Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2026 13:10

Tankçılarımız Vətənimizin müdafiəsində əzmlə dayanıblar

2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusunun müasir silah və texnika ilə təchiz olunmuş qoşun növlərindən hesab edilən Quru Qoşunlarının bölmələri hərbi güc nümayiş etdirərək, düşmənin 30 ilə yaxın müddətdə möhkəmləndirdiyi “Ohanyan səddini” yardı. Düşməni dərinliklərə doğru təqib etdi, döyüşə-döyüşə müxtəlif maneələri dəf edərək azad olunmuş kənd, qəsəbə və rayonlarda güclü müdafiə sistemi qurdu. Bununla da Azərbaycan Ordusu hansı qüdrətə və hərbi üstünlüklərə malik olduğunu döyüş meydanında sübut etdi. Gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun silahlanmasına daxil edilmiş "Döyüş aslanı" adlandırılan dünyanın ən müasir tankları Ali Baş Komandanın rəhbərliyi ilə  və "İrəli!" əmriylə Vətən müharibəsində düşmən üzərinə şığıdı. Tarixi torpaqlarımızın işğaldan azad olunmasında tankçılarımız fədakarlıq, vətənpərvərlik nümunələri, yüksək döyüş bacarıqları göstərərək adlarını şanlı hərb tariximizin səhifələrinə qızıl hərflərlə yazdılar.
"Döyüş aslanı" adlandırılan bu zirehli texnika ilk dəfə  Birinci Dünya müharibəsinin (1914-1918-ci illər) hərb meydanında görünüb. Düşməni, uğultusu qorxudan dəmir atın yaradılması dünya müharibələri tarixində böyük hadisə idi. Təbii ki, zaman keçdikcə  hər bir silah və texnika da təkmilləşdirilir, dağıdıcılıq qabiliyyəti, gücü daha da artırılır. Bəşəriyyətin ən dəhşətli və qorxulu müharibəsi hesab edilən İkinci Dünya müharibəsində dövrün ən dağıdıcı silah və texnikalarından istifadə edilib. Həmin silah və texnikalar daha dağıdıcı gücə malik idi. İkinci Dünya müharibəsi cəbhələrində də "Döyüş aslanı" əsas hərbi qüvvələrdən biri olub. Tankın təkcə atəşlə məhv etməyi deyil, hətta onun uğultusu belə faşist işğalçılarını qorxuya salır, vahimə yaradırdı. 
Tək bir faktı misal gətirmək bəs edər ki, İkinci Dünya müharibəsində hərb elminin mahir bilicisi kimi şöhrət qazanmış həmyerlimiz 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov öz dəmir atı ilə faşist işğalçılarına qarşı mübarizədə şanlı döyüş yolu keçərək, tarixi əhəmiyyətli həlledici döyüşlərdə tank hücumunu idarə edib. Eyni zamanda, Vətənimizin başı üzərini qara buludlar alanda erməni hərbi birləşmələrinə qarşı istər Birinci Qarabağ müharibəsində, istər Aprel döyüşlərində, istər 44 günlük Vətən müharibəsində və istərsə də digər əməliyyatlarda rəşadətli Azərbaycan Ordusunun yüksək hazırlıqlı tank bölmələri igidlik, peşəkarlıq nümunələri göstərərək "Döyüş aslanı"nın gücünü bir daha təsdiqləyiblər. 
Tank hərbi hissəsinin Təlim-məşq trenajorlar şəhərciyindəki məşq qurğularında tank heyətlərinə, öyrəncilərə peşəkar zabitlər tərəfindən nəzəri-praktiki dərslər keçirilirdi. Peşəkar tankçı, ehtiyatda olan polkovnik-leytenant Vasif Məlikov burada keçirilən dərslərin aparıcı müəllimlərindən biridir. Ona "Trenajor məşq qurğularının imkanları hansılardır?", - deyə sualla müraciət etdik. Ehtiyatda olan zabit Azərbaycan Ordusunda zirehli döyüş maşınlarının trenajor məşq qurğularının təyinatı barədə bilgilərindən ətraflı danışdı: "Döyüş maşınlarının heyəti praktiki olaraq atışlara, sürücülük məşğələlərinə cəlb olunmadan və yaxud döyüşlərdə maşınlarını tətbiq etmədən öncə təcrübələrini məşq qurğularında qazanmış olur. Ondan sonra praktiki məşğələlərə başlayır. Trenajor məşq qurğularının məqsədi ondan ibarətdir ki, öyrəncilər nəzəri bilikləri mənimsədikdən sonra trenajor məşq qurğularına buraxılırlar və öyrəndikləri çalışmaları orada praktiki olaraq yerinə yetirirlər. Canlı texnikalardan heç bir fərqi olmadan məşq qurğularında istənilən hava şəraiti (məsələn, küləkli) verilməklə, istənilən relyef şəraitini (məsələn, enişli-yoxuşlu) yaratmaqla praktiki olaraq çalışmaların yerinə yetirilməsindən seçilmir. Öyrəncilər və yaxud hərbi xidmətdə olan şəxsi heyət trenajor məşq qurğularından istifadə etdiyi zaman həm də canlı texnikada olan yanacaq sürtgü materiallarının istismarına qənaət edilmiş olur. Həmçinin texnikaların saxlanmasına, qorunmasına şərait yaradılır. Trenajor məşq qurğularının simulyatorlarında məşq etməklə öyrəncilər təcrübəni qazanmış olurlar. Bundan sonra praktiki olaraq poliqonlarda, atış sahələrində, sürücülük sahələrində, eyni zamanda, döyüşlərdə