AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hər bir əsgərin uğuru onun döyüş hazırlığındadır. Bölümənin yüksək döyüş hazırlığı isə əsgərin fərdi, manqa, taqım hazırlığından keçir. Kapitan Qadir Abbasov şəxsi heyətin mənəvi-psixoloji hazırlığına məsul şəxslərdəndir. O deyir ki, müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun əsgərlərə dərslər keçirilir. Təlim-tədris proqramına əsasən, əsgərlərin fərdi hazırlıqları, çöl-səhra məşqləri planlanır. Hazırda əsgərlərin taktiki, atəş, kəşfiyyat, fiziki, mühəndis və başqa hazırlıqları peşəkar hərbçilər tərəfindən həyata keçirilir. Zabit onu da qeyd etdi ki, əsgərlərin həm fərdi, həm də qrup şəklində hazırlıqları ilə məşğul olan kiçik komandirlər də kifayət qədər bilikli və bacarıqlı hərbçilərdir.
Qışın son ayıdır. Soyuq külək əsir. Hava bir qədər dumanlı və yağmurludur. Buna baxmayaraq əsgərlər çöl təlimlərinə davam edirlər. Motoatıcı manqa çöl məşğələsində mövzuya uyğun dərsdədir.
Əsgər Allahverdi Mehdiyev bacarıqlı, işinin öhdəsindən gələn kiçik komandirlərdəndir. O, komandiri olduğu manqanın şəxsi heyəti ilə məşğələ yerindədir. "Manqa hücumda" mövzusu əsasında əsgərlərin döyüşdə ayaqüstü, dizüstü və uzanaraq atəş açma qaydalarını praktiki olaraq necə yerinə yetirməsinin qaydalarını izah edir, daha sonra isə onlardan icrasını tələb edir.
Əsgər Allahverdi Hüseyn oğlu Mehdiyev Saatlı rayonunda anadan olub. İki ilə yaxındır ki, müddətdən artıq həqiqi hərbi xidmətdədir. Allahverdi deyir ki, müddətli həqiqi hərbi xidmətini başa vurandan sonra ordu sıralarında xidmətini davam etdirmək arzusunda olub. Bu, həm də onun şəxsi iradəsindən gələn bir hissdir. Ordu sıralarından tərxis olunduqdan sonra istəyini doğmalarına - yəni, valideynlərinə bildirib. Onların xeyir-duası ilə “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu” kursuna daxil olmaq üçün lazım olan sənədlərini toplayıb, hərbi həkim komissiyasından keçib. Daha sonra "Motoatıcı" ixtisası üzrə imtahan verib. Allahverdi Təlim və Tədris Mərkəzində kursu uğurla başa vurub. Hazırda xidmət etdiyi hərbi hissəyə "Motoatıcı" manqa komandiri vəzifəsinə təyin olunub. Allahverdi Mehdiyevin məqsədi, məramı komandiri olduğu manqanın döyüş hazırlığını daim yüksəkdə saxlamaqdı. Bunun üçün o, bilik və bacarığını əsirgəmir. TTM-də oxuduğu müddətdə hərbi bilikləri dərindən mənimsəməyə çalışıb. O, yaxşı bilirdi ki, tezliklə kiçik komandir olacaq, komandir kimi üzərinə məsul vəzifə düşəcək. Bunun öhdəsindən gəlmək üçün mütləq yaxşı oxumaq, müəllimlərin tədris etdiyi bilikləri dərindən mənimsəmək, vərdişləri yüksək səviyyədə icra etməyi bacarmaq lazımdır. Zabit Fərid Fərzəliyev də əsgər Allahverdi Mehdiyevin xidmətindən razılığını belə ifadə edir: "Allahverdi bacarıqlı, öz işini sevən əsgərdir. O, verilən tapşırıqları dəqiq yerinə yetirməklə komandirlərinin hörmətini qazanıb. Allahverdi manqa komandiri kimi ilk gündən məsuliyyətlə xidmət etməyə başlayıb. Əvvəlcə elə təsəvvür yaranmışdı ki, o, xidmətin öhdəsindən gəlməkdə çətinlik çəkəcək. Lakin belə düşünməklə yanlışlığa yol verdiyimi gördüm. Allahverdi qısa müddətdə bölmənin əsgərlərinə nəzarəti ələ almağı bacardı. Həm idarəçilikdə, həm də əsgərlərlə mükəmməl təlim-məşqlər keçməklə nüfuz qazandı”.
