədbir keçirilib. Milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək xalqımızın qədimliyinin təcəssümüdür. Əziz hərbçilər, təbiətin oyanışı, bolluğun, bərəkətin rəmzi olan Bahar bayarımınız mübarək!
Baş leytenant Elmin Vəlizadə:
- Novruz bayramı xalqımızın həyat fəlsəfəsini, təbiətə bağlılığını və yenilənmə ruhunu özündə yaşadan müqəddəs bayramdır. Baharın gəlişi ilə birlikdə torpaq oyanır, həyat yenidən canlanır, insanlar gələcəyə daha böyük ümidlə baxırlar. Novruz yalnız bir bayram deyil, həm də xalqımızın milli kimliyini və mənəvi dəyərlərini yaşadan bir ənənədir.
Novruzun hər bir azərbaycanlının yaddaşında xüsusi yer tutduğunu qürur hissi ilə qeyd edirəm. Doğulduğum Qəbələ rayonunun Vəndam qəsəbəsində uşaqlıq illərimdə yandırılan tonqallar, açılan bayram süfrələri və bir araya gələn insanların sevinci bu bayramın mənim üçün ən əziz xatirələridir.
Bu gün isə qalib Azərbaycan Ordusunun zabiti kimi Vətənə xidmət etmək mənim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Vətən müharibəsinin iştirakçısı olaraq yaxşı anlayıram ki, xalqımızın gücü onun torpağına bağlılığında və milli ruhundadır. Bu ruh Azərbaycan əsgərini döyüş meydanında daha da möhkəmləndirdi və bizi Zəfərə apardı. Novruz bayramı bizə bir daha xatırladır ki, birlik, vətənpərvərlik və həmrəylik xalqımızın ən böyük gücüdür. Qəhrəman ordumuzun qazandığı möhtəşəm Zəfər sayəsində bu bayramı daha böyük qürur və sevinc hissi ilə qarşılayırıq.
Novruz tonqallarının alovunun hər bir evə istilik və sevinc gətirməsini arzulayıram. Müqəddəs Ramazan bayramının bərəkəti ailələrimizə xoşbəxtlik, yurdumuza isə daim sülh və əmin-amanlıq bəxş etsin. Bu əziz bayramlar münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edir, hər kəsə sağlamlıq və xoş günlər arzulayıram. Bayramımız mübarək.
Baş leytenant Eşqin Əlirzayev:
- Novruz bayramı əsrlərin yaddaşından süzülərək bu günümüzə gələn, xalqımızın ruhunu və milli dəyərlərini yaşadan ən gözəl bayramlardan biridir. Baharın gəlişi ilə təbiət yenilənir, torpaq nəfəs alır, insanların qəlbində isə yeni ümidlər doğur. Novruz bayramının xalqımız üçün həm mənəvi, həm də milli birlik rəmzi olduğunu xüsusi vurğulamaq istəyirəm.
Dünyaya göz açdığım Goranboy rayonunun Goranlı kəndində Novruz günlərinin özünəməxsus ab-havası var idi. Tonqal başına yığışan insanlar, evlərdə qurulan bayram süfrələri və hər kəsin üzündəki sevinc bu gün də yaddaşımdadır. Bu ənənələr insanlara həm keçmişi xatırladır, həm də gələcəyə inam aşılayır.
Vətən müharibəsinin iştirakçısı kimi xalqımızın iradəsinin və Vətən sevgisinin gücünü yaxından hiss etmişəm. Bu güc və birlik Azərbaycan Ordusunu qələbəyə aparan əsas amillərdən biri oldu. Bu gün Novruzu azad və bütöv Azərbaycanın vətəndaşları kimi qeyd etmək hamımıza böyük qürur və sevinc hissi bəxş edir.
Arzu edirəm ki, Novruzun işıqlı nəfəsi hər bir ocağa sevinc və bərəkət gətirsin. Xalqımızın birliyi daim möhkəm olsun, ölkəmiz isə hər zaman inkişaf və əmin-amanlıq yolu ilə irəliləsin.
