Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2026 13:10

Vətənə sədaqətlə xidmət etmək müqəddəs amaldır

Son illərin ədalət və haqq savaşının qalibi olan, Şanlı Azərbaycan Ordusunda xidmət edən igid zabit, gizir, müddətdən artıq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularımız ərazi bütövlüyümüzün, suverenliyimizin təmin olunmasında, müstəqilliyimizin qorunmasında mühüm pay sahibidirlər. Zabit Cavid Eminov da bu hərbçilərimizdən biridir.
Cavid Oqtay oğlu Eminov 22 noyabr 1987-ci ildə  Zərdab rayonunun İsaqbağı kəndində anadan olub. 1994-cü ildə həmin kəndin S.Ə.Şirvani adına orta məktəbinə gedib. 2005-ci ildə həmin məktəbdə təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olub. 2009-cu ildən 2010-cu ilə qədər Silahlı Qüvvələrin (indiki Azərbaycan Ordusunun) Təlim və Tədris Mərkəzində “Zabit ixtisas kursu”nu keçərək öz hərbi biliklərini daha da möhkəmləndirib. 
2010-cu ildən bu günə qədər öz ixtisası üzrə müxtəlif vəzifələrdə xidmət edən zabit   Cavid Eminovla həmsöhbət olub, onun fikirlərini qələmə aldıq. 
"Gənc yaşlarımdan bu peşəyə olan marağım həyat yolumu təsdiqlədi. İllərcə ürəyimdə böyütdüyüm arzuma çatmaq üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olmaq üçün imtahan verdim. İmtahan nəticələri elan ediləndə çox sevinmişdim. Çoxdan arzusunda olduğum peşənin, müqəddəs vəzifənin sahibi olacağımın həm qürurunu, həm də məsuliyyətini dərindən dərk edirdim. Xidmət etdiyim hərbi hissələrdə həm şəxsi heyətin hazırlığı, həm də onların vətənpərvərlik ruhunun artırılması üçün əlimdən gələni etmişəm. İştirak etdiyimiz təlimlərdə taqımdan tutmuş hərbi hissə səviyyəsinə qədər şəxsi heyətin əldə etdiyi uğurları əməyimin və amalımın nəticəsi bilmişəm. Artıq 20 ildən artıqdır ki, üzərimdə hərbi mundir daşıyıram. Şükürlər olsun ki, bu formada haqq mübarizəmizin də iştirakçısı olmuşam”, - zabit dedi.
O, 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini də bizimlə bölüşdü: "2020-ci il sentyabrın 27-də başlayan haqq savaşımız zamanı ön xətt hərbi hissələrimizdən birində tabor komandiri vəzifəsində xidmət edirdim. Taborumuzun ilkin tapşırığı aktiv müdafiənin təmin edilməsi idi. Əməliyyatın planlaşdırılması və təşkili, idarə etmənin keçirilməsi özü böyük məsuliyyətdir. Çünki müharibənin düzən ərazidə və dağlıq relyefdə aparılmasının hər birinin özünə görə çətinlikləri vardır. Şükürlər olsun ki, müharibənin birinci günündən son gününə qədər üzərimizə qoyulan tapşırıqlar tərəfimizdən uğurla icra olundu. 2022-ci ildə “Qisas” əməliyyatı zamanı əsas vəzifələrdən biri Laçın istiqamətindəki  əlverişli yüksəkliklərin düşməndən azad edilməsi idi. Bir gün ərzində hərbi hissəmiz tərəfindən 30-dan çox hakim yüksəklik nəzarətə götürüldü. Bu yüksəkliklərin azad olunmasının xüsusi strateji əhəmiyyəti var idi.  Qırxqız, Sarıbaba, Laçın dağı və digər yüksəkliklərin azad olunması ilə düşmənin qanunsuz silahlı birləşmələrinin yerləşdiyi tarixi ərazilərimizə nəzarəti daha da gücləndirdik və təminat yollarının izlənilməsi bölmələrimizin üstünlüyünü daha da artırdı. Və nəhayət, 2023-cü ildə də hərbi hissənin tərkibində düşmənə qarşı aparılan antiterror əməliyyatının da iştirakçısı olmuşuq. Aktiv müdafiə tapşırığı ilə yanaşı, aidiyyəti bölmələrin dəstəklənməsinə də cəlb olunmuşuq. O günlərin hər biri bir ömrə bərabər günlərdir. Hər bir Azərbaycan əsgəri yaxşı bilirdi ki, tarixi torpaqlarımızı düşməndən təmizləmək bizim müqəddəs vəzifəmizdi və bu vəzifənin öhdəsindən yüksək vətənpərvərlik və peşəkarlıqla gəlməli idik. Bu gün torpaqlarımız azaddır, şəhidlərimizin qisası alınıb, xalqımızın qəlbindəki yurd həsrəti başa çatıb", - deyən zabitlə söhbət əsnasında öyrəndik ki, iştirak etdiyi 44 günlük Vətən müharibəsində və ondan sonrakı əməliyyatlarda qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəsur döyüşçü", "Şücaətə görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub.

Fuad CƏFƏROV

"Azərbaycan Ordusu"