Dərs yerində Allahverdi əsgərlərə atış qaydalarını izah edirdi. Döyüşdə hücum zamanı qısa ziq-zaq qaçışlarla yer dəyişməni praktiki olaraq əvvəlcə özü həyata keçirir, daha sonra isə bir-bir əsgərlərdən bu qısa qaçışların yerinə yetirilməsini tələb edirdi.
Manqa komandiri deyir ki, hər bir əsgər əvvəlcə silahı tutmaq qaydasını və ondan düzgün nişan almağı bacarmalıdır. “Əgər əsgər bunları bilməsə, o, nə hədəfi məhv edə, nə də düşmənin olduğu mövqeyə daxil olub onu yerində zərərsizləşdirə biləcək. Döyüş tapşırığını uğurla yerinə yetirməyin ən doğru yolu məhz budur”.
Əsgər Alı Zeynallı İmişli rayonundan hərbi xidmətə çağırılıb. Alı deyir ki, qısa müddətdə bacarıqlı və təcrübəli komandirlərin sayəsində bir sıra hərbi biliklərə yiyələnib. “Burada hər bir əsgər yuxarı rütbəli və vəzifəli şəxslərə hərbi salam verməlidir. Hərbi intizam da elə buradan başlayır. Buna əsgərliyin "əlifbası" da deyilir”.
Atıcı Namiq Məhərrəmov Goranboy rayonundandır. Namiq deyir ki, o hələ uşaq olanda silahlı əsgərləri tez-tez görüb. Əvvəllər Goranboy rayonu düşmənlə təmas xəttində yerləşirdi. Əsgərlərin təlim meydanı da onlara yaxın olub. Orada tez-tez müxtəlif silahlardan keçirilən atışları uzaqdan müşahidə edib. Mərmilərin partlayış səslərini də eşidib. Namiq keçirilən məşğələlərin mahiyyətinə tam bələddir. O, silah və taktiki gedişləri daha yaxşı öyrənməyə can atır.
Əsgərlərdən Elcan Rzayev, Tuncay Şükürov, Ümid Murğuzov, Emil Həsənov, Eşqin Abbaslı, Nicat Mustafayev və başqaları da silahdaşlarının fikirləri ilə razıdırlar.
Həmsöhbət olduğum əsgərlərin başlıca məqsədi və məramı öyrədilən hərbi biliklərə mükəmməl yiyələnməkdir. Onlar bunun üçün səylə çalışırlar. Ümid Murğuzov deyir ki, torpaqlarımız uzun illər düşmən işğalında olub. “Azərbaycan əsgəri yüksək döyüş vərdişlərinə yiyələnməklə, 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın əks-hücum əmri ilə qısa müddətdə torpaqlarımızı azad edib. Əgər əsgərlərin döyüş hazırlığı yüksək olmasaydı, müharibə 44 gün deyil, daha çox davam edərdi və itkilərin də sayı daha artıq olardı. Bunu bizə döyüş görmüş komandirlər danışıblar. Biz də çalışırıq ki, komandirlərin öyrətdiklərini daha dərindən mənimsəyək və döyüş hazırlığımızı daim yüksəkdə saxlayaq”.
Əsgərlərin məşğələ yerindən xoş ovqatla ayrılıram. Onlar öz hazırlıqlarını daha mütəşəkkil həyata keçirməyə davam edirlər.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"