Yaranmış fürsətdən istifadə edərək bütün xalqımızı həm Novruz bayramı, həm də on bir ayın sultanı Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər kəsə sağlamlıq, firavanlıq və uğurlu sabahlar arzulayıram.
Kursant Xəlil Ağcabəyov:
- Novruz bayramı bizim xalqımızın ən qədim və ən gözəl bayramlarından biridir. Mən Xaçmaz rayonundanam və uşaqlıqdan bu bayramın xüsusi ab-havasını hiss etmişəm. Novruz yaxınlaşdıqca evlərdə hazırlıq görülər, səməni göyərdilər, süfrələr bəzənərdi. Bu günlərdə insanlar bir-birinə daha çox diqqət göstərər, küsülülər barışar, qapılar hər kəsin üzünə açıq olardı. Bu bayram bizim xalqımızın mərhəmətini, qonaqpərvərliyini və birlik ruhunu ən gözəl şəkildə əks etdirir.
Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı kimi Novruz bayramını tam fərqli duyğularla qarşılayıram. Çünki biz artıq Vətənə xidmət yolunu seçmiş gənclərik. Hər birimiz anlayırıq ki, xalqımızın bu gözəl bayramı təhlükəsiz və əmin-amanlıq şəraitində qeyd etməsi üçün Azərbaycan Ordusunun hərbi qulluqçuları daim hazır vəziyyətdə dayanırlar.
Novruz bayramı mənim üçün həm də yenilənmə və ümid deməkdir. Bu bayram bizə xatırladır ki, qış nə qədər sərt olsa da, bahar mütləq gəlir. Eyni ilə xalqımızın tarixində olduğu kimi. Azərbaycan xalqı çətin sınaqlardan keçsə də, hər zaman yenidən dirçəlməyi bacarıb. Bu gün biz azad və müstəqil ölkədə yaşayırıq və bu azadlığın qorunması bizim müqəddəs borcumuzdur.
Bu əziz bayramlar münasibətilə bütün Azərbaycan xalqını, xüsusilə də Vətənimizin keşiyində dayanan hərbçilərimizi səmimi-qəlbdən təbrik edirəm. Arzu edirəm ki, hər bir ailənin ocağı daim isti, süfrələri bol-bərəkətli olsun. Novruzun gətirdiyi bahar sevinci, Ramazan bayramının verdiyi ruzi-bərəkət hər bir evə sevinc və xoşbəxtlik gətirsin.
Kursant Məhəmməd Kərimli:
- Novruz bayramı mənim üçün uşaqlıq xatirələri ilə dolu olan çox əziz bir bayramdır. Bizim bölgədə Novruz xüsusi təntənə ilə qeyd olunur. Bayramdan əvvəl insanlar evlərini təmizləyir, həyətlərdə tonqallar qalayır, uşaqlar böyük sevinclə tonqal üzərindən tullanır, sanki bütün ağırlıqları arxada qoyaraq yeni ilə təmiz və saf ruhla qədəm qoyurlar.
Novruz bayramının ən gözəl cəhətlərindən biri də insanların bir araya gəlməsidir. Bu bayramda böyüyə hörmət, kiçiyə qayğı, qohumlar və dostlar arasında səmimiyyət daha da güclənir. Mən hesab edirəm ki, Novruz xalqımızın milli ruhunu və mənəvi zənginliyini özündə yaşadan ən dəyərli bayramlardan biridir.
Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alan bir kursant kimi Novruz və Ramazan bayramlarını daha böyük qürur hissi ilə qarşılayıram. Çünki biz Vətənə xidmət etməyə hazırlaşan gənclərik. Ən böyük arzumuz Azərbaycan Ordusunun sıralarında ləyaqətlə xidmət etmək, ölkəmizin müstəqilliyini və bütövlüyünü qorumaqdır.
