AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İkinci Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan İntiqam Allahverdi oğlu Abdullayevin xatirəsi Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Düylün kəndində keçirilən anım tədbirində ehtiramla yad olundu.
Tədbirdə Ordubad rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, hərbçilər və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Əvvəlcə şəhid İntiqam Abdullayevin məzarı ziyarət edilərək üzərinə tər çiçəklər düzüldü, ruhuna dualar oxundu.
Çıxış edənlər şəhidin həyatı və şərəfli döyüş yolu haqqında danışaraq bildirdilər ki, torpaqlarımızın azadlığı və Vətənimizin suverenliyi uğrunda canlarından keçən oğullarımızın xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad olunur. Vurğulandı ki, şəhid ailələri və müharibə iştirakçıları dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunublar.
Bildirildi ki, şəhidlərimizin göstərdiyi igidlik gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Onların şərəfli döyüş yolu gənclərin Vətənə sevgi və sədaqət ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Tədbirin sonunda orta məktəb şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.
Qeyd edək ki, İntiqam Abdullayev 12 avqust 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Düylün kəndində anadan olub. Orta təhsilini şəhid Surxay Rzayev adına Düylün kənd tam orta məktəbində alıb. 2013-cü ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olaraq gələcək həyat yolunu Vətənə xidmətə həsr edib.
2016-cı ildə liseyi idman - voleybol üzrə fərqlənmə ilə bitirən İntiqam Abdullayev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olunub. Təhsil aldığı illərdə həm hərbi hazırlığı, həm də idman sahəsində qazandığı uğurları ilə seçilib. Voleybol üzrə müxtəlif yarışlarda iştirak edərək dəfələrlə fərqlənib, fərdi və komanda şəklində medallar, fəxri fərmanlar qazanıb. Türkiyə və Gürcüstanda keçirilən voleybol yarışlarında komandası ilə ard-arda iki dəfə qalib olub və sonradan həmin komandanın kapitanı kimi çıxış edib.
İdman sahəsində olduğu kimi, hərbi sahədə də nümunəvi xidmət göstərən İntiqam Abdullayev 2020-ci ildə Hərbi institutu "Motoatıcı" ixtisası üzrə bitirib və "leytenant" hərbi rütbəsi ilə xidmətə başlayıb. O, qısa müddət ərzində bacarığı, intizamı və liderlik keyfiyyətləri ilə seçilib.
Xidmətinin cəmi ikinci ayında "N" hərbi hissəsində "Ən yaxşı taqım komandiri" adına layiq görülən leytenant İntiqam Abdullayev fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan İntiqam Murovdağ istiqamətində gedən ağır döyüşlərdə şücaət göstərərək Vətən torpaqlarının azadlığı uğrunda mərdliklə vuruşub. 2 oktyabr 2020-ci ildə Murovdağ uğrunda gedən döyüşlərdə şəhid olub.
Şəhidin cənazəsi bir müddət düşmən tərəfində qaldığından o, uzun müddət itkin düşmüş hesab olunub. Şəhadətindən 165 gün sonra onun şəhidlik xəbəri ailəsinə çatdırılıb. İgid zabitimiz Ordubad rayonunun Düylün kəndində dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən İntiqam Abdullayev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid İntiqam Abdullayev kimi cəsur oğullarımızın xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, onların göstərdiyi şücaət isə Vətənə sədaqətin ən parlaq nümunəsi kimi gələcək nəsillərə örnək olacaq.
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü