Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Mart 2026 19:23

Ordu quruculuğunda Ümummilli Lider Heydər Əliyevin strategiyası və Prezident İlham Əliyevin qətiyyətli siyasəti

Azərbaycan dövlətinin möhkəmlənməsində və milli təhlükəsizliyin təmin olunmasında güclü ordunun rolu danılmazdır. Müstəqil Azərbaycanın hərbi gücünün formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin  apardığı strateji xəttin real nümunəsidir. Bu strateji xətti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev uğurla davam etdirir. Bu gün müasir, peşəkar döyüş qabiliyyətinə malik Azərbaycan Ordusu dövlətimizin gücünün, siyasi iradəsinin və xalqımızın birliyinin parlaq təcəssümüdür.
1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmiz ilk illərdə ciddi siyasi və hərbi sahədə müəyyən çətiliklərlə üzləşdi. Həmin dövrdə ordu quruculuğu sahəsində vahid sistem və idarəetmə mexanizmləri yetərincə zəifləmişdi. Ölkəni bu mürəkkəb vəziyyətdən xilas etmək üçün güclü siyasətçinin hakimiyyətə gəlməsi labüd idi. Belə bir şəraitdə xalqımız öz xilaskarının - Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasını israrla tələb etdi. Azərbaycanı və xalqımızı canından çox sevən dahi şəxsiyyət Heydər Əliyev insanların bu ümidini reallaşdıraraq yenidən hakimiyyətə qayıtdı. Elə ilk günlərdən Ulu Öndər güclü ordunun yaradılmasını dövlətçiliyin əsas prioritet istiqamətlərindən biri kimi dəyərləndirdi. Belə ki, qısa müddət ərzində Silahlı Qüvvələrdə nizam-intizamın möhkəmləndirilməsi, vahid komandanlıq sisteminin yaradılması və ordu quruculuğunun hüquqi əsaslarının formalaşdırılması istiqamətində zəruri islahatlar həyata keçirildi.
1994-cü ildə diplomatik fəaliyyət nəticəsində Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişədə atəşkəs əldə olundu. 1994-cü il mayın 12-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində imzalanmış Bişkek Protokolu tərəflər arasında atəşkəs üçün əsas sənəd idi. Bu razılaşma sənədi cəbhə xəttində genişmiqyaslı hərbi əməliyyatların dayandırılmasına imkan yaratdı. Əldə olunmuş nisbi sabitlik isə Azərbaycan dövlətinə ordunun planlı şəkildə qurulması, hərbi strukturun təkmilləşdirilməsi və peşəkar kadr hazırlığının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməyə şərait yaratdı. Atəşkəsin əldə olunması Silahlı Qüvvələrin planlı şəkildə inkişaf etdirilməsi üçün mühüm imkanlar yaratdı. Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusunda vahid komandanlıq sistemi möhkəmləndirildi, hərbi hissələrin strukturu təkmilləşdirildi və döyüş hazırlığının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Həmin dövrdə hərbi sistemin inkişafına xüsusi diqqət yetirildi, peşəkar zabit kadrlarının hazırlanması istiqamətində mühüm addımlar atıldı. Ordunun maddi-texniki bazası möhkəmləndirildi, hərbi hissələrin təminatı yaxşılaşdırıldı və vətənpərvərlik ruhu gücləndirildi.
Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu strategiyası, yalnız hərbi gücün artması ilə məhdudlaşmadı. Bu strategiya milli vətənpərvərlik ruhunun gücləndirilməsi, gənclərin hərbi xidmətə hazırlanması və ordunun xalqla sıx bağlılığını əhatə edirdi. Beləliklə, müasir Azərbaycan Ordusunun əsas ideoloji təməlləri məhz bu dövrdə qoyuldu.