Novruz bayramı həm də ümid və gələcəyə inam deməkdir. Bu bayram bizə göstərir ki, hər yeni bahar yeni başlanğıclar gətirir. İnanıram ki, Azərbaycan gəncliyi hər zaman ölkəmizin inkişafı və güclənməsi üçün çalışacaq.
Bu müqəddəs bayramlar münasibətilə bütün xalqımızı ürəkdən təbrik edirəm. Qoy Novruzun odu hər bir evə istilik, hər bir ürəyə sevinc gətirsin, ölkəmizdə daim sülh, əmin-amanlıq və firavanlıq hökm sürsün. Hər bir azərbaycanlı ailəsinin süfrəsi bol olsun, ocaqları heç vaxt sönməsin.
Kursant Qərənfil Orucəliyeva:
- Hər bir gənc vətənpərvər olmalıdır. Ana Vətənimiz Azərbaycanı canımızdan artıq sevməliyik. Onun daha da çiçəklənməsi üçün var gücümüzlə çalışmalıyıq. Biz gənclər bu müqəddəs amallarla, duyğularla yaşayırıq. Axı gənclər Vətənin azad, xoşbəxt gələcəyi deməkdir. Doğma torpaqlarımız düşmən işğalından azad olunandan sonra bu müqəddəs duyğular mənim dünyagörüşümdə əsas rol oynadı. Gələcəkdə hərbçi olacağımı, Azərbaycan Ordusunun sıralarında şərəflə xidmət edəcəyimi qarşıma məqsəd qoymuşam. Vətənə xidmət yolunu seçmişəm. Bu gün kursant adını daşımağımla qürur duyuram. İlk gündən dərslərimizə məsuliyyətlə yanaşır, verilən tapşırıqları vaxtında yerinə yetirir, hərbi bacarığımızı, ixtisas üzrə biliklərimizi daima artırmağa çalışırıq. Peşəkar hərbçi olmaq üçün həmişə oxumalı, öyrənməli çətinliklərdən qorxmamalıyıq. Bu günün kursantı sabahın zabitidir. Hər birimiz xalqımızın milli-mənəvi dəyərlərini öyrənməyə, qorumağa, onları layiqincə təbliğ etməyə borcluyuq. Xalqımız 5 ildən artıqdır ki, əziz və müqəddəs olan bütün bayramlarını yüksək coşqu, sevinc hissi ilə keçirir. Bayram süfrələri açılır. Novruz bayramı təbiətin oyanışından, yazın gəlişindən xəbər verir. Xalqımız əsrlərdir ki, milli adət və ənənələrini qoruyub saxlayıb, bu günümüzə gətirib çıxardıb. Bütün kursantları xalqımızın əziz və müqəddəs bayramları sayılan Novruz və Ramazan bayramları münasibətilə təbrik edir, onlara dərslərində müvəffəqiyyətlər arzulayıram.
Kursant Nazlı Məhərrəmova:
- Kursant adını daşımaqdan qürur hissi keçirirəm. Xoşbəxtəm ki, azad, müasir, suverenliyi və ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycanın vətəndaşıyam. Sevinirəm ki, bir neçə ildən sonra qüdrətli, qalib Azərbaycan Ordusunun sıralarında zabit kimi Vətənə xidmət edəcəm. Hər bir gəncin ən böyük arzusu seçdiyi peşəsinin sirlərini dərindən öyrənmək, gələcəkdə ixtisaslı kadr kimi yetişməkdir. Biz kursantlar da gələcəkdə peşəkar hərbçi olmaq üçün məsuliyyətli, intizamlı, ciddi olmalı, verilən tapşırıqları yerinə yetirməli, ixtisas üzrə biliklərimizi daima artırmalıyıq. Vətəni qorumaq, onun müdafiəsində dayanmaq şərəfdir. İşğaldan azad olunmuş ərazilərimizdə bu günlər bayram ovqatı yaşanır. Novruz tonqalları alovlanır. Tarixi yurd yerlərindən məcburi köçkün olmuş həmvətənlərimiz öz elinə, obasına qayıdır. Onların sevinci bütün Azərbaycan xalqının sevincidir. Qoy həmişə xalqımız bayramlarını belə sülh, əmin-amanlıq şəraitində qeyd etsin! Torpaqlarımızda bir daha müharibə olmasın!
