AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Pis peşə yoxdur, gərək insan seçdiyi peşənin peşəkarı olsun. Tibb xidməti baş leytenantı Səlcuq Kərimov orta məktəbdə oxuyarkən böyüyəndə mütləq həkim olacağını demişdi. Özü də hərbi həkim. Bütün varlığı ilə çalışırdı ki, qarşıya qoyduğu məqsədə nail olsun. Valideynləri də onun bu arzusunu bəyənmişdilər.
Səlcuqun yaxşı oxuması və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə qəbul olması üçün gərəkli olan köməyi də göstərmişdilər. Səlcuq da ata-anasının çəkdiyi zəhməti itirmədi, əksinə, onları tələbə adı qazanmaqla sevindirmişdi. Gələcəkdə adlı-sanlı həkim olacağını da demişdi.
Tibb xidməti baş leytenantı Səlcuq Elçin oğlu Kərimov Naxçıvan şəhərində orta məktəbi bitirəndən sonra 2015-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə yüksək balla qəbul olub. Təhsil aldığı dönəmdə İkinci Qarabağ müharibəsi başlayıb. Gedən döyüşlərdə yaralı döyüşçülərə ilk tibbi yardım göstərib. Neçə-neçə yaralı döyüşçünün həyatını xilas edib. Döyüş meydanında yaralılara ilkin tibbi yardım düzgün göstərilərsə, onların tez sağalıb sıralara qayıtma ehtimalı da çox olur. Səlcuq da döyüşçülərin sağalması üçün bilik və bacarıqlarından məharətlə istifadə edib. Onlara yeni həyat, yeni ömür bəxş etmək üçün bütün varlığı ilə çalışıb.
Müharibə bitəndən sonra təhsilini davam etdirmək üçün universitetə qayıdıb. O, bu gün də hərbi qulluqçuların sağlamlığının keşiyində dayanır.
Tibb xidməti baş leytenantı Səlcuq Kərimov 2021-ci ildə gənc həkim kimi "N" hərbi hissəsində hərbi xidmətə başlayıb. İstənilən xəstəyə və ya yaralıya vaxtında göstərilən ilkin tibbi yardım onun həyatının xilası deməkdir.
Gənc həkim Səlcuq Kərimov işinə məsuliyyətlidir. Müraciət edən hərbi qulluqçuları diqqətlə müayinə və müalicə edir.
Səlcuq həkimin qarşısında daha mühüm və perspektivli xidmət illəri dayanır. Hərbi qulluqçuların sağlamlığı naminə daha bilikli və bacarıqlı həkim olmağın məsuliyyətini anlayan gənc zabit, bu sahədə özünü təkmilləşdirmənin vacibliyini də bizə bildirdi. Səlcuq deyir ki, boş vaxtlarında tibbi ədəbiyyat oxuyur. Yiyələndiyi ixtisas üzrə təcrübəsini artırır. Bu cür çalışqanlığı gələcəkdə peşəkar həkim kimi formalaşıb xidmətinə davam edəcəyinə şübhə doğurmur.
"Əsgərlərdə yaz-payız aylarında havanın dəyişməsi ilə əlaqədar kəskin respirator xəstəliklərinin yayılması ehtimalı yüksəlir. Bunun da qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür. El arasında qrip kimi tanınan bu xəstəliyin növlərinin çox olması şəxsi heyət arasında yoluxmanın da artacağına səbəb ola bilər. Başlıca səbəb odur ki, həkimlərin ciddi səyi nəticəsində bu və ya digər xəstəliklərin qarşısı alınır. Əsgərlər çöl təlim-məşqlərində sağlam şəkildə müntəzəm iştirak edirlər. Bu da həkimlərin komandirlərlə birgə apardıqları profilaktik tədbirlərin nəticəsidir", - deyə tibb xidməti baş leytenantı Səlcuq Kərimov bildirdi.
Səlcuq həkim xidmətə başladığı gündən qarşısına nümunəvi, bacarıqlı, vətənpərvər hərbçi olmağı məqsəd qoyub. O, bu məqsəd, bu amal uğrunda xidmət edir. Ümid edirik ki, Səlcuqun daha böyük uğurlarını gələcək xidmətində görəcəyik. Bunu indidən görmək olur. Məsuliyyəti, savadı və alicənablığı ilə işinə yanaşan insanın başının hər zaman uca olacağına əminik.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"