2003-cü ildə xalqın böyük dəstəyi ilə Azərbaycan Respublikasına prezident seçilən İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bu gün uğurla davam etdirir. Dövlət başçısı prezidentlik fəaliyyətinin ilk illərindən etibarən ordu quruculuğunu ölkə siyasətinin prioriteti kimi müəyyən etdi. Ali Baş Komandanın rəhbərliyi ilə ordu quruculuğu yeni mərhələyə qədəm qoydu və müasir dövrün tələblərinə uyğun davam etdirildi. Hərbi təhsil müəssisələrinin fəaliyyəti və peşəkar zabit kadrlarının hazırlanması istiqamətində zəruri islahatlar həyata keçirildi. Bu islahatlar nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı gücləndirildi, ordunun müasir silah və texnika ilə təchiz edilməsi, onların döyüş qabiliyyətinin yüksəldilməsi və beynəlxalq standartlara uyğun hərbi idarəetmə sisteminin formalaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirildi. Müdafiə sənayesinin inkişafı da bu siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir.
Azərbaycanın müdafiə sənayesi müəssisələrində müxtəlif növ hərbi texnika və avadanlıqların istehsalı təşkil olunmuş, Silahlı Qüvvələrin ehtiyaclarının müəyyən hissəsi artıq daxili imkanlar hesabına təmin edilməyə başlanmışdır. Eyni zamanda, orduda peşəkar kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirilir. Hərbi təhsil müəssisələrinin fəaliyyəti genişləndirilmiş, beynəlxalq hərbi əməkdaşlıq əlaqələri inkişaf etdirilmişdir. Hərbi qulluqçularımız müxtəlif beynəlxalq təlimlərdə və sülhməramlı missiyalarda iştirak edərək müəyyən təcrübələr qazanmışlar. Uzun illər ərzində aparılan məqsədyönlü ordu quruculuğu siyasəti Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Müasir texnologiyalarla təchiz edilmiş, yüksək peşəkarlığa malik şəxsi heyətə sahib olan Azərbaycan Ordusu regionun ən güclü ordusudur. Azərbaycan Ordusunun bu gücü 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində başlayan Vətən müharibəsi zamanı öz parlaq təsdiqini tapdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın vətənpərvər oğulları döyüş meydanında igidlik, qəhrəmanlıq göstərərək qısa müddət ərzində torpaqlarımızı işğaldan azad etdi və ölkəmiz tarixi Zəfər qazandı. Bu Zəfəri qazanmaq heç də yaxın illərin hazırlıq prosesi deyildi. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin illərlə apardığı uğurlu siyasətin praktik nəticəsi idi. Azərbaycan Ordusunun müasir texnologiyalardan məharətlə istifadə etməsi və dəqiq hərbi planlaşdırma qələbənin reallığını əks etdirirdi.
Bu gün Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünün əsas təminatçısıdır. Silahlı Qüvvələrdə aparılan islahatlar, müasir hərbi texnologiyaların tətbiqi və peşəkar kadrların hazırlığı ordunun döyüş qabiliyyətinin davamlı şəkildə yüksəlməsini təmin edir. Azərbaycan Ordusunun güclənməsi həm də regionda davamlı sülhün və sabitliyin qorunmasına xidmət edir. Azərbaycan dövləti güclü orduya sahib olmaqla yanaşı, beynəlxalq hüquqa və ədalət prinsipinə əsaslanan sülh siyasətini də ardıcıl şəkildə davam etdirir.
Müasir Azərbaycan Ordusunun formalaşması uzunmüddətli və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Bu siyasətin ideoloji və strateji əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş, Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə davam etdirilir. Bu gün Azərbaycan Ordusu ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qoruyucu rəmzlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin strategiyası və Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində formalaşan rəşadətli ordumuz hər zaman Vətənimizin keşiyində inamla, qürurla dayanır və ölkəmizin ərazi bütövlüyünü və təhlükəsizliyini etibarlı şəkildə qoruyur.

Kifayət ƏLİYEVA

"Azərbaycan Ordusu"