Əsgər Fuad Ağayev:
- Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndində dünyaya göz açmışam. Doğma kəndimdə böyüyərək xalqımızın milli-mənəvi dəyərləri və zəngin adət-ənənələri ilə tərbiyə almışam.
Novruz bayramı münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Novruz xalqımızın əsrlər boyu yaşatdığı ən qədim və ən əziz bayramlardan biridir. Bu bayram baharın gəlişini, təbiətin yenilənməsini, insanların qəlbində sevinc və ümidin artmasını ifadə edir. Novruz günlərində insanlar bir-birinə daha çox diqqət və qayğı göstərir, küsülülər barışır, ailələr bir araya gələrək bayram sevincini bölüşürlər.
Bu il isə Novruz bayramı müqəddəs Ramazan bayramı ilə eyni vaxta təsadüf edərək bayram sevincimizi daha da artırır. Bu gözəl günlərin bir-birinə qovuşması hər birimiz üçün xüsusi mənəvi dəyər daşıyır. Arzu edirəm ki, bu mübarək günlər xalqımıza xeyir-bərəkət, mərhəmət və birlik gətirsin.
Diləyirəm ki, Novruzun yenilənmə ruhu və Ramazan bayramının mənəvi saflığı hər bir ailəyə sevinc, bolluq və firavanlıq bəxş etsin. Qoy evlərimizdən xoşbəxtlik əskik olmasın, süfrələrimiz daim bol olsun, ölkəmizdə sülh və əmin-amanlıq hökm sürsün.
Bir daha bütün xalqımızı Novruz və Ramazan bayramları münasibətilə səmimi-qəlbdən təbrik edir, hər kəsə möhkəm cansağlığı, xoşbəxtlik və firavan həyat arzulayıram.
Əsgər Elvin İbayev:
- Ağdam rayonunun Şurabad kəndində dünyaya gəlmişəm. Doğulduğum torpağın milli dəyərləri və adət-ənənələri ilə böyümüşəm. 14 iyul 2025-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsindən hərbi xidmətə yola düşmüşəm.
Baharın gəlişini müjdələyən Novruz bayramı münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Xalqımızın əsrlərdən bəri yaşatdığı bu gözəl bayram təbiətin yenilənməsini, insanların qəlbində ümid və sevincin artmasını ifadə edir. Novruz günlərində insanlar bir-birinə daha yaxın olur, birlik və həmrəylik hissi daha da güclənir.
Bayramlar ovqatımıza xoş təsir edir. Bu il isə Novruz bayramının müqəddəs Ramazan bayramı ilə eyni vaxta təsadüf edir. Bu mübarək günlərin qovuşması insanlara xeyirxahlıq, mərhəmət və birlik duyğularını aşılayır.
Ümid edirəm ki, bu iki əziz bayramın bəxş etdiyi sevinc və mənəvi dəyərlər hər bir ailəyə xoşbəxtlik, bolluq və firavanlıq gətirəcək. Qoy ölkəmizdə daim sülh və əmin-amanlıq olsun, xalqımızın ocaqları həmişə isti, süfrələri isə bol olsun.
Bütün xalqımızı Novruz və Ramazan bayramları münasibətilə səmimi-qəlbdən təbrik edir, hər kəsə sağlamlıq və xoş günlər arzulayıram.