təcrübəli şəkildə öz texnikalarından canlı olaraq istifadə edərək istənilən nəticəni qazanırlar. Şəxsi heyət ən əvvəl döyüş maşınlarının quruluşunu, istismarını öyrəndikdən sonra sürücülük və atış məşğələlərinə cəlb olunur. İlk olaraq trenajor məşq qurğularında atış və sürücülük öyrədilir. Ümumilikdə texnikanın öyrənilməsi praktiki olaraq digər maşınların quruluşunun öyrənildiyi siniflərdə texnika üzərində öyrənilir. Praktiki olaraq sürücülük məşğələlərini keçib müəyyən təcrübəni qazanandan sonra çöl və poliqon şəraitinə buraxılırlar. Eyni zamanda, qapalı təhlükəsiz bir şəraitdə ilkin vərdişlərə burada yiyələnməklə təcrübə toplanılır. Öyrəncilər burada hər detalı böyük həvəslə öyrənməyə çalışırlar".
Tankçılarımızın peşəkarlıqlarının artırılması barədə geniş məlumatlar verən ehtiyatda olan polkovnik-leytenant Vasif Məlikov onu da bildirdi ki, tank heyətləri çöl çalışmalarında praktik atışlarını, sürücülük vərdişlərini yoxlayırlar. Plana uyğun olaraq keçirilən çöl çalışmalarının əhəmiyyəti ondan ibarətdir ki, tankçılarımız qazandıqları vərdişləri daha da təkmilləşdirmək imkanı əldə edirlər.
“Tank bölmələri hansı  imkanlara malikdir?” sualını V.Məlikov belə cavablandırdı.
- Ümumiyyətlə, tank bölmələri uzaq məsafələrə sürətli yürüş etmək, düşmənin müdafiə xəttini yararaq yüksək templə hücum etmək imkanlarına malikdir. Həm də tank bölmələri dayanmadan su maneələrini keçə, su altında hərəkət edə, bərə vasitələrindən istifadə etməklə güclü müdafiə mövqeyi qura, qətiyyətli əks-hücumu həyata keçirə bilərlər. Bütün bu imkanlar tankçıları yenilməz edir. Bölmələrimizin şəxsi heyətini yenilməz edən təkcə  onların istifadəsində olan tanklar deyil, həm də onların yüksək mənəvi-psixoloji, ideoloji və fiziki hazırlıqlara malik olmalarıdır. 
Trenajor məşq qurğularında dərsləri müşahidə zamanı öyrənirik ki, ordumuzun tank heyətləri dəfələrlə bir sıra dövlətlərin iştirakı ilə keçirilən Beynəlxalq Ordu Oyunları çərçivəsində "Tank biatlonu" müsabiqəsində, "Ən yaxşı heyət" yarışmasında uğurlu nəticələr qazanıblar. Hər il döyüş hazırlığı planına əsasən, ordumuzun tankçıları "Ən yaxşı tank bölüyü" adı uğrunda gedən yarışlarda da döyüş bacarıqlarını sınayırlar. Qürurverici məqam odur ki, daima döyüş bacarıqlarını artıran rəşadətli Azərbaycan Ordusunun yenilməz tankçıları respublikamızın ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunmasında misilsiz igidlik, qəhrəmanlıq nümunələri göstərdilər. 
Tank komandiri gizir Hacı Qayımbəyov təlimlərdə, yarışlarda ən yüksək nəticələr qazanmaq üçün daima döyüş hazırlığını artırdığını dedi. "Tankçı peşəsinin sirlərinə təcrübəli, peşəkar komandirlərimin, təlimatçıların sayəsində dərindən yiyələnmişəm. Hərbi xidmətə başladığımız ilk günlərdə bəzən çətinliklərimiz olurdu. Amma bu gün heç bir çətinliklə rastlaşmırıq. Çünki mütəmadi olaraq keçirilən dərs, çalışma və təlimlərdə iştirak edirik. Qazandığımız bilik və təcrübə sayəsində istənilən döyüş tapşırığının öhdəsindən layiqincə gəlməyi bacarırıq".
Ordumuzun təcrübəli tankçılarından biri - ehtiyatda olan baş gizir, hazırda Təlim-məşq trenajorlar şəhərciyinin baş təlimatçısı, Vətən müharibəsi iştirakçısı Xaqani Əliyev bildirdi ki, müharibədə qələbə qazanmaq üçün döyüşçü öz silahının və hərbi texnikasının sirlərinə dərindən yiyələnməli, onları həmişə döyüşə hazır vəziyyətdə saxlamalı və bacarıqla istismar etməlidir. Tankçı peşəsinə yiyələnmək istəyən hərbi qulluqçu - komandir, mexanik-sürücü, tuşlayıcı-operator "dəmir at"ın hər bir detalı barədə müfəssəl biliyə malik olmalıdır. Tank əsas döyüş texnikalarından biridir. Hər bir tankçı "dəmir atı"nı silib təmizləməli, texniki vəziyyətini daima yoxlamalı, hər an çıxışa hazır olub-olmadığını diqqətlə nəzərdən keçirməlidir. 
Öyrənirik ki, Xaqani Əliyevin Azərbaycan Ordusunda 26 illik şərəfli xidmət yolu var. Füzuli, Cəbrayıl, Şuşa - Topxana meşəsi istiqamətində gedən ağır döyüşlərdə fəal iştirak edib. O, qazandığı zəngin təcrübəsini böyük həvəslə ordumuzun gənc tankçıları ilə bölüşür. Tankçılarımızdan aldığımız təəssüratlar həmişə olduğu kimi, bu gün də xoş və ürəkaçandır.
Şanlı Azərbaycan Ordusunun yenilməz tankçıları azad, firavan Vətənimizin müdafiəsində əzmlə dayanaraq, daima döyüş qabiliyyətlərini artırırlar. 

Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"