Əsgər Fuad Rüstəmov:
- Doğma xalqım və şanlı ordumun hər bir üzvünü Novruz və Ramazan bayramları münasibətilə ürəkdən təbrik edirəm. Mən Vətən müdafiəçisi olaraq bu gözəl günləri ailəmdən uzaqda qarşılamağıma baxmayaraq, bura da mənim üçün doğmadır, çünki Vətəndir. Novruzun bahar təravəti və yenilənmə ruhu, Ramazanın isə müqəddəsliyi və saflığı hər birimizin həyatına nur gətirsin. Qoy süfrələriniz bol olsun, dualarınız hər zaman qəbul olunsun. Bu iki müqəddəs bayramın bir araya gəlməsi bizə həm sevinc, həm də mənəvi güc bəxş edir. Vətən keşiyində dayanarkən sizin etimadınız mənə ən böyük dayaqdır. Arzu edirəm ki, evlərinizdə daim sevgi, birlik və bərəkət olsun. Mən də tezliklə sizinlə birlikdə bu bayramları qeyd etməyi səbirsizliklə gözləyirəm. Hər birinizə sağlamlıq, uğur və xoş günlər arzulayıram. Bayramlarınız mübarək!
Əsgər Nihat Bayramov:
- Dəyərli doğmalarım, xidmət yoldaşlarım və əziz xalqım. Sizi Novruz və Ramazan bayramları münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Ordu sıralarında Vətənə müqəddəs borcunu ödəyən əsgər kimi bu əziz günləri xidmət başında keçirmək böyük qürurdur. Novruzun gətirdiyi sevgi və bərəkət, Ramazanın verdiyi səbir və mərhəmət həyatınıza işıq saçsın. Qoy etdiyiniz dualar qəbul, tutduğunuz oruclar savab olsun. Bu bayramlar bizə həm milli birliyimizi, həm də mənəvi sarsılmazlığımızı xatırladır. Sizin dəstəyiniz və xoş arzularınız biz əsgərlərə böyük ruh yüksəkliyi verir. Arzu edirəm ki, ailənizlə birlikdə xoş, unudulmaz bayram anları yaşayasınız. Vətənimizin əmin-amanlığı üçün xidmət etmək mənim üçün böyük şərəfdir. İnşallah, tezliklə sizinlə bir araya gəlib bu bayram sevincini bölüşərəm. Bayramlarınız mübarək, Allah sizi qorusun!
Əsgər Asif Abdullayev:
- Əziz valideynlərim, doğmalarım və qalib xalqım. Sizi xalqımızın ən qədim və əziz bayramlarından biri olan Novruz, eləcə də müqəddəs Ramazan bayramları münasibətilə ürəkdən təbrik edirəm. Bu bayramlar əsrlərdir xalqımızın zəngin adət-ənənələrini yaşadan, birlik və bərabərliyi möhkəmləndirən müqəddəs dəyərlərdir. Fəxr edirəm ki, mən qalib Azərbaycan Ordusunun əsgəriyəm. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda xidmət edir, Vətənimizin keşiyində əzmlə dayanıram. 30 ilə yaxın düşmən işğalında qalan əzəli torpaqlarımız rəşadətli Ordumuz tərəfindən azad edildi. Xalqımız haqq savaşında böyük Zəfər qazandı.
Yağılar tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə həyat yenidən canlanır. Ən sevindirici məqamlardan biri isə illərlə həsrətində olduğumuz Novruz tonqallarının artıq azad torpaqlarımızda alovlanır. Xalqımız 6 ildir ki, tarixi torpaqlarımızda bayramları böyük coşqu ilə qeyd edir.
Vətənin keşiyində dayanan bir əsgər olaraq hər birinizə sülh, əmin-amanlıq, bol ruzi-bərəkət və sevinc dolu günlər arzulayıram.
Bayramlarınız mübarək!
Qeyd: Əminik ki, Azərbaycan Ordusunun şəxsi heyəti bundan sonra da Müzəffər Ali Baş Komandanına və Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə sadiq qalaraq, döyüş və mənəvi-psixoloji hazırlıqlarını daha da gücləndirəcək, üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı ərazilərimizdə öz mövqelərini daha da möhkəmləndirməklə bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələrini verəcəkdir. Üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirən, şəhidlərimizin qisasını döyüş meydanında alan və xalqımıza Böyük Qələbə sevincini yaşadan Ordum, bayramın